ABŞ Ermənistana müstəqilliyindən bəri genişmiqyaslı maliyyə dəstəyi göstərir. Bu yardımlar əsasən USAID (Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi) vasitəsilə həyata keçirilir. 1992-ci ildən 2021-ci ilə qədər ABŞ Ermənistana təxminən 3 milyard dollardan çox yardım edib. Bu yardımların sadəcə kiçik bir hissəsi "demokratiyanın möhkəmləndirilməsi, insan haqları, iqtisadi islahatlar və təhsil" sahələrinə yönəldilib.
İndi də ABŞ "Ermənistanla münasibətlərini gücləndirmək" şousu altında müxtəlif proqramlar vasitəsilə maliyyə yardımı göstərir. ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) bu yardımların əsas təşkilatıdır. USAID Ermənistanda “iqtisadi inkişaf, demokratik idarəetmə və humanitar yardımlar sahələrində fəaliyyət göstərdiyini” vurğulasa da, əsas diqqəti Azərbaycanı könüllü tərk edərək Ermənistana yollanmış qarabağlı ermənilərə ünvanlayıb.
Məhz USAİD-in yardım vədlərindən və xüsusilə də bu təşkilatın rəhbəri Samanta Pauerin İrəvana yollanaraq orada "kövrək" görüşlər keçirməsindən sonra Xankəndidəki keçmiş separatçı-terrorçu xuntanın sabiq rəhbərliyi aktivləşib.
Qarabağlı separatçı ermənilərin Ermənistanda təşkilatlanmağa başlamaları, müxtəlif "icma qurumları" və "fond"lar təsis etmələri, hərəkat yaratmağa hazırlaşmaları, İrəvanın mərkəzində ofislər və binalar icarəyə götürmələri, hətta iki binanı satın almaları təbii ki, çox ciddi maliyyə resursları tələb edir. Zəruri resursları Ermənistan hakimiyyəti vermir - qarabağlı erməniləri maliyyə vəsaiti ilə ABŞ, Avropa İttifaqı və Fransa təmin edir.
Qərbin Ermənistana ayırdığı maliyyənin çeşidinə, həcminə və rəsmən pərdələndiyi proqramlara nəzər salaq.
USAID proqramları
"İqtisadi inkişaf": Proqramda deyilir: "USAID Ermənistanda kiçik və orta biznesin inkişafını dəstəkləyir, kənd təsərrüfatı sektorunda islahatlar aparır və enerji effektivliyi layihələrini maliyyələşdirir".
"Demokratik idarəetmə": Annotasiyada yazılıb: "USAID vətəndaş cəmiyyətinin gücləndirilməsi, şəffaflığın artırılması və hüquq islahatlarının dəstəklənməsi üçün proqramlar həyata keçirir".
"Humanitar yardım": "Təbii fəlakətlər zamanı və sosial rifahın artırılması məqsədi ilə USAID humanitar yardım göstərir", - rəsmi məqsəd budur.
"Millennium Challenge Corporation" (MCC): Proqramın təqdimatında yazılıb: "MCC Ermənistanda suvarma sistemlərinin təkmilləşdirilməsi və kənd təsərrüfatının inkişafına yönəldilmiş layihələr həyata keçirir".
Fransanın Ermənistana maliyyə yardımları
Fransa, Ermənistanla tarixi və mədəni bağlara malikdir və bu əlaqələr maliyyə yardımları vasitəsilə də möhkəmləndirilir. Fransanın Ermənistana göstərdiyi maliyyə yardımları əsasən Fransa İnkişaf Agentliyi (AFD) vasitəsilə həyata keçirilir.
Fransa Ermənistana ikitərəfli yardım proqramları vasitəsilə maliyyə dəstəyi göstərir. 2020-ci ildə Dağlıq Qarabağ münaqişəsi nəticəsində yaranan humanitar vəziyyəti nəzərə alaraq, Fransa Ermənistana humanitar yardım göstərib. Bu yardım qida, dərman və digər humanitar yardımlardan ibarət olub. Həmçinin, Fransa hökuməti Ermənistanın sosial və iqtisadi inkişafına dəstək olmaq üçün müxtəlif layihələrə maliyyə ayırır.
Fransa İnkişaf Agentliyinin (AFD) proqramları:
"İnfrastruktur layihələri": "AFD su təchizatı, nəqliyyat və enerji sektorlarında iri infrastruktur layihələrini maliyyələşdirir".
"İqtisadi inkişaf və sosial dəstək": "AFD kiçik və orta sahibkarlığın inkişafına, turizm sektorunun inkişafına və sosial müdafiə proqramlarına dəstək verir".
