
Azərbaycanlı jurnalist Əfqan Muxtarlı 2017-ci ildə Tbilisidə oğurlanıb və “Gürcü Arzusu”nun təsisçisi Bidzina İvanişvilinin əmrilə zorla Bakıya aparılıb.
Senzor.az Turan-a istinadən bildirir ki, bu şok açıqlama ilə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) rəhbərinin keçmiş müavini Soso Qoqaşvili çıxış edib.
Qeyd olunur ki, S.Goqaşvili bu məlumatı iyulun 26-da Rustavidə cəza çəkdiyi həbsxanadan göndərib. Goqaşvilinin məktubu sosial şəbəkədə onun səhifəsində dərc edilib. 
S.Qoqaşvili bildirir ki, bu iş üzrə bütün sübutlar Dövlət Təhlükəsizliyi Xidmətinin Əməliyyat-Texniki Departamenti tərəfindən məhv edilib.
Xatırladaq ki, Əfqan Muxtarlı 2017-ci ilin mayında Gürcüstanın güc strukturları tərəfindən oğurlanaraq Azərbaycan tərəfinə təhvil verilib. Onu Bakıya gətiriblər və 2018-ci ilin yanvarında sərhədi qanunsuz keçmək, qaçaqmalçılıq və hakimiyyət nümayəndəsinə müqavimət göstərmək ittihamları ilə altı il müddətinə azadlıqdan məhrum ediblər.
2020-ci il martın 17-də məhkəmə Ə.Muxtarlının cəzasını yüngülləşdirib, o azad olunub və Almaniyaya mühacirət edib. 
Ə.Muxtarlı S.Qoqaşvilinin məlumatına reaksiya verərək bildirib ki, özünün oğurlanması işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş rəis müavininin dindirilməsinə nail olmaq niyyətindədir.
"Hüquqşünasla məsləhətləşdikdən sonra biz necə hərəkət edəcəyimizə qərar verəcəyik. Biz mütləq Soso Qoqaşvilinin prokurorluqda ifadə verməsinə çalışacağıq", - Əfqan Muxtarlı bildirib.