“Düşünürəm ki, Azərbaycan COP29-a uğurla ev sahibliyi edəcək”.
Senzor.az xəbər verir ki, bunu COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev deyib.
“Bu gün Azərbaycanın hədəflədiyi yaşıl artım proqramları və icra olunmuş layihələr göstərir ki, ölkə və cəmiyyət olaraq biz bu baxımdan kifayət qədər təcrübəyə sahibik.
Azərbaycan region və eləcə də digər neft-qaz ölkələri üçün də örnək olacaq. Ona görə ki, Azərbaycanda qəbul olunmuş proqramlar, 2030-cu ilə qədər hədəflənmiş 30 faizə qədər alternativ enerji mənbələrinin yaradılması, yaşıl artımla bağlı proqramların icrası və digər təcrübələrimizi də ölkələrlə bölüşməyimiz üçün COP29 tədbiri yaxşı bir fürsət olacaq”, - deyə o qeyd edib.
**
COP29-un veb-saytı bu həftə istifadəyə veriləcək.
Senzor.az xəbər verir ki, bunu Azərbaycanın COP29-a Sədrliyinin ilk mətbuat konfransında COP29 Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Carçalova bildirib.
Onun sözlərinə görə, saytdan konfrans ilə bağlı ən son yenilikləri çox rahatlıqla əldə etmək mümkün olacaq.
**
“COP29-a biznes cəlb etmək olduqca vacib məsələlərdən biridir”.
Bunu Azərbaycanın COP29-a Sədrliyinin ilk mətbuat konfransında COP29-un İqlim üzrə yüksək səviyyəli çempionu Nigar Arpadarai deyib.
O qeyd edib ki, bunun üçün biznes forumlar keçiriləcək: “Həm özəl sektora, həm də vətəndaş cəmiyyətinə çağırış edirəm ki, biz sizin təkliflərinizə açığıq. Ümumiyyətlə, özəl sektor, vətəndaş cəmiyyəti, investorlar bu prosesin parçası olmalıdır. Bizim rolumuz hökumət və qruplar arasında körpü yaratmaqdır".
**12:04
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) regionda, MDB ölkələri içərisində ilk dəfə Azərbaycanda keçiriləcək.
Bunu COP29-un müəyyən olunmuş Prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında deyib.
Onun sözlərinə görə, 2024-cü ildə həm də Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili"dir:
"Biz Azərbaycanın körpü rolu oynadığını görürük. Yəni inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü rolunu oynamaq Azərbaycan üçün böyük nailiyyətdir. Bu il COP29-da əsas mövzu maliyyə mövzusudur".
M.Babayev həmçinin bildirib ki, əsas tədbirin noyabrın 22-də keçirilməsi planlaşdırılır.
O, COP29-un komandasının da artıq təsdiqləndiyini vurğulayıb:
"Bu işin aparılmasında həm özəl, həm dövlət, həm də vətəndaş cəmiyyətinin aktiv iştirakı önəmlidir. Bununla bağlı vətəndaşlara çağırış edirik".
**11:09
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi yer məlum olub.
Senzor.az-ın məlumatına görə, Azərbaycanın ev sahibliyi edəcəyi COP29 bu il Bakı Olimpiya Stadionunda keçiriləcək.
Qeyd edək ki, COP29 bu il noyabrın 11-25-də baş tutacaq.
**
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) loqosu ictimaiyyətə təqdim edilib.
Senzor.az xəbər verir ki, təqdimat COP29-un baş qərargahında keçirilən ilk mətbuat konfransında nümayiş olunub.
Bildirilib ki, COP29 sədrliyinin çoxşaxəli təşəbbüslər toplusunu özündə əks etdirən loqoda buta, yarpaq və su damlaları simvollarının sintezinə dayanaraq təbii resursların əhəmiyyəti kontekstində ekoloji həssaslığa və Azərbaycanın zəngin mədəni irsinə xitab edilib.
Kökləri Azərbaycan tarixi-mədəni irsinə dayanan buta motivi özündə davamlılıq və innovasiyanı ehtiva etməklə yanaşı, həm də keçmişlə gələcək arasında körpu salır. Butaların birləşməsi birliyi, illüstrativ su damlaları şəklində olan butalar isə özü-özlüyundə beş fərqli elementi ifadə edir - flora və fauna, hava və külək, su, enerji və kainat.
COP29-un loqosu iqlim çağırışlarının yüksəldiyi dövrdə bəşəriyyət və ətraf mühit arasında kəsintisiz əlaqənin, ekoloji cəhətdən həssas davranış və nəticəyönumlu fəaliyyətin əhəmiyyətini əks etdirir.