Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi qərar qəbul edib.
Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması barədə məlumatla əlaqədar AZƏRTAC-ın sualını cavablandırarkən deyib.
"2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən, Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması barədə hər iki ölkənin ali rəhbərliyi tərəfindən qərar qəbul edilib. Artıq proses başlanılıb, Azərbaycan və Rusiya Müdafiə nazirlikləri həmin qərarın icrası ilə bağlı müvafiq tədbirləri həyata keçirirlər", - H.Hacıyev bildirib.
**14:04
Kreml Rusiya sülhməramlı kontingentinin Azərbaycanın Qarabağdan bölgəsindən çıxarılmasını təsdiqləyib.
Senzor.az bildirir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, başqa təfərrüatları açıqlamayıb.
Qeyd edək ki, ötən gündən etibarən Qarabağda müvəqqəti yerləşmiş Rusiya sülhməramlı kontingentinin oradan çıxması prosesi başlayıb.
Sülhməramlı kontingentə məxsus ilk heyət və hərbi texnika Kəlbəcər rayonundakı alban məbədi Xudavəng monastrının ərazisindən çıxıb.
Sülhməramlı kontingent monastr ərazisini bir neçə gün əvvəl tamamilə tərk edib.
Hazırda Xudavəng monastrını Azərbaycan polisi mühafizə edir.
Qeyd edək ki, Rusiya sülhməramlı kontingenti 2020-ci il 10 noyabrda Azərbaycan, Rusiya və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli Bəyanatdan sonra Qarabağda müvəqqəti yerləşdirilmişdi.