"Fransa-Ermənistan Universiteti" (UFAR): "Fransa Ermənistanda ali təhsilin inkişafına töhfə verərək, UFAR vasitəsilə təhsil proqramlarına maliyyə dəstəyi göstərir".
Avropa İttifaqının Ermənistana maliyyə yardımları
Avropa İttifaqı Ermənistanla əməkdaşlıq çərçivəsində genişmiqyaslı maliyyə yardımları göstərir. Bu yardımlar əsasən Avropa Qonşuluq Siyasəti (ENP) və Şərq Tərəfdaşlığı (EaP) proqramları çərçivəsində həyata keçirilir.
"Avropa Qonşuluq Siyasəti" (ENP): "ENP çərçivəsində Aİ, Ermənistanda iqtisadi islahatlar, hüquq islahatları və vətəndaş cəmiyyətinin gücləndirilməsi üçün maliyyə dəstəyi göstərir".
"Şərq Tərəfdaşlığı" (EaP): "EaP Ermənistan və digər Şərq tərəfdaş ölkələrinin demokratik inkişafı, iqtisadi inteqrasiya və enerji təhlükəsizliyini gücləndirmək məqsədi daşıyır".
"Avropa İnvestisiya Bankı" (EIB) və Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD): "EIB və EBRD, Ermənistanda enerji sektorunun modernləşdirilməsi, suvarma sistemlərinin təkmilləşdirilməsi və nəqliyyat infrastrukturlarının inkişafı üçün kreditlər və qrantlar verir".
Aİ-nin dəstək proqramları
Aİ Ermənistana genişmiqyaslı maliyyə dəstəyi göstərən əsas beynəlxalq tərəfdaşlardan biridir. 2017-ci ildə imzalanan "CEPA" (Comprehensive and Enhanced Partnership Agreement) müqaviləsi çərçivəsində Aİ Ermənistanın islahat proqramlarına dəstək göstərir. Bu müqavilənin bir hissəsi olaraq Aİ Ermənistana iqtisadi, sosial və hüquqi islahatlar üçün maliyyə yardımı ayırır. 2021-ci ilin iyun ayında Aİ Ermənistana növbəti beş il ərzində 2.6 milyard avro həcmində maliyyə dəstəyi göstərəcəyini açıqlayıb. Bu dəstək rəsmi olaraq "enerji, nəqliyyat, təhsil və ictimai xidmətlər" kimi sahələrə yönəldilib.
"Tvinning" proqramı: "Aİ, Ermənistanın dövlət idarəetmə sistemlərinin Avropa standartlarına uyğunlaşdırılması üçün texniki yardım göstərir".
"Erasmus+": "Bu proqram çərçivəsində Ermənistanın tələbələri və akademik heyəti Avropa universitetlərində təhsil alır və təcrübə mübadiləsi həyata keçirirlər".
Rusiyaya qarşı pullar effektivdir?
ABŞ, Fransa və Avropa İttifaqının Ermənistana ayırdıqları külli miqdarda maliyyə, artıq yazdığımız kimi, rəsmi olaraq "ən müxtəlif iqtisadi, mədəni, humanitar və s. məqsədlərə yönəlib". Reallıqda isə Qərbin məqsədi Ermənistanın Rusiyadan asılılığını minimuma endirmək və sonucda ümumiyyətlə, aradan qaldırmaqdır.
Eyni zamanda, Cənubi Qafqaz bölgəsində Rusiyanın geosiyasi mövqelərini maksimum dərəcədə zəiflətmək, Rusiyanı regiondan sıxışdırıb çıxarmaq üçün Ermənistan Qərb üçün hazırda az qala "ideal vasitə" rolunu oynayır.
Təbii ki, belə sual yaranır: Rusiyaya qarşı Qərbin pulları effektivdirmi?
Cavab sadədir: yox. Situasiyanı anlamaq üçün Rusiya-Ermənistan əlaqələrinin zahiri yox, kölgədə qalan məqamlarından yalnız birinə nəzər salaq.
Ukraynadakı hərbi əməliyyatlara görə Qərbin tətbiq etdiyi 12 (!) paketli sanksiyalardan yayınmaq üçün Rusiya bir sıra ölkələrdən, o cümlədən Ermənistandan tranzit məkan qismində aktiv istifadə edir.
Daha dəqiq olsaq, Avropa İttifaqı ölkələrinə almaz və brilyant bəzəkli zərgərdik məmulatlarını, habelə təbii və sintetik almazları satmaq üçün Ermənistan hazırda Rusiya üçün ən "sərfəli" məkanlardan biridir.
Məhz bu səbəbdən Avropa İttifaqı digər ölkələrdə emal olunmuş və cilalanmış Rusiya almazlarına qarşı tam yasağı bu ilin sentyabrın 1-dən reallaşdırmaq niyyətindədir.
