
Azərbaycanın Baş prokuroru Kamran Əliyev İran İslam Respublikasının Baş prokuroru Məhəmməd Cəfər Montazeri ilə görüşüb.
Senzor.az-ın yerli KİV-ə istinadən məlumatına görə, görüşdə Kamran Əliyev bildirib ki, iki ölkə arasında münasibətlər yüksək səviyyədə olarsa, bu, digər münasibətlərə, o cümlədən məhkəmə-hüquq sisteminə də öz müsbət təsirini göstərəcək. Qeyd olunub ki, Azərbaycan hökuməti narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizəyə çox ciddi yanaşır: "Azərbaycanda olan bir sıra iranlı məhbusların narkotiklə bağlı cinayətləri var və cəzaları yekunlaşan şəxslər ekstradisiya müqaviləsi çərçivəsində ekstradisiya oluna bilər və bununla bağlı 137 məhbusun dəyişdirilməsi ilə bağlı danışıqlar aparılır. Məhkəmə istintaqı zamanı 41 Azərbaycan vətəndaşı İrana qaçıb”.
Baş prokuror bildirib ki, “Azərbaycanın təhlükəsizliyinə təhdid hesab edildiyi üçün bu şəxslərin Azərbaycana qaytarılmasını gözləyirik”.
Kamran Əliyev sözügedən şəxslərin siyahısını həmkarına təqdim edib.