
Ermənistan müxalifətinin liderləri oktyabrın 5-ni hazırkı baş nazir Nikol Paşinyanın istefaya göndərilməli olduğu gün kimi elan ediblər.
“Biz bütün qüvvələri birləşdirməliyik ki, oktyabrın 5-nə, Paşinyanın İlham Əliyevlə görüşünə qədər Nikol istefaya göndərilsin. Onun Ermənistan üçün yenidən hansı qanlı sənədləri imzalamağa hazır olduğunu heç kim bilmir. Biz buna imkan verməməliyik”, - deyə TASS etiraz hərəkatının liderlərindən biri Andranik Tevanyandan sitat gətirir.
Çərşənbə axşamı, sentyabrın 26-da erməni müxalifəti səhər saat 08:00-dan etibarən İrəvanın bütün rayonlarında müxtəlif ünvanlarda küçələri bağlamağı və bunu regionlarda da etməyə çağırmağı planlaşdırır. Sonra fəallardan ibarət qruplar tələbə və müəllimlərlə ünsiyyət qurmaq üçün İrəvandakı universitetlərə gedəcək.
Saat 13:00-da isə Ermənistan hökumətinə qarşı hərəkatın bütün tərəfdarları avtomobillərini düz yolun hərəkət hissəsində 10 dəqiqə saxlayıb və söndürməli olacaqlar. 
**20:35

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər İrəvanın mərkəzindəki Respublika meydanına toplaşıblar.
Senzor.az bildirir ki, Hökumət binasının bilavasitə yaxınlığında yerləşən əraziyə artıq iki mindən çox insan gəlib. Onların sayı artmaqda davam edir.
Toplananlar hökumət əleyhinə şüarlar səsləndirir, ölkə rəhbərliyini və şəxsən baş nazir Nikol Paşinyanı ölkənin hazırkı vəziyyətinə görə günahlandırırlar.
Qeyd edək ki, Hökumət binasının mərkəzi girişi ilə üzbəüz polis qüvvələri düzülüb.
**10:48

Bu gün səhər saatlarından etibarən Ermənistanın paytaxtı İrəvanda Ümumxalq Hərəkatının itaətsizlik aksiyası başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, etirazçılar əvvəlcə Saryan və Tumanyan küçələrinin kəsişməsini, həmçinin Rubinyan küçəsini bağlayıblar.
Polis aksiya iştirakçılarını “Yeritasardakan” metro stansiyasına tərəf sıxışdırıb. 140 nəfərdən çox etirazçı saxlanılıb.
Qeyd edək ki, bu gün İrəvanın bir sıra inzibati rayonlarında itaətsizlik aksiyaları planlaşdırılır.