
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva dəfn olunub.
Mərhum ll Fəxri xiyabanda torpağa tapşırılıb.
Dəfn mərasimində dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.




**10:20

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi başa çatıb.
Mərasimdə dövlət rəsmiləri, deputatlar, mərhumun ailə üzvləri, yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Hazırda mərhumun cənazəsi dəfn olunması üçün ll Fəxri Xiyabana aparılır.

**09:56

Bakıdakı Heydər məscidində Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva ilə vida mərasimi keçirilir.
Mərasimdə dövlət rəsmiləri, Milli Məclisin deputatları, mərhumun ailə üzvləri və yaxınları iştirak edirl’r.
Vida mərasimi başa çatdıqdan sonra mərhumun nəşi ll Fəxri Xiyabana aparılacaq və orada torpağa tapşırılacaq.









**21:55(28.09.2023)
Milli Məclisin deputatı Qənirə Paşayeva ilə vida mərasimi sabah saat 10-da Heydər Məscidində olacaq.
Senzor.az bildirir ki, bu barədə mərhumun qardaşı Hüseyn Paşayev məlumat verib.
O, qeyd edib ki, cənazə namazı qılındıqdan sonra Q.Paşayeva İkinci Fəxri Xiyabanda torpağa tapşırılacaq.
H.Paşayev həmçinin vurğulayıb ki, Qənirə Paşayevanın Mərkəzi Klinik Xəstəxanada müalicəsi ilk andan dövlət nəzarətinə götürülüb. Mümkün olan bütün tədbirlər həyata keçirilib, qardaş Türkiyədən də həkimlər dəvət olunub: “Ancaq təəssüf ki, xəstəlik çox ciddiləşmişdi, onun həyatını xilas etmək mümkün olmadı. Mən dövlətimizə, cənab Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya ailəmizə göstərdikləri həm mənəvi, həm də digər dəstəklərə görə təşəkkürümüzü bildirirəm. Eyni zamanda, Heydər Əliyev Fonduna da, onun məsul şəxslərinə də öz dərin minnətdarlığımızı bildirirəm. Allah dövlətimizi qorusun”.
**20:26
Millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.
Senzor.az bildirir ki, bunu jurnalistlərə açıqlamasında deputatın köməkçisi Elbəy Bədirov deyib.
Naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayevanın səhhətindəki kritik durumla əlaqədar Mərkəzi Klinik Xəstəxananın həkim personalı və Türkiyədən cəlb edilmiş həkim mütəxəssislər tərəfindən görülmüş bütün zəruri tədbirlərə baxmayaraq millət vəkilinin həyatını xilas etmək mümkün olmayıb.
Q.Paşayeva səhhətində yaranmış ciddi problemlərlə əlaqədar sentyabrın 23-dən Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.
Məlumat üçün bildirək ki, Paşayeva Qənirə Ələsgər qızı 1975-ci ildə anadan olub. Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib. 1998-ci ildən ANS televiziya şirkətinin Xəbərlər xidmətində reportyor, müxbir, redaktor, aparıcı redaktor, baş aparıcı redaktor, baş redaktorun müavini, Xəbərlər redaksiyası baş redaktorunun müavini vəzifələrində çalışıb. 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Azərbaycan Respublikası III, IV, V və VI çağırış Milli Məclisinin deputatı olub. Dünyasını dəyişənə qədər Milli Məclisin Mədəniyyət komitəsinin sədri idi.
Allah rəhmət eləsin!