Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi ötən gün keçirdiyi brifinqdə bildirib ki, Üçtərəfli işçi qrup Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirməli olan marşrutu müzakirə edir. Məlumata görə, Azərbaycanın qərb rayonlarını Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməli olan marşrut Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Cənubi Qafqazda bütün iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə Üçtərəfli işçi qrupu çərçivəsində müzakirə olunur.
Prinsip etibarilə belə bir danışığın baş tutması gözlənilirdi. Bunun üçün xronoloji ardıcıllıqla baş verən son üç hadisəyə nəzər yetirmək lazımdır:
1. Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri;
2. V.Putinin bu səfərdən sonra Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığı;
3. V. Putinin N. Paşinyanla telefon danışığından sonra Prezident İlham Əliyevə zəng etməsi.
V. Putin anlayır ki, Ukrayna ilə müharibə uzanır. Kursk basqını isə göstərdi ki, Kiyev gözlənilməz zərbələr endirə bilər. Ən əsası Rusiya belə ani hücumlara hazır deyil. Rusiya üçün indiki vəziyyətdə Cənubi Qafqazdakı maraqlarını qorumaq çətindir. Lakin bütövlükdə bu maraqları başda ABŞ olmaqla Qərbə itirməyi də gözə ala bilməz. Rusiya əslində Ermənistanla Azərbaycan arasında sülh prosesində vasitəçi kimi iştirak etmək prosesini öz reallıqları fonunda tənzimləmək istəyir. Amma Ukrayna bataqlığı bunu imkansız edir.
Kreml ən yaxşı halda regional kommunikasiyaların açılması məsələsinə fokuslanaraq dividentlər əldə etməyə çalışır. Daha dəqiq desək, Rusiya bizim Zəngəzur dəhlizi dediyimiz bölgəyə nəzarət etmək arzusundadır. Kreml bunun üçün 2020-ci il 10 noyabr üçtərəfli bəyanatına istinad edir. Təbii ki, bu məsələ Bakı və İrəvanın maraqlarına ziddir. Başqa cür desək, İrəvan və Bakı, Moskvanın dəhlizdən və ya bölgədən istifadəsinə razıdır, amma nəzarət etməsinə razı deyil. Çünki Rusiyanın gücünün azaldığı hazırkı məqamda dəhlizə nəzarət etməsi Bakı və İrəvan üçün riskli olmasa da gələcəkdə Rusiyanın gücünü topladığı bir zamanda bu nəzarət güclənə, hətta yeni münaqişənin yaranmasına səbəb ola bilər.
Bakı indiki məqamda prosesləri yüz ölçüb, bir biçir. Bəli, Rusiyanın dəhlizə nəzarəti özlüyündə risk faktorları ehtiva edir, amma ABŞ və Qərbin son zamanlar Ermənistanda artan hərbi varlığı da danılmaz reallıqdır. Bu reallıq Bakı üçün təhdid yaratmasa da Ermənistanı cəsarətləndirdiyi bir həqiqətdir. Bundan başqa, dəhlizə yenə Qərbin nəzarət etmə riskləri də var.
Yəni qısası, dəhlizə ABŞ-ın, Qərbin nəzarət etməyindənsə Azərbaycanın strateji tərəfdaşı və müttəfiqi olan Rusiyanın nəzarət etməsi daha məqbuldur. Bakının bu yanaşması müəyyən mənada Qarabağda vaxtı ilə fəaliyyət göstərən sülhməramlıların fəaliyyətinə göstərdiyi tolerantlıqla bənzərlik təşkil edir. Ehtimal ki, Bakı Ukrayna-Rusiya müharibəsinin davam etməsi fonunda Moskvanın uzun müddət dəhlizə nəzarət edə bilməyəcəyini düşünür. Bu vaxta qədər isə İrəvanla sülh əldə edilə, dəhlizin statusu nəzarət məsələləri ikili müzakirələr ilə tam həll edilə bilər.
Turan Rzayev,
politoloq