
ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan İran-Amerika jurnalisti və hüquq müdafiəçisi Məsih Əlinejadla söhbət edib və Nyu-Yorkdakı evinin yaxınlığında azərbaycanlı Xalid Mehdiyevin həbsi ilə bağlı insidentdən sonra onun təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib.
Bu barədə haqqin.az məlumat yayıb.
C.Sallivan bildirib ki, ABŞ Prezidenti Co Bayden bu işlə bağlı yenilənmiş informasiyalar almağa davam edəcək. O, həmçinin əlavə edib ki, Ağ Ev öz vətəndaşlarını və dissidentlərini İran tərəfindən olan təhlükələrdən bundan sonra da qoruyacaq. 
"ABŞ hökuməti İran tərəfindən olan təhlükələrin, o cümlədən ABŞ vətəndaşlarına və Birləşmiş Ştatlarda yaşayan dissidentlərə yönəlmiş təhdidlərin aradan qaldırılması və qarşısının alınması üçün onun sərəncamında olan bütün vasitələrdən istifadə edəcək", - deyə Bayden administrasiyasının nümayəndəsi vurğulayıb.
Xatırladaq ki, ötən həftə ABŞ-da tanınmış iranlı dissident və qadın hüquqları uğrunda mübarizə aparan Məsih Əlinejadın Nyu-Yorkun Bruklin rayonundakı evinin qarşısında müşahidə apararkən Azərbaycan vətəndaşı, 23 yaşlı Xalid Mehdiyev həbs edilib. Onun avtomobilindən AK-47 avtomatı, tapança və iki ədəd dolu patron darağı aşkar edilib. 
Onu da xatırladaq ki, Məsih Əlinejad tanınmış iranlı jurnalist, feminist və hüquq müdafiəçisidir. O, İran rejiminin kəskin tənqidçisidir və əvvəllər “Amerikanın Səsi” və “Azadlıq Radiosu” kimi tanınmış media orqanlarının farsdilli xidmətlərində çalışıb. Məsihin hüquq müdafiəçisi kimi fəaliyyəti bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülüb.
2019-cu ildə Məsih Əlinejad ABŞ-ın ovaxtkı dövlət katibi Mayk Pompeo ilə görüşüb və onunla İran müxalifətinə artan dəstəyi, eləcə də İranda insan haqlarını pozan Tehran hakimiyyətinə təzyiq formalarını müzakirə edib. 
Elə həmin il İran hakimiyyəti Əlinejadın ailə üzvlərini, o cümlədən qardaşı, bacısı və bacısının ərini həbs edib.
İran hakimiyyəti on ildir M.Əlinejada qarşı kampaniya aparır. Jurnalisti gözdən salmaq üçün hətta onun iştirakı ilə saxta seks videosu düzəldib Məsihin qoca, savadsız atasına göstəriblər, bundan sonra şoka düşən kişi 3 il qızı ilə danışmayıb.
Bundan əlavə, İran hakimiyyəti dəfələrlə Əlinejadın Britaniya kəşfiyyatının agenti olduğunu bəyan edib və onun adından Əlinejadın heç vaxt demədiyi sitatlar dərc edib.
Senzor.az