Türkiyənin xarici işlər naziri Hakan Fidanla amerikalı həmkarı Antoni Blinken arasında telefon danışığı olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Antoni Blinken arasında baş tutmuş telefon danışığında İranın İsrailə qarşı cavab hücumundan sonra bölgədəki mövcud vəziyyət müzakirə edilib.
Fidan Türkiyənin regionda böhranın genişlənməsi və yayılması ehtimalından narahatlığını diqqətə çatdırıb.
Türkiyənin XİN başçısı ölkəsinin Qəzzada böhran başlayandan bəri bunun regional münaqişəyə çevrilmə riski daşıdığını dəfələrlə bəyan etdiyinə diqqət çəkib.
Problemin kökündə Qəzzadakı müharibənin dayandığını bildirən nazir Fidan xatırladıb ki, təcili olaraq atəşkəs elan edilməli və Qəzzaya fasiləsiz humanitar yardımların çatdırılması təmin olunmalıdır, əks halda böhran böyüməkdə davam edəcək.
O deyib ki, gərginliyin artmasının qarşısını almaq üçün İsrailə təsiri olan ölkələr ən doğru mesajları verməlidirlər.