Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana səfəri, Prezident İlham Əliyevlə görüşməsi, habelə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı fonunda Zəngəzur dəhlizi ətrafında aktivləşmə müşahidə edilir. Xüsusilə rəsmi Bakı son bir neçə ayda apardığı intensiv və məhsuldar danışıqlarla koridorun açılması üçün regionda marağı olan bir çox ölkənin dəstəyini ala bilib. Bununla belə, həm Cənubi Qafqazda, həm də böyük güclər arasında Zəngəzur dəhlizinin açılmasını istəməyən ölkələr var. Dəhlizin açılmasını istəyən və istəməyən ölkələr onsuz da geosiyasi müstəvidə qütbləşirdi. Zəngəzur dəhlizi isə bu qütbləşməni daha da kəskinləşdirib.
Sual yaranır: Zəngəzur dəhlizinin açılmasını istəyən və istəməyən ölkələr hansılardır? Onların marağı, hədəfi və narahat edən maraqlar nələrdir?
Hesab edirəm, bu suallara cavab tapmaq üçün Zəngəzur dəhlizinin açılmasını istəyən ölkələrə həm Cənubi Qafqaz, yəni regional kontekstdə, həm də böyük güclər, yəni geosiyasi kontekstdə baxmaq lazımdır.
Qeyd edim ki, Azərbaycan və Ermənistanın məsələyə baxışı aydın olduğu üçün bu iki ölkənin mövqeyi yazıda əks olunmayacaq.
Gürcüstanın Zəngəzur dəhlizinə baxışı ehtiyatlıdır. Yəni rəsmi Tbilisi dəhlizin açılmasına qarşı olmasa da, narahatlığı var. Gürcüstanı narahat edən başlıca məsələ Zəngəzur dəhlizinin açılması və Ermənistanla Azərbaycanın sülh müqaviləsi imzalaması fonunda regional əhəmiyyətini itirməsidir.
Mövcud şərtlər daxilində Azərbaycan neft və qaz layihələrini Gürcüstanla icra edir. Bunun müqabilində Tbilisi həm gəlir əldə edir, həm də qeyd olunan təbii sərvətləri ucuz ala bilir. Zəngəzur dəhlizinin açılması fonunda isə Bakı bütün bunları həm də Ermənistanla edə bilər.
Türkiyə Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə istəyir. Ankaranın məsələyə baxışı Avropaya nəql ediləcək neft və qazın həcminin artması ilə bağlıdır. Daha dəqiq desək, Türkiyə Osmanlının bir zamanlar Baharat və İpək yoluna nəzarəti fonunda Qərbə qarşı etdiyi təzyiqi indi neft, qazla etməyi düşünür.
Düzdür, Türkiyə Avropaya neft, qaz nəql etmir, amma Zəngəzur dəhlizinin açılması fonunda Bakının yeni layihələrlə nəql ediləcək neft və qazın həcmini artıracağını bilir. Türkiyə isə bunun Avropaya daşınmasında ötürücü ölkə kimi söz sahibi olmaqla Qərbə qarşı təzyiq rıçaqları əldə etməyi arzulayır. Bundan başqa, Bakının neft və qazın nəqlini artırması Türkiyənin də enerji asılılığına son verə bilər.
İran Zəngəzur dəhlizinin açılmasını birmənalı şəkildə istəmir. Tehranın məsələyə baxışı həm narahatlıq, həm də maraqlar kontekstində diqqət çəkir. Belə ki, İran dəhlizin açılması fonunda regionda sərhədlərin dəyişəcəyini düşünür. Bu isə öz növbəsində Tehranın Avropaya əsas çıxışının bağlanması deməkdir. Bundan başqa, Ermənistan ilə sərhəd İran üçün illeqal fəaliyyətlər üçün də vacibdir. Söhbət qanunsuz silah və narkotik dövriyyəsindən gedir. Tehran Ermənistan üzərindən Avropa ilə bu iki qanunsuz ticarəti aparır və nəticədə milyonlarla dollar vəsait əldə edilir.
Təbii ki, Tehranı narahat edən digər faktor da Azərbaycanla bağlıdır. Dəhlizin açılması fonunda Bakının güclənəcəyini bilən Tehran Qarabağ, Zəngəzurdan sonra hədəfin Cənubi Azərbaycan olacağını düşünür. Xüsusilə Ankara və Bakının bu istiqamətdə konkret plan üzrə hərəkət etdiyi fikri Tehranı siyasi paranoyaya salır.
Rusiya Zəngəzur dəhlizinin açılmasını istəyən əsas ölkələrdəndir. Kremlin məsələyə baxışı regional kommunikasiyalara nəzarət etməkdir. Ukrayna ilə müharibə kontekstində Qərbin sanksiyaları Kremlin gəlirlərinə ciddi təsir edib. Rusiya həm Qərbə qarşı təzyiqləri artırmaq, həm də əlavə nəfəslik əldə etmək üçün dəhlizin açılmasını istəyir. Onu da qeyd edim ki, 10 Noyabr bəyanatına görə, dəhlizin təhlükəsizliyini Rusiya təmin etməlidir.
Nəticə etibarilə Türkiyə, Rusiya Zəngəzur dəhlizinin açılmasını arzulayır, İran qarşı çıxır, Gürcüstan isə ehtiyatlı yanaşır. Lakin regional aktorlardan əlavə, dəhlizin açılmasına təsir edəcək əsas faktor geosiyasi aktorlardır.
Misal üçün, Çin dəhlizinin açılmasını istəyir. Pekin bunu “Bir kəmər, Bir yol” layihəsinin tərkib hissəsi olaraq görür. ABŞ isə dəhlizin açılmasında vəziyyətə görə hərəkət edir. Yəni açılma ehtimalı artdıqca qarşı çıxır.
Avropada dəhlizin açılmasında maraqlı olan əsas aktorlar Böyük Britaniya və İtaliyadır. Qarşı çıxan ölkə isə Fransadır. Makron hakimiyyətinin dəhlizə baxışı, yanaşması neqativdir.
Ümumiyyətlə, Zəngəzur dəhlizinin açılma ehtimalı hazırda 50 faizin üzərindədir. Təbii ki, bunun dəhliz və ya yol prinsipi ilə olacağı hələlik bəlli deyil. Bundan başqa, dəhlizə kimin nəzarət edəcəyi də fikir ayrılığı yaradan məqamlardandır.