Ermənistan 1990-cı illərdə bir hamidən və havadardan tam asılı idisə, indi rəsmi İrəvana nəyi, nə zaman və necə etməyi göstəriş verən, əmrlər səsləndirən güclərin sayı bir neçədir.
Eyni vaxtda bir neçə kətildə oturmağa çalışan Nikol Paşinyan hazırda çox mürəkkəb akrobatik etüdlər icra etmək məcburiyyətindədir.
İranın yeni prezidenti Məsud Pezişkianın andiçmə mərasiminə qatılmaq üçün Tehrana yollanmış Ermənistanın baş naziri Nikol Paşinyan dünən İranın ali dini lideri ayətullah Seyid Əli Xamenei tərəfindən qəbul olunub.
Görüşdə Ə.Xamenei deyib: "Cənubi Qafqaz bölgəsində əcnəbilərə qonşulara qarşı məhdudiyyətlər yaratmağa imkan vermək olmaz. Ölkələrin təhlükəsizliyi ilə rifahı onların özlərinə və yaxınlarına istinadən təmin olunur".
İranın ali dini lideri bu minvalla N.Paşinyana açıq şəkildə bəyan edib ki, Ermənistanın İranla münasibətlərinə Qərb məhdudiyyətlər tətbiq etmək istəyir və bu maneələr xüsusilə müdafiə ilə təhlükəsizlik sahələrinə şamil olunur.
Rəsmi Tehran Ermənistan ərazisində daha çox geosiyasi, siyasi, iqtisadi, maliyyə, hərbi və s. təsir imkanlarına yiyələnmək, xüsusilə də mövcudluğunu gücləndirmək fikrindədir.
İrəvan isə Tehranın "təklif"lərini qəbul etmir, daha doğrusu, edə bilməz, çünki ABŞ, Fransa və Avropa İttifaqına davranışını, qərarlarını izah edə bilməyəcək.
Birinci Qarabağ Müharibəsinin başladığı ilk dövrlərdə, 1990-cı illərdə Ermənistan Azərbaycan ərazilərinin 20 faizinin işğalı prosesinə start verəndə onun bir hamisi və havadarı vardı - Boris Yeltsinin idarə etdiyi Rusiya.
B.Yelstin hakimiyyəti Ermənistana külli miqdarda silah və hərbi texnikanı hədiyyə etdi, ermənilərin ordusunu tam silahlandırdı, İrəvanıın çökmüş iqtisadiyyatını normal hala gətirməyə çalışdı.
Ermənistana nəzarət uğrunda mübarizəyə sonradan İran, Fransa və ABŞ qatıldılar. Fransa ilə ABŞ Qarabağ münaqişəsinin dinc danışıqlar yolu ilə nizamlanmasına yönəldiyini bəyan etdikləri ATƏT-in Minsk Qrupunu yaradaraq, Rusiyanı da bu struktura həmsədr ölkə qismində daxil etdilər və bu minvalla Ermənistan vasitəsilə Cənubi Qafqazdakı proseslərin idarəsinə çalışdılar.
Əsas məqsəd status-kvonu qorumaq, Azərbaycanı aşağılayıcı "sülh müqaviləsi"nə vadar etmək, Qarabağdakı separatçı-terrorçu rejimi qoruyub saxlamaq və bu minvalla Bakıya daimi təzyiq vasitəsinə yiyələnməkdi.
Minsk Qrupu çərçivəsində tam 30 il davam edən "danışıqlar" heç bir nəticə vermədi, verə də bilməzdi.
Əvəzində həmin illərdə ABŞ, İran və Fransa arasında ermənilərə nəzarət uğrunda ciddi rəqabət başlandı.
İran bütün cəhdlərinə rəğmən, bu qarşıdurmada uduzdu, amma geri çəkilmədi.
İranın ali rəhbəri Ə.Xameneinin dünən N.Paşinyanla görüşdə söylədiyi baha bir fikir maraqlıdır.
"İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir", - İranın ali dini lideri söyləyib.
