
Bir neçə gün əvvəl Ankaradakı Qazi universitetinin professoru, rejissor, yazıçı və şair, Azərbaycanın xalq artisti Əflatun Nemətzadə Bakıda ona qarşı mənzillə bağlı dələduzluq edildiyindən şikayət etmişdi.
Əflatun Nemətzadənin şikayətini haqqın.az saytı işıqlandırmışdı.
Qeyd olunmuşdu ki, Yazıçılar Birliyinin üzvü Ə.Nemətzadə 2017-ci ildə Ankarada olarkən Azərbaycan səfirliyindən ona zəng edilib və “Fədək” mənzil-tikinti kooperativinin nümayəndəsi onunla görüşmək istədiyini bildirib. Nümayəndənin professorla görüşmək istəməsinə səbəb isə onun Bakıda sahib olduğu mənzil olub. 


Ə.Nemətzadənin sözlərinə görə, həmin şəxslə görüşdükdə şirkət nümayəndəsi professora müqavilə təqdim edib. Həmin müqaviləyə əsasən, professor Bakının Nəsimi rayonunda sahib olduğu mənzilinin yerləşdiyi evin sökülməsinə icazə verir və bunun müqabilində həmin ərazidə inşa olunacaq çoxmərtəbəli binada geniş əraziyə malik mənzil əldə edir.
Sayt yazır ki, müqaviləyə əsasən, Nemətzadəyə yeni inşa olunan binada 20 kvadratmetr əlavə tikili ilə 118 kvadratmetr sahəsi olan yeni mənzil verilməli idi. Lakin daha sonradan şirkətin rəhbəri dəyişdiyindən əvvəlki layihə də ləğv olunub və yenisi hazırlanıb. Yeni layihəyə əsasən isə sakinlərə əlavə ödəniş qarşılığında 140-150 kvadratmetr sahəli mənzillər təklif olunub. Nəticədə isə Nemətzadə mənzilsiz qalıb.
Bunun ardınca, Ə. Nemətzadə Prezident İlham Əliyevlə şəxsən tanış olduğunu bildirərək ondan kömək istəyib. Professorun üzləşdiyi problem işıqlandırıldıqdan sonra onun məsələsinə tez bir zamanda reaksiya verilib.
Prezidentin göstərişi əsasında, bu məsələ dövlət orqanları tərəfindən nəzarətə götürülüb və öz həllini tapıb. Belə ki, Əflatun Nemətzadə ilə ona böyük əraziyə malik mənzilin verilməsi ilə bağlı yeni müqavilə imzalanıb.
Bununla yanaşı, ev inşa olunana qədər Ə.Nemətzadə üçün mənzil icarəyə götürüləcək. Həmçinin professorun əvvəlcədən “Fədək” şirkətinə ödədiyi 10 min manat vəsaiti də geri qaytarılıb.
Senzor.az-ın məlumatına görə, Əflatun Nemətzadə haqqin.az-a növbəti açıqlamasında Azərbaycan Prezidentinə minnətdarlığını bildirib.