Rusiya isə Ermənistan vasitəsilə Avropa İttifaqı ilə yanaşı, dünya bazarlarına almaz və brilyantlarla bərabər qızıl da satır.
Rəsmi statistikaya görə, Ermənistan ötən il Rusiya istehsalı olan 1,8 milyard dollarlıq qızıl, 589 milyon dollarlıq brilyant ixrac edib. Bu rəqəmlər Ermənistan iqtisadiyyatı üçün rekord sayıla bilər.
2024-cü ilin ilk üç ayında Rusiyadan Ermənistana 2,5 milyard dollarlıq qızıl, 185 milyon dollarlıq brilyant ötürülüb. Ermənistanda "almaz emalı" da 31 faiz həcmində, çox sürətlə artıb.
İş o yerə çatıb ki, Ermənistan 4,5 milyon karat almaz ixrac edib: kiçik ölkədə heç bir halda bu həcmdə almaz yoxdur və ola da bilməz.
Ötən ilin noyabrından bəri isə Rusiya Ermənistan vasitəsilə dünya bazarlarına 4 milyard dollarlıq qızıl çıxarıb.
Rusiyadan qızıl, almaz və brilyantların Ermənistana, oradan da Birləşmiş Ərəb Əmirliklərinə və Çinə nəqli prosesi sürətlə davam edir. Dubay və Honkonqa qızıl, almaz və brilyantın təkrar ixracı nəticəsində ötən ilin əvvəlindən bəri Ermənistanın BƏƏ və Çinə ixracatında anomal artım müşahidə olunur.
Rusiyanın almazlarını və brilyantlarını dünya bazarına çıxaran Ermənistan şirkətləri arasında ilk yeri "ADM Diamonds LLC" tutur. Şirkət Ermənistanda iqtidarda olan "Mülki müqavilə" Partiyasının mənsubu, deputat Xaçatur Sukiasyana məxsusdur.
Digər şirkət Ermənistanda yaşayan Rusiya vətəndaşı Vithalbhaem Ramaniyə məxsus "VDA Diamonds LLC"dir.
Üçüncü şirkət isə Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Hakopyanın qohumlarına məxsus "Dimex Capital"dır.
… Beləliklə, yalnız Rusiyanın dünya bazarlarına qızıl, almaz və brilyant çıxarmasında təkrar ixracatçı-vasitəçi rolunu oynamaqla Ermənistan hər il yüz milyonlarla dollar gəlir əldə edir.
Sanksiyadan yayınmağa çalışan Moskvanın digəri məhsullar, mallar və resurslarla bağlı ixracat əməliyyatları, habelə Qərb sanksiyaları ilə yasaqlanmış mallar, məhsullar və texnologiyaları əldə etmək üçün reallaşdırdığı əməliyyatların məkanları sırasında Ermənistanın əhəmiyyətli yer tutduğunu nəzərə alsaq, rəsmi İrəvanın Rusiyadan əldə etdiyi gəlirlərin illik həcmi 2-2,4 milyard dollar təşkil edir.
Qərb hər il bu məbləği Ermənistana vermir və təqdim etmək niyyətində də deyil.
ABŞ, Fransa və Avropa İttifaqı Ermənistana ən müxtəlif adlarla ünvanladığı maliyyə yardımlarının böyük qisminin hazırda "Ermənistanın dövlət büdcəsində yaranmış kəsirin aradan qaldırılmasında dəstək" adı ilə sərf edir.
Proses çox pis pərdələnmiş oyundur, çünki Qərbin ermənilərə ünvanladığı messiic bəsitdir: "Siz rahatlıqla silahlanın, büdcədən silah-sursatın və hərbi texnikanın alınmasına külli miqdarda vəsait sərf edə bilərsiniz, yaranmış kəsiri biz aradan qaldıracağıq".
Vaşinqton, Paris və Brüssel rəsmiləri Ermənistana ayrılan yardımların hərbi texnika və silah tədarükü məqsədli olmadığını bəyan edirlər.
Ola bilər.
Ermənistan dövlət büdcəsində kiçik və orta sahibkarlığın dəstəklənməsi, humanitar və sosial proqramlar, təhsil, səhiyyə və s. üçün nəzərdə tutduğu vəsaiti rahatlıqla remilitarlaşmaya sərf edir, yaranmış "boşluq" isə Qərbin ayırdığı "qeyri-militar məqsədli maliyyə yardımları" vasitəsilə doldurulur.
Fəqət ermənilərin sürətlə silahlandırılması Qərbin planlarına tam əks nəticələr verəcək.
Vaşinqton-Paris-Brüssel triosu bunu nə qədər tez anlayarsa, bir o qədər yaxşıdır.