O, Ermənistanın ərazi bütövlüyünün vacibliyini vurğulayıb və qeyd edib ki, Ermənistan-İran münasibətləri digər ölkələrin siyasətindən asılı olmayaraq, qarşılıqlı maraqlar əsasında inkişaf edəcək. O, həmçinin əlavə edib ki, xarici dövlətlər qonşu dövlətlər arasında münasibətlərə qarışmamalıdır.
İranla münasibətləri tam korlamamaq və ən əsası, ölkə daxilindəki şovinistlərlə millətçiləri ifrat dərəcədə "sinirləndirməmək", habelə Qərbdən daha çox preferensiyalar əldə etmək ümidi ilə Nikol Paşinyan Ermənistanı "transregional və beynəlxalq nəqliyyat-loqistika marşrutlarının kəsişməsinə çevirəcək" layihəni - "Sülh yolayrıcı"nı təqdim etmişdi.
Daha sonra Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan "alternativ təklif"lə çıxış edərək Zəngəzur dəhlizinin əvəzinə Qazax-İcevan marşrutunu təklif etdi.
ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) direktoru Samanta Pauer isə İrəvanda səfərdə olarkən "Ermənistanın nəqliyyat strategiyasının hazırlanması üçün Vaşinqtonun gərəkli vəsaiti ayıracağını" bildirdi.
Göründüyü kimi, Ermənistanın maraqlarına nəyin cavab verdiyini, nəyinsə ermənilərin mənafelərinə zidd olduğunu onlar yox, İrəvanı kontrol altına almağa çalışan güclər müəyyənləşdirir.
Tehranda səslənən "İran hələ də Zəngəzur dəhlizi ideyasının Ermənistanın maraqlarına cavab vermədiyi qənaətindədir" ifadəsinin "Düşünürük ki, sülh sazişinin ən qısa müddətdə imzalanması Ermənistanın maraqlarına cavab verir" bəyanatı, "Ermənistanın maraqları onun bizimlə əlaqələri daha da möhkəmləndirməsini tələb edir" açıqlaması,"Ermənistanın maraqları müxtəlifdir, aydındır, onları sadalamağa zərurət görmürəm" filippikası və ya "Ermənistandan vasitə kimi istifadə olunması onun maraqlarına ziddir" ilə eyni məcradadır.
İlk bəyanat İranın ali dini liderinə məxsusdursa, sonrakı açıqlamaların müəllifləri ABŞ-ın dövlət katibi Entoni Blinken, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen, Fransa prezidenti Emmanuel Makron və Rusiyanın XİN başçısı Sergey Lavrovdur.
Tehran, Vaşinqton, Brüssel, Paris, Moskva - İrəvanın maraqlarını onlar "müəyyənləşdirir"lər və hər biri də özünü Ermənistanın "təhlükəsizlik qarantı" hesab edir.
Bir daha xatırladaq ki, əgər 1990-cı illərdə Ermənistan suverenliyini və müstəqilliyini könüllü olaraq Rusiyaya "hədiyyə" etmişdisə, 44 günlük İkinci Qarabağ Müharibəsindəki darmadağından və kapitulyasiyadan sonra İrəvan müstəqilliyinin qalıqlarını hərraca çıxardı. Nikol Paşinyan Ermənistan üzərində nəzarət rıçaqlarının müqabilində qarabağlı ermənilərin separatizminin dəstəklənməsini, hakimiyyətinin qorunmasını və iqtidarının təhlükəsizliyinin təminatını istəmişdi.
Qarabağlı ermənilər Azərbaycanı kütləvi şəkildə, könüllü tərk edərək Ermənistana yollanandan sonra İrəvanın geosiyasi hərrac müstəvisindəki önəmli saydığı vasitələrdən biri puç oldu.
Əvəzində həmin "vasitə" üçün Ermənistan hakimiyyətinin "hami"lər qarşısındakı öhdəlikləri qaldı.
ABŞ-ın Ermənistana yeni maliyyə ilində 65 milyon dollar həcmində yardım ayırması da bəhs olunan məcradakı hadisələrdən biridir.
