
Pentaqon Ukraynadakı əməliyyata ad verəcək və ona general-komandan təyin edəcək.
Senzor.az bildirir ki, bu barədə haqqin.az Wall Street Journal biznes nəşrinə istinadən məlumat yayıb.
Məlumata görə, Ağ Ev yaxın həftələrdə ABŞ-ın Ukraynaya bütün hərbi yardım səylərini birləşdirərək onları vahid missiyada toplamağı planlaşdırır.
Bundan sonra əməliyyata xüsusi kod adı veriləcək və onun rəhbərliyi Ukrayna hərbçilərinə təlim keçmək və Ukrayna Silahlı Qüvvələrinə yardım göstərmək üzrə Amerika proqramına rəhbərlik edəcək konkret generala həvalə olunacaq.
Əməliyyata xüsusi adın verilməsi bürokratik bir formallıqdır, lakin o həm də bir neçə ciddi hüquqi nəticə daşıyır.
Birincisi, bu, Vaşinqtonun Amerika ordusunun konkret hərbi əməliyyatlarda iştirak etdiyini formal qəbul etməsidir.
İkincisi, Konqres müttəfiqlərinə uzunmüddətli məqsədli maliyyə ayırmağa, habelə hərbi sifarişlərin ödənilməsinə möhlət verməyə yalnız bundan sonra başlaya bilər.
Üçüncüsü, hərbi qulluqçular üçün xidmət, rütbə və mükafatlara görə hər hansı xüsusi ödənişlərin təsis edilməsi yalnız "adı çəkilən" əməliyyat çərçivəsində mümkündür.
Səylərin əlaqələndirilməsinə cavabdeh olan komandanın seçilməsi Pentaqonun Ukraynaya daimi yardım qrupu yaratmaq niyyətindən, yəni ukraynalıları öyrətmək və onlara kömək etmək üçün əsasən birdəfəlik layihələrdən bir neçə ildən çox davam edə biləcək uzunmüddətli strategiyaya keçiddən xəbər verir.
Senzor.az