
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır.
Senzor.az bildirir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Moldova Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birlikdə Bakıda mətbuat üçün brifinqdə deyib.
Nazir bildirib ki, Prezident İlham Əliyev İrandan diplomatik heyətin tam çıxarılmasına qərar verib: "Bu proses həm Tehrandakı səfirlik, həm də Təbrizdəki baş konsulluğa şamildir. Hazırda bu istiqamətdə iş aparılır".
C.Bayramov həmçinin əlavə edib ki, bundan sonra hadisələr diqqətli şəkildə izləniləcək: "İranın vədinə əsasən araşdırmanın nəticəsini gözləyəcəyik və buna uyğun qərar veriləcək, addımlar atılacaq".
Xatırladaq ki, martın 5-də Naxçıvan Beynəlxalq Hava Limanına dron hücumu olub. İran ərazisindən uçan dron aeroportun binasına və Babək rayon Şəkərabad kənd tam orta məktəbin yaxınlığına düşərək partlayıb.
Hadisə nəticəsində 4 mülki şəxs xəsarət alıb. Azərbaycan Xarici İşlər Nazirliyi hadisə ilə bağlı bəyanat yayaraq İran İslam Respublikası tərəfindən qısa müddət ərzində qeyd olunan məsələyə aydınlıq gətirilməsini, buna izahat verməsini və bu kimi halların gələcəkdə təkrarlanmaması üçün zəruri təxirəsalınmaz tədbirlər görməyi tələb edib.
İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçilu Xarici İşlər Nazirliyinə çağırılıb. İran tərəfinə kəskin etiraz bildirilib.