Nikol Paşinyan administrasiyasının Qərbə meyilli siyasət yürütməsi və xüsusilə də 2023-cü ilin payızından sonra Vaşinqton, Paris və Brüssellə təmasları sürətləndirərək intensivləşdirməsi ABŞ-da belə bir illüziya yaradıb ki, Cənubi Qafqazın geosiyasi xəritəsini yenidən formalaşdırmaq olar. Vaşinqton ümid edir ki, Gürcüstan, Azərbaycan və Ermənistana təzyiqlərlə təsirlər edərək onları sürəkli gərgin vəziyyətdə saxlamaq Birləşmiş Ştatlara bölgədə əsas güc mərkəzi roluna yiyələnməyə, Tbilisi və İrəvandakı hakimiyyətləri marionetlərə çevirməyə, başqa geosiyasi güclərin regiona təsir imkanlarını minimallaşdırmağa imkan verəcək.
Əfsuslar olsun ki, Ermənistanın indiki hakimiyyəti ölkənin suvereniteti ilə dövlət idarəetmə institutlarına nəzarət funksiyalarını "hami"lərə, yəni Vaşinqton-Parsi-Brüssel triosuna verir. İş o yerə çatıb ki, ölkənin müdafisinin və təhlükəsizliyinin təminatı ilə də bu üçlüyün məşğul olması barədə ermənilərin tam əksəriyyətində çox təhlükəli, eyni zamanda, tam yanlış illüziyalar formalaşıb.
Qərbin tətbiq etdiyi çoxsaylı sanksiylardan yayınmaq üçün Rusiyanın tranzit ixrac və idxal məkanı qismində istifadə etməsindən dolayı külli miqdarda gəlir əldə etməsinə rəğmən, sürətlə silahlandığına görə əhəmiyyətli büdcə kəsirinə malik Ermənistan üçün amerikalıların ayırdıqları 65 milyon dollarlıq yardım önəmli maliyyə vəsaiti deyil.
Amma mühüm olan məbləğ yox, istək və cəhddir. Vaşinqton tədricən Ermənistanı maliyyə yardımları və dotasiyaları "dopinq"inə alışdıraraq xarici maliyyə yardımlarının həcminin artırılmasına, İrəvanın kənardan birbaşa təlimatlarla diqtə əsasında davranmasına nail olmaq istəyir.
Ermənistanda remilitarizasiya prosesi getdiyindən və Qərb ermənilərin ordusunun qalıqlarını normal silahlı qüvvələrə çevirməyə çalışaraq sürətlə silahlandırdığından "müdafiə" sərfiyyatı Ermənistanın dövlət büdcəsinin xərclərinin önəmli hissəsini təşkil edir.
Sürətlə silahlanan Ermənistan isə təbii ki, bütün Cənubi Qafqazda stabilliklə təhlükükəsizliyin pisləşməsinə, destruktiv təmayüllərin süni şəkildə güclənməsinə səbəb olur.
Avropa İttifaqının, ABŞ-ın və xüsusilə də Fransanın hərbçilərini öz ərazisində yerləşməsinə asanlıqla razılıq verən, amerikalılarla birgə hərbi təlimlər keçirən Ermənistan Yunanıstan, Fransa, Belçika və Hindistandan külli miqdarda silah-sursatla hərbi texnika tədarük edir. Proses Ermənistanı bir zamanlar Rusiya və İranın yaxın müttəfiqi olan dövlət durumundan Moskva ilə Tehranın bölgədəki geosiyasi maraqlarına qarşı çıxan, subregionaol gücləri Cənubi Qafqaza gətirən ölkəyə çevirib.
Şübhə yoxdur ki, İran və Rusiya ermənilərin son təşəbbüslərini, qərarlarını və açıqlamalarını ciddi təhlil edirlər. Rusiya ilə İran Ermənistanın belə mövqeyini Cənubi Qafqazla bağlı geosiyasi strategiyalarında mütləq nəzərə alacaqlar.
O halda Ermənistanı nə gözləyir - təxmin etmək çətindir…
Elçin ALIOĞLU(Trend)