
...2003-cü ilin 15 oktyabrında dövlətin başına gəldi, 2023-cü ilin 15 oktyabrında da dövlətin qarısındakı bir nömrəli vəzifəsinin həllində nöqtəni qoydu!
...20 il çəkdi! Gec oldu, ancaq əsas odur ki, oldu - həm onu özünə Rəhbər, Komandan seçən xalqına, həm onu yetişdirən dövlət-adama - Atasına, həm də 20 il ərzində onu yıxmağa, məğlub etməyə çalışan bütün düşmənlərinə verdiyi sözü, vədi yerinə yetirdi!
İndi Qarabağımızın hər yerindən üçrəngli Azərbaycan bayrağı asılıb, hər yerindən azanımızın səsi eşidilir, hər yerində Azərbaycan əsgəri keşik çəkir!
Bir xalqa, bir millətə bundan böyük mükafat, bundan böyük uğur olarmı?!
Bu gün Xankəndiyə, Xocalıya asılan bayraq həm də qisasımızın Qiyamətə saxlanılmadığının, içilən andlarımızın artıq yerinə yetirildiyinin qürurlu nümayişidir!
...Mən ilk dəfə məhz 20 il əvvəl – 42 yaşlı İlham Əliyev prezident seçilən gün – 2023-cü ilin 15 oktyabrında hərbi xidmət yerimə daxil olmuş, əynimə hər çiynində bir cüt Azərbaycan ulduzlu hərbi forma geymiş, sıra önünə çıxmış və hərbi hissəmizdə 18 yaşı yenicə tamamlamış gənc əsgərlərin üzərimə olan diqqətini, göstərdikləri yüksək ehtiram və nizam-intzamı görərək, ən çətin situasiyalarda məni qoruyan Allaha ən böyük istəyimi sakitcə dilə gətirmişdim: “Allah, Sən bu Ordunu yenilməz, qalib et, bizi məyus geri qaytarma, utandırma!”...
Sonralar siyasi səbəblərdən Orduda qalmamıza, zabit karyeramızı davam etdirməyə imkan verilməsə də, mən həmişə çiynimdəki o ulduzların və içdiyimiz Hərbi Andın məsuliyyətini üzərimdə duyaraq, Qarabağımızı geri qaytaracağımıza və bunun da məhz döyüşlə olacağına inamımı qətiyyən itirmədim! 
Çünki məhz 1 il 6 aylıq xidmət dönəmində gördüm ki, biz bunu bacararıq! Yetər ki, bütün xalqımızı da inandıraq və Ordunu məhz buna hazırlayaq!
Bu inamı ifadə edən qalaq-qalaq yazılarım oldu. Ancaq heç ağlıma da gəlməzdi ki, 2019-cu ilin noyabrında Əliyevin Qarabağı qaytarma strategiyası haqda yazımın sərlövhəsi bir gün Ordumuzun düşmənə qarşı keçirdiyi ən böyük əməliyyatın məxfi adı olacaq. Yazının sərlövhəsi beləydi: “Əliyevin dəmir yumruğu, yoxsa Əliyevanın zərif əli?!”
Çox istərdim, maraqlananlar indi o yazını yenidən nəzərdən keçirsinlər və nəhayət, anlasınlar ki, məhz bu gün – 15 oktyabrda Xankəndidə, Xocalıda, Ağdərədə, Əsgəranda... Azərbaycan bayrağını ucaltmış Əliyevin “Qarabağı azadetmə strategiyası” hansı strateji səbr, zəhmətlər hesabına başa gəlib, hansı mərhələlərdən keçib və niyə belə uzunmüddətli olub?
...Əliyev 2020-ci ildəki 44 günlük Vətən Savaşının yekununda o dəmir yumruqlarını düz düşmənimiz Ermənistanın kəlləsinə endirmişdisə, separatizmin başını əzmişdisə, məhz bu gün – 15 oktyabrda, ilk dəfə prezident seçildiyi günün 20 ilinin tamamında Xankəndidə, Xocalıda, Əsgəranda Azərbaycan bayrağını qaldırmaqla, 3 ildir bağıra-bağıra “Hanı Xankəndi, hanı Xocalı?! Xankəndiyə, Xocalıya bayrağımız taxılmadıqca, qalib deyilik!” - deyə-deyə uğurlarımızı heçə saymağa, gözdən düşürməyə və içəridə fitnə salmağa çalışanların təpələrinə endirdi və riyakar sifətlərinə tüpürdü!
Alın, bu da sizə Xankəndi, Xocalı, Əsgəran...!
İndi kişiliyiniz çatırsa, ləyaqətiniz varsa, Əliyevə məğlubiyyətinizi etiraf edin və o dəmir yumruq sahibinin qüdrətli əllərini sıxaraq, üzr istəyin və siyasət meydanını birdəfəlik tərk edin!
Bizsə ölkənin çölündəki və içərisindəki düşmənlərin başını əzmiş Ali Baş Komandanı bu möhtəşəm qələbələri münasibətiylə bir daha səmimiyyətlə təbrik edir, bütün Silahlı Qüvvələrimizə qalib zabit salamlarımızı yetiririk!
Qələbələrimiz daimi, bu zəfərləri bizə bəxş edən Allaha isə sonsuz şükürlər olsun!
