![]()
Ermənistanda azərbaycanlı jurnalist, haqqin.az saytının baş redaktoru Eynulla Fətullayevin Laçın və Zabuxa səfəri ətrafında qalmaqal davam edir.
Senzor.az haqqin.az-a istinadən xatırladır ki, dünən “Dağlıq Qarabağ Təhlükəsizlik Şurası” rəhbərinin mətbuat katibi Hrayr Akopyan azərbaycanlı jurnalistin erməni yaşayış məntəqələrinə girməsi faktını təkzib edərək, müxtəlif KİV-lərin bu barədə yazdıqlarını “dezinformasiya” adlandırmışdı. 
Lakin bu gün “Dağlıq Qarabağ Təhlükəsizlik Şurasının” katibi Vitali Balasanyan birbaşa Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkova Azərbaycan KİV nümayəndələrinin Qarabağa girişinə qadağa qoyulması tələbi ilə müraciət edib.
“Təhlükəsizlik Şurasının katibi Rusiya sülhməramlı kontingentinin komandanına Qarabağ Təhlükəsizlik Şurasının və sülhməramlıların razılığı olmadan azərbaycanlı və xarici jurnalistlərin Qarabağa buraxılmaması tələbi ilə müraciət edib”, - deyə erməni KİV-ləri qondarma qurum rəhbərinin müraciətinə istinadən vurğulayıblar.
Senzor.az