
Xəbər verdiyimiz kimi, martın 8-də İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
"Haber Global" öz canlı efirində bu mövzuya xüsisi diqqət yetirib.
Türkiyəli politoloqlar Prezident Məsud Pezeşkianın Azərbaycan dövlət başçısına minnətdarlıq bildirməsini və Naxçıvanın havadan atəşə tutulması ilə bağlı insidentin araşdırılması məsələsini vurğulayıblar.
Qeyd olunub ki, İlham Əliyevin İranın sabiq Ali lideri Əli Xameneinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsi, həmçinin İrana humanitar yardım təklif etməsi olduqca zamanında və yerində atılmış addım idi. Eyni zamanda, Naxçıvanın dron hücumuna məruz qalmasından sonra istər Azərbaycan Prezidentinin, istərsə də Azərbaycan xarici işlər nazirinin bəyanatları təqdir olunub.
Şərhçilər Levent Ersin Orallı və Eray Güçlüer Türkiyə və Azərbaycanın bölgədə güc sahibi olduqlarını bir daha bəyan ediblər və xüsusi vurğulayıblar ki, ölkələrimizi regional münaqişələrə çəkmək istəyən qüvvələrin istəkləri həyata keçməyəcək.