
ABŞ Konqresi Nümayəndələr Palatasının spikeri xanım Nensi Pelosinin rəsmi Pekinin sərt etirazına səbəb olan Tayvan səfəri başa çatıb.
Senzor.az xarici KİV-ə istinadən bildirir ki, Nensi Pelosinin rəhbərlik etdiyi nümayəndə heyəti Tayvandan Asiya turu çərçivəsində Cənubi Koreyaya yola düşüb.
Nensi Pelosi Tayvan lideri Tsay In-ven ilə görüşüb və mətbuat konfransı keçirib. Görüş yerli telekanallar vasitəsi ilə canlı yayımlanıb. Tsay In-ven Nensi Pelosini Tayvanla əməkdaşlığa dəstəyinə görə xüsusi dövlət mükafatı ilə təltif edib və onu Tayvanın əsl dostu adlandırıb. Spiker bundan başqa Tayvanın qanunverici orqanına da baş çəkib.
Xatırladaq ki, Nensi Pelosinin adaya səfərindən öncə Çin ziyarətin baş tutacağı təqdirdə “effektiv güc tədbiri” görəcəyini bildirmişdi. Amerikalı siyasətçinin təyyarəsi paytaxt Taybeyə enəndən sonra isə Çin Xalq Azadlıq Ordusu ada ətrafında hərbi təlimlərə başladığını, təlimlərdə nüvə başlığı olmayan raketləri sınaqdan keçirəcəyini elan etdi. Bununla belə, artıq qeyd etdiyimiz kimi, Nensi Pelosi saat 14:00-da heç bir əngəl olmadan adanı tərk edərək, Cənubi Koreyaya yola düşüb.
Onu da xatırladaq ki, bu, ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini tutan şəxsin özünü müstəqil dövlət kimi qələmə verən, amma BMT də daxil olmaqla beynəlxalq ictimaiyyətin Çin Xalq Respublikasının ərazisi kimi tanıdığı Tayvan adasına 1997-ci ildən sonra ilk səfəri idi.