
Real Təhlil və İnformasiya Mərkəzinin rəhbəri Mir Şahin Ağayev yanvarın 30-da tamaşaçılarına müəllifi və aparıcısı olduğu populyar “Mir Şahinin vaxtı” verilişinin Xankəndidən hazırladığı növbəti buraxılışını təqdim edib.
Yeri gəlmişkən, Senzor.az xatırladır ki, tanınmış jurnalist çəkiliş qrupu ilə birlikdə neçə gündür ki, Qarabağdadır. Tamaşaçılarına artıq elə oradan hazırladığı bir neçə material təqdim edib. Yəqin onun bir-birindən maraqlı “Bizə Xankəndimiz önəmlidir! Hansısa Stra(u)sburq yox!” (https://senzor.az/aktual/33467-bize-xankendimiz-onemlidir-hansisa-strausburq-yox.html), “Xocalı faciəsinin baş verdiyi ərazi” (https://senzor.az/bas-yazi/33514-mir-sahin-xocali-faciesinin-bas-verdiyi-erazide.html) reportajlarına, "Azərbaycanın zəfər tağı" teleoçerkinə baxmısınız.
Yuxarıda vurğuladığımız kimi, o, “Mir Şahinin vaxtı”nın son buraxılışını da Xankəndidən hazırlayıb. Öz təbirincə desək, o Xankəndidən ki, bir zamanlar Stepanakert adlanardı. Uzun illər keçmiş Dağlıq Qarabağın, həm də separatçılığın, milli ayrı-seçkiliyin, milli münaqişənin mərkəz olub. Azərbaycanın bu tarixi ərazisini tökülən qanların, yaralanmaların, şikəst olmaların, evlərin dağıdılma və yıxılmalarının, yolların darmadağın edilmələrinin planlaşdırılma masasına, xəyanət buxarılarına çeviriblər. 30 ildən artıq bu məkan Azərbaycan Dövlətini parçalamaq istəyən qüvvələrin əsas istinad nöqtəsi olub. Azərbaycana qarşı bütün terror aktlarının, məkrli niyyətlərin planı məhz burada cızılıb. Erməni separatizmi burada özünü meydana çıxarıb. Ötən əsrin 80-ci illərinin sonlarında məhz burada etiraz mitinqinə çıxanlar "Miatsum!" deyə bağırır, Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsini tələb edirdilər...
Bəs sonra nələr oldu? “Qarabağın Azərbaycandan alınaraq Ermənistana verilmə planı bütün gücü ilə işə salınmışdı. Heydər Əliyevin istefasından sonra Kremldə Ermənistan himayədarlarının əl-ayağı açılmışdı. Bakının zəif iradəsi fonunda azərbaycanlılardan quş tüfəngləri belə müsadirə edilir, separatçılar isə silahlanırdılar”, - deyən müəllif ardıcıllıqla bütün proseslərə toxunur, yeri gələndə 30-32 il bundan əvvəl lentə alınmış ilginc kadrları da nümayiş etdirir.
Xatırladır ki, daha sonra Qarabağ münaqişəsi Arkadi Volskinin sapand davasından, Viktor Polyaniçkonun avtomat, “Alazan” raketləri dövrünə keçdi... Polyaniçko azərbaycanlılara deyirdi ki, “sona qədər siznənəm”, ermənilərə də deyirdi “nado derjatsa do kontsa!”: “Və beləcə Qarabağ sıxılırdı. Və günlərin bir günü müəmmalı bir hadisə baş verdi. Viktor Polyaniçkoya qarşı şübhəli bir sui-qəsd cəhdi oldu. Həmin şübhəli aktdan sonra onun rəhbərliyi ilə fəaliyyət göstərən Təşkilat Komitəsi Xankəndidən Ağdama köçürüldü. Bununla da Xankəndi tam olaraq ermənilərin nəzarətinə keçdi”.
Və... müəllif burada qəfildən o illərdən bu günlərə qayıdır. “Və indi biz Xankəndidəyik... Əsl qürur və xoşbəxtlik halıdır. Bir misalımız var: "Bundan sonra ölsəm də, dərdim olmaz!” Bu həmin o məqamdır” – deyir. Ardınca da Bakıda, istintaq təcridxanasında oturub aqibətlərinin necə olacağını gözləyən separatçıların keçmiş liderlərini xatırladır. O “liderləri” ki...
Daha ətraflı videomaterialda. Keçmişi öyrənib unutmamaq, bu günü görüb-anlamaq və gələcəyə gedən yolu düzgün seçmək üçün mütləq baxın...