Bir sıra beynəlxalq təşkilatların ideya tənəzzülü, fəaliyyət zəifliyi və siyasi bacarıqsızlığı gün keçdikcə, daha da güclənir...
Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak beynəlxalq təşkilatları sərt tənqid edərək, onları "saxta strukturlar" adlandırıb.
Podolyak əmindir ki, BMT ilkin funksiyalarını artıq yerinə yetirməyərək "pul qazanmaq üçün rahat idarəyə çevrilib": "Əslində BMT faktiki olmayan, yox təşkilatdır. Deyərdim ki, bu qurum PR-şirkət və ya hazırda rəhbər vəzifələrdə olan insanların sonradan yaxşı gəlirli qocalığı təmin etmək üçün lobbi firmasına dönüb.
BMT-nin yaratdığı hisslər istənilən başqa beynəlxalq təşkilatın - MAQATE-nin, Beynəlxalq Qızıl Xaç Komitəsinin və ya "Amnesty International"ın - doğurduğu emosiyalar kimi yalnız mənfidir. Bu təşkilatlar şüurumuzu tamamilə zir-zibil olan "dəyərləndirmə" və "hesabat"ları ilə zibilləyirlər. Həmin beynəlxalq təşkilatlar olmasaydı, bir çox məsələlər daha sürətlə, tez və yaxşı həll edilərdi".
Qanlı müharibənin getdiyi Ukraynada ölkə rəhbərliyinin beynəlxalq təşkilatlara yaranmış bu kəskin antipatiyasının səbəbi bəllidir. BMT də daxil olmaqla, az qala bütünr beynəlxalq təşkilatlar Ukraynadakı faciə və fəlakətlə bağlı “mümkün qədər obyektiv mövqe” tutmağa çalışırlar.
Həmin «obyektiv»lik bu yaxınlarda “Böyük İyirmiliyin” (G-20) Hindistanın paytaxtı Dehlidə keçirilmiş sammitində də aşkar şəkildə özünü büruzə verdi.
Maraqlarını qorumaq, geosiyasi mənfəətini təmin etmək və böyük dövlətlərlə transmilli korporasiyaların istəklərini mütləq şəkildə nəzərə almaq naminə G-20 yekun bəyannaməsində Ukrayna ilə bağlı hissədə ifrat mülayim ifadələrə yer verib.
Bu da Ukrayna ilə yanaşı, G-20-nin əslində böyük dövlətlərin idarə etdiyi marionet qurumlardan biri olduğunu vurğulayan digər ölkələrin hakimiyyət dairələrinin və ekspretlərinin kəskin etirazlarına səbəb olub.
Halbuki Azərbaycan illərdir ki, beynəlxalq təşkilatların saxtakar, ikiüzlü, yarıtmaz fəaliyyətindən bəhs edir, bu qurumların mənhus ikili standartlar strategiyasını fəaliyyət prinsipi seçdiyini bəyan edir.
Ərazilərimizin 20 faizinin erməni işğalında olduğu 30 ildə BMT, ATƏT, UNESCO və s. kimi beynəlxalq təşkilatların heç biri (!) işğalçı Ermənistana təzyiqlər göstərmədi, İrəvanı Azərbaycan ərazisinin bir hissəsinə yeritdiyi qoşunlarını geri çəkməyə, urbisidlə etnosidə son qoymağa, işğaldan əl çəkməyə çağırmadı.
BMT başda olmaqla, “Amnesty İnternational”, “Reporters Without Borders” və s. kimi təşkilatlar işğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycanı bir tutdular, az qala məsuliyyətin bərabər bölgüsü taktikasını tətbiq etməyə çalışdılr.
Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanın çoxsaylı müraciətlərinə və tələblərinə rəğmən, ermənilərin əsir və girov götürdükləri dinc azərbaycanlılıların talelərinin müəyynələşdirilməsi ilə məşğul olmadı, onların azad edilməsi üçün faktiki olaraq heç bir real iş görmədi.
BQXK indi də adekvat fəaliyyəti ilə seçilmir. Belə ki, təşkilatın Rusiya Sülhməramlı Kontingentinin (RSK) müvəqqəti yerləşdiyi areallarda fəaliyyətinin koordinasiya məntəqəsi Xankəndidədir. Xankəndidəki həmin məntəqə beynəlxalq hüququn prinsiplərinə və məntiqə uyğun olaraq, təşkilatın Bakı ofisinə tabe olmalıdır.
Lakin belə deyil: BQXK-nın Xankəndidəki məntəqəsi təşkilatın İrəvan ofisinə tabedir.
Bu, beynəlxalq hüquqla yanaşı, Azərbaycanın ərazi bütövlüyü ilə sərhəd toxunulmazlığına, ölkə Konstituasiyasına aşkar sayğısızlıq, rəsmi Bakıya etinasızlıqdır.
Onillər ərzində Bakı istisnasız olaraq bütün təşkilatlara, xüsusilə də BMT-yə saysız-hesabsız müraciətlər edərək vəziyyətin obyektiv və ədalətli dəyərləndirilməsini istədi.
BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi yerinə yetirilmədi və sözügedən təşkilat nüfuzunu bir sentlik etməmək üçün, Ermənistanı bu sənədlərə riayətə dəvət etmədi.
Əksinə, sadaladığımız beynəlxalq təşkilatların fəaliyyətinin məzmunu ilə yanaşı, qayəsini də göstərir.
Ukrayna hələ indi anlayır ki, ədalət və yardım üçün üz tutduğu, dəstək və kömək gözlədiyi beynəlxalq təşkilatı ukraynalıların üzləşdikləri ölüm təhlükəsi və faciələr, ölkənin qarşılaşdığı ağır problemlər maraqlandırmır.
Bu qurumların hər birinin öz merkantil maraqları var. Həmin maraqların təminatı üçünsə Azərbaycan, Ukrayna və ya hər hansı başqa ölkə sadəcə, vasitə qismində görünür, bu formada qəbul olunur.
Azərbaycan beynəlxalq təşkilatların 30 illik saxtakarlığına, siyasi impotensiyasına son qoyaraq BMT-nin görməli olduğu işi gördü, torpaqlarımızı işğaldan azad etdi.
Amma vəziyyət müsbətə doğru dəyişməkdənsə, daha da qrotesk hal alır.
Məsələn, Ermənistan tam 30 il Azərbaycana qarşı hərbi təcavüz və işğal siyasətinin tərkib hissəsi kimi işğal olunmuş ərazilərimizdə maddi-mədəniyyət və dini abidələrin dağıdılması, talan edilməsi, mənimsənilməsi, mənşəyi və təyinatının dəyişdirilməsi kimi vandalizm siyasəti yürüdüb.
İşğal olunmuş ərazilərimizdə Ermənistan tərəfindən yüzlərlə tarixi abidə, onlarla muzey, məscid və mədəni irs nümunələri vandalizm obyektinə çevirmişdi. XIX əsrə aid Ağdam məscidi dağıdılıb talan edilməklə yanaşı, donuz və mal-qara saxlanılması üçün tövlə kimi istifadə edilib və təhqir obyektinə dönmüşdü.
30 il erməni işğalında olan, 44 günlük İkinci Qarabağ Müharibəsi nəticəsində işğaldan azad edilən Azərbaycan torpaqlarında təsbit olunan tarixi-dini abidələrin sayı 403-dür. Onlardan 67-si məscid, 144-ü məbəd, 192-si ziyarətgahdır. 67 məscidin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınmışdı.
Məntiqlə, UNESCO işğal illərində həmin ərazilərə monitorinq qrupları və ya faktaraşdırıcı missiyalar yollamalı, Azərbaycanın tarix-mədəniyyət abidələrinin, məscid və ziyarətgahlarının durumunu araşdırmalıydı.
30 il ərzində UNESCO bir dəfə olsun belə (!) bu cür missiya təklifi ilə çıxış etmədi, monitorinq qrupunun təşkili və yollanması ilə bağlı təşəbbüs irəli sürmədi.
Amma 30 il erməni işğalındakı ərazilərimiz azad edilən kimi (!) UNESCO hərəkətə gəldi, “erməni tarix-mədəniyyət irsinin nümunələri və dini obyektlərin vəziyyətinin ciddi araşdırılmaya zərurət duyulduğu” ilə bağlı dalbadal bəyanatlar səsləndirdi.
Bu, ikili standartlar, siyasi mənəviyyatsızlıq, subyektivizmlə tərəf tutmağın ən iyrənc təzahürü deyilsə, bəs nədir?!
Efiopiya, Liviya, Yəmən, Əfqanıstan, Vyetnam, İraq, Suriya, Sudan, Mərkəzi Afrika Respublikası, Somali, İndoneziya və daha onlarla dövlət beynəlxalq təşkilatların fəaliyyət mimikriyası ilə məşğul olaraq böyük dövlətlərin, geosiyasi güc mərkəzlərinin və transmilli korporasiyaların sifarişlərini yerinə yetirdiklərini, ədalətlə hüquqa göz yumaraq sırf öz maraqlarının təminatına çalışdıqlarını fasiləsiz deyirlər.
Həmin ölkələrin sırasına indi Ukrayna da qoşulub. Kiyev tamamən haqlıdır - BMT və Beynəlxalq Qızıl Xaç Komitəsi başda olmaqla, bir sıra təşkilatların çox ciddi və köklü islahatlara ehtiyacı var.
“Amnesty İnternational” kimi qurumların hesabatlarına isə ümumiyyətlə, əksər hallarda ciddi yanaşmaq olmaz: səbəb qərəz, subyektivizm, faktların manipulyasiyası, yalanın gerçək kimi qələmə verilməsidir.
Podolyakla razıyıq - bu təşkilatlar şüurumuzu tamamilə zir-zibil olan "dəyərləndirmə" və "hesabat"ları ilə zibilləyirlər...