Rusiya Prezidenti Vladimir Putin Vətəndaş Cəmiyyətinin İnkişafı və İnsan Hüquqları Şurası ilə görüşdə Şuranın üzvü, rejissor Aleksandr Sokurovla mübahisə edib. Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bununla bağlı video Kremlin saytında dərc olunub.
Bildirilib ki, Sokurov bir sıra problemlərə - millətlərarası münaqişələrə və ərazi iddialarına diqqət çəkib. O, xüsusilə də ölkə daxilində yaşamaq istəməyənlərə diqqət yetirilməsini və respublikalara sərbəst çıxış verməyi təklif edib.
Rusiya lideri isə rejissorun çıxışını qorxulu manifest adlandırıb.
“Bizimlə kimin yaşamaq istədiyini, kimin istəmədiyini haradan bilirsiniz? Yuqoslaviyanın bizim ərazimizdə təkrarlanmasını istəyirsiniz?", -deyə Putin bildirib. O, həmsöhbətinə böyük hörmətlə yanaşdığını bildirib, lakin ifadələrdə səslənən məlumatları yoxlamağı xahiş edib.
Rusiya lideri onu da xatırladıb ki, 90-cı illərin qanlı dövrü bunun nə ilə sonlanacağını göstərib: “Sizi inandırıram, bunlar təhlükəli oyuncaqlardır. Bu təhlükəli xətdən uzaqlaşmaq üçün çox iş görmüşük. Bizi geri itələməyin. Məgər Rusiya xalqı Rusiya Federasiyasının parçalanmasında maraqlıdır?".
Cavabında Sokurov bildirib ki, o, yalnız qeyd olunan problemlər üzərində düşünməyi təklif edir.
Putin heç kimin bunun əleyhinə olmadığını, lakin bütün bunları söyləməzdən əvvəl yaxşı düşünmək lazım olduğunu vurğulayıb. “Yanıma gəlin, çoxdandır görüşmürük. Qəzəblənməyin, amma bunlar ciddi şeylərdir. Kimisə incidə bilərsiniz”, - deyə Prezident fikrini yekunlaşdırıb.