
ABŞ Dövlət Departamentinin mətbuat xidmətindən bildirilib ki, ABŞ Azərbaycan və Ermənistan arasında birbaşa dialoqa töhfə vermək istəyir: “Cənubi Qafqazda regional nəqliyyat əlaqələrinin yaxşılaşdırılması regional iqtisadi artım perspektivlərinə müsbət təsir göstərə və Ermənistanla Azərbaycan arasında hərtərəfli sülhə şərait yarada bilər”, - deyə Dövlət Departamentindən vurğulayıblar.
Vaşinqton Bakı ilə İrəvan arasında əlaqələrin normallaşması istiqamətində son vaxtlar xüsusi fəallıq nümayiş etdirir. Xatırladaq ki, iyulun 25-də ABŞ-ın Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Söhbət zamanı E.Blinken qeyd edib ki, ABŞ Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır. Dövlət katibi, həmçinin ABŞ-ın Ermənistan və Azərbaycan arasında nəqliyyat əlaqələri və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstək verməyə hazır olduğunu bildirib.
Ağ Evin səmimi olduğunu düşünmürəm. Sadəcə Rusiya ilə Ukrayna arasında davam edən müharibə ABŞ üçün əlverişli fürsət yaradıb. Daha doğrusu, savaşın "rejissoru"nun məhz Qərb olduğunu nəzərə alsaq, bu proseslər də həmin "ssenarinin" davamı kimi qiymətləndirilməlidir. ABŞ vasitəçilik təşəbbüsü ilə ilk növbədə Rusiyanın Cənubi Qafqazdakı təsir gücünü azaltmaq niyyətindədir. Ağ Ev istəyir ki, savaş başa çatandan sonra Kremlin regiona təsir imkanı olmasın. İkincisi, ABŞ bu yolla Rusiyanı qonşularının dəstəyindən məhrum etməyə çalışa bilər. Bildiyiniz kimi, Azərbaycan indi savaşla bağlı neytral mövqe sərgiləyir. Bəlkə də, Vaşinqton istəyir ki, bu yolla Bakının diqqətini çəksin. Yəni Ağ Evdə ABŞ-ın jestinə cavab olaraq Azərbaycanın tamamilə Rusiyadan üz çevirəcəyini düşünmələri istisna deyil. Vaşinqtonun səylərini qiymətləndirmək olar. Bir şərtlə ki, bu, bizim dövlət maraqlarımıza zərbə olmasın. Yəni ehtiyatlı davranmaq, manevr imkanlarını daim qorumaq lazımdır.
Əslində ABŞ-ın daimi vasitəçiliyinə ehtiyac yoxdur. Bu, sadəcə hansısa mərhələdə keçərli ola bilər. Ümumilikdə isə Ağ Ev səmimi deyil, öz maraqlarını düşünür. Vaşinqton regionda "suların durulması"nı istəmir. Əks halda çoxdan, hələ Minsk Qrupu fəaliyyət göstərdiyi zamanlarda məsələni həll edərdi. Fikrimcə, bundan sonrakı təmaslar vasitəçisiz, ikitərəfli formatda davam etməlidir.
Kənan Novruzov,
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin eksperti