
Son günlər Qarabağda yaşanan gərginlik və Azərbaycan Silahlı Qüvvələrinin bölmələri tərəfindən həyata keçirilən “Qisas” əməliyyatından sonra Rusiyanın məsuliyyət zonasında, xüsusən də Xankəndində Rusiya sülhməramlı qüvvələrinin komandanlığına etirazlar artmaqdadır.
Senzor.az erməni mənbələrinin məlumatına istinadən bildirir ki, dünən Xankəndinin mərkəzi meydanında Rusiya sülhməramlı qüvvələrinin “hərəkətsizliyinə” qarşı növbəti etiraz aksiyası keçirilib.
İştirakçılar Rusiya sülhməramlıları kontingentinin Qarabağdan çıxarılmasını tələb ediblər.
Xatırladaq ki, bir müddət əvvəl Qarabağdan olan erməni qaçqınlar Rusiya və Fransanın İrəvandakı səfirlikləri qarşısında eyni tələblərlə etiraz aksiyaları keçirərək, Fransanı bölgəyə qoşun yeritməyə çağırıblar. Xankəndində isə özlərini “vətəndaş cəmiyyəti fəalı” adlandıran bir qrup erməni Rusiya sülhməramlı qüvvələrinin komandanı general Aleksandr Volkovla görüşüb.
"Zəhmət olmasa, öz funksiyanızı yerinə yetirin, əks halda biz öz fəaliyyətimizi dəyişəcəyik", - etirazçılardan biri Qayane Arustamyan deyib.
Etiraz aksiyasının rəhbəri, Rusiya sülhməramlı kontingentinin komandanı ilə görüşdə iştirak edən “Dağlıq Qarabağ İnqilab Partiyası”nın sədri Artur Osipyan bildirib ki, rusiyalı generalın sözləri onlarda ümid yaratmayıb.
“Dünən, Qarabağa sülhün gələcəyinə bizi inandıracaq heç nə eşitmədik”, - Osipyan bildirib.
Müxalifətçi qeyd edib ki, iştirakçılar sülhməramlı qüvvələrin komandanından heç bir aydın təminat almadıqları üçün görüşdən narazıdırlar.
“Belə çıxır ki, sülhməramlıların burada layiqli sülhü təmin etmək üçün nə kifayət qədər vəsaiti, nə say tərkibi, nə də səlahiyyəti var. Sülhməramlıların səlahiyyətləri yalnız özünümüdafiə üçün kifayətdir, amma heç o da tam həcmdə deyil”, - Osipyan vurğulayıb.
Haqqin.az portalı xatırladır ki, Azərbaycan Ordusunun Kəlbəcər və Laçında həyata keçirdiyi “Qisas” əməliyyatından sonra Rusiya sülhməramlılarının erməni silahlıları ilə birgə qanunsuz erməni silahlı birləşmələrinin postlarını mühafizə etməyə başladığı barədə xəbərlər gəlməyə başlayıb. Ancaq görünən odur ki, ermənilər sülhməramlıların, qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvləri ilə postlarda çiyin-çiyinə dayanmaları ilə kifayətlənməyiblər: “Ermənistanda və Qarabağ erməniləri arasında Rusiya sülhməramlı qüvvələrinə və ümumilikdə Moskvaya qarşı etirazlar artır. Rusiya sülhməramlılarının Xankəndində və digər ərazilərdə ermənilərin Azərbaycana tabe olmadan dinc yaşaması üçün etibarlı təminata çevriləcəyi ilə bağlı illüziyalar darmadağın olur. Belə təhlükəsizlik təminatı yalnız Azərbaycanın qanunları və Konstitusiyası çərçivəsində təmin edilə bilər”.
Senzor.az