Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb.
Senzor.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən bildirir ki, Suqovuşan-Kəlbəcər avtomobil yolunun 9-cu kilometrindən ayrılan və 33,5 kilometr uzunluğa malik Ağdərə-Ağdam avtomobil yolunun hərəkət hissəsinin eni 9 metrdir.
Torpaq yatağının eni 15 metr təşkil edəcək yol 2 hərəkət zolaqlı II texniki dərəcəyə uyğun olaraq inşa edilir.
Hazırda avtomobil yolunda layihə üzrə torpaq işləri görülür. Belə ki, xüsusi texnikalardan istifadə olunmaqla yararsız qruntun çıxarılması və normativ hündürlüyə çatdırılması, yolun genişləndirilərək profilə salınması işləri həyata keçirilir.
Yolboyu layihəyə uyğun suların ötürülməsini təmin etmək məqsədilə müxtəlif diametrlərə malik dairəvi boru, düzbucaqlı su keçidlərinin tikintisi aparılır.
Bundan başqa, layihə üzrə Ağdam ərazisində Xaçınçay çayı üzərində 5 aşırımlı körpü də inşa edilir. Hazırda körpü dayaqlarının tikintisi icra olunur.