
Dünən İrəvanın "Surmalu" ticarət mərkəzində baş verən partlayış erməni cəmiyyətində olan narazılığı birə-beş artırıb.
Yerli saytlar hökumətin bu cür böhran vəziyyətinə hazır olmadığını yazır, siyasətçilər xilasedicilərin yarıtmaz fəaliyyətini vətəndaş amilinin ikinci plana atılmasına sübut kimi təqdim edirlər.
Məsələn, Ermənistan parlamentinin keçmiş deputatı Levon Doxolyan məlum proseslərlə bağlı diqqət çəkən açıqlama verərək deyib ki, "balıq başdan iylənər".
“Fövqəladə hallar naziri ixtisasına və təcrübəsinə görə “əməliyyatçı” olmalıdır. O hər hansı siyasi komandanın üzvü olmaya da bilər. Amma nazir bu sahədə əməliyyatlara nəzarət edə bilən mütəxəssis olmalıdır. Partlayışdan təxminən bir gün keçib və traktorçular dağıntıları aradan qaldıra, uçan binanın altında qalan insanları tapa bilmirlər. Heç əl ilə aparılan aktiv axtarış işləri də görünmür... Əgər hansısa yüksək vəzifəli məmur dağıntılar altında olsaydı, axtarışa bütün dövlət aparatı cəlb olunardı”, - keçmiş deputat gileylənib.
Tanınmış erməni vəkil Robert Hayrapetyan da aidiyyəti qurumların səbatsızlığından şikayətlənib. O, açqılamasında hələ də dağıntılar altında qalan vətəndaşlardan birinin qohumunun narazı fikirlərini xatırladıb. 
“İtkin sayılan vətəndaşlardan birinin qohumu deyib ki, "Qardaşımın hamilə arvadı, 5 yaşlı oğlu və bacısı dağıntılar altındadır. Aktiv iş üçün texnika yoxdur, daşları əllə daşıyırıq”. Doğrudan da, bu məsələni anlaya bilmirəm. Bəyəm partlayışdan sonra xeyli davam edən yanğını söndürmək üçün helikopterdən, xüsusi itlərdən və ya başqa vasitələrdən istifadə etmək mümkün deyildi? Əvvəllər onlar helikopter pas atmasın deyə rayondan rayona uçub gedirdilər”, - vəkil deyib.
"Ermənistan Respublikasının rəhbəri vəzifəsini tutan şəxs üç il əvvəl cəmi 1 milyon dollar versəydi, dünən baş verən yanğında nə qədər insanın həyatını xilas etmək olardı".
Bunu isə baş nazir Nikol Paşinyanın aviasiya məsələləri üzrə keçmiş müşaviri Akop Çaqaryan deyib. 
“24 saatdan çox hələ də davam edən yanğının qarşısı alınmayıb. 3 il əvvəl Paşinyana təklif vermişdik ki, yeni helikopterlər alsınlar. Amma o bizim təklifimizə heç baxmadı. Onu da vurğulamaq istərdim ki, hər bir helikopterin qiyməti baş nazirin müavininin liftinin təmiri qiymətinə, tikilən avtoparkın qiymətinə bərabər idi. Ermənistanın baş naziri postunu tutan Nikol Paşinyanı ağır nəticələrə səbəb olan cinayətdə ittiham edirəm. Bu gün olanların hamısının günahkarı Nikol Paşinyandır. Ona görə də Paşinyanı istintaqa cəlb etmək lazımdır”,- Çaqaryan ittihamlar səsləndirib.
Xatırladaq ki, avqustun 14-də İrəvanda “Sürməli” ticarət mərkəzində güclü partlayış və yanğın baş verib. Son məlumatlara əsasən, hadisə nəticəsində 6 nəfər ölüb, 61 nəfər yaralanıb. 15 nəfər itkin düşmüş sayılır.
Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
Hadisənin rəsmi səbəbi hələlik açıqlanmır. Hadisə şahidlərinin sözlərinə görə, partlayış atəşfəşanlıq mağazasında baş verib.