Makron Avropanın təlxəyinə çevrilir
ELÇİN ALIOĞLUNUN YAZISI

Fransa prezidenti Emmanuel Makronun rəsmi fotoqrafı Soaziq de la Muassonye "İnstagram"da dövlət başçısının məşqi zamanı çəkdiyi iki fotonu paylaşanda, təbii ki, bunu PR, reklam, çalışdığı şəxsi daha da populyar etmək məqsədilə etmişdi.

 

Fotolarda Makron tərli, qəzəbli, əzələləri gərilmiş şəkildə boks çuvalını yumruqlayarkən əks olunub.

 

Fransa prezidenti bu fotolarla maskulist, əzələli və güclü, iradəli və qətiyyətli dövlət başçısı imici formalaşdırmaq istəsə də, tam tərsi olub.

 

Fransızlar Makronu olduğundan güclü görünməkdə, əllaməçilikdə və saxtakarlıqda suçlayıblar.

 

Şərhlərin və rəylərin ümumi qayəsi "Kişidi bu..." tipli olub. 

Bütün marionetka ruhlu zəif siyasətçilər kimi, Emmanuel Makron da zaman-zaman ritorik sensasiyalara müəlliflik etiməyi sevir.

 

Məsələn, o, NATO ölkələri liderlərinin Londondakı zirvə toplantısına cəmi iki həftə qalmış Şimali Atlantika Alyansını "beyin ölümü"ndə suçlamışdı.

 

Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından 3 ay sonra isə o, Qərbi "Rusiyanı alçaltmamağa" çağırmışdı.

 

Qərb ölkələri Makronun bəyanatlarını ilk əvvəl təəccüblə qarşılasalar da, sonradan onun dediklərinə fikir verməməyə başladılar.

 

Daha sonra Emmanuel Makron Moskvaya səfərlərə yollandı, Rusiya prezidenti Vladimir Putinə telefon zəngləri etdi və sözlərinə görə, Ukraynadakı müharibəni dayandırmağa çalışdı.

 

Halbuki E.Makronun əsas məqsədi Avropa İttifaqında lider mövqeyinə yiyələnmək idi. Əslində, Fransa prezidentlərinin hamısı üçün bu istək səciyyəvi olub. Məsələn, Şarl de Qoll Fransanı NATO komandanlığının nəzarətindən çıxarmışdı: o, əla bilirdi ki, Qərbi Avropa hücuma məruz qalarsa, ABŞ mütləq Parisi müdafiə edəcək. Daha sonra o, Fransanın nüvə raketlərini "bütün azimutlar üzrə hədəflərə" yönəldi: sanki o dönəmlərdə Britaniya və ABŞ eynən SSRİ qədər Fransa üçün potensial təhdid mənbəyi idi.

 

İllər sonra Nikola Sarkozi eyni alddımı atmışdı. Liviyadakı vətəndaş müharibəsini müzakirə etmək üçün Yelisey Sarayında toplantı çağıran Sarkozi heç bir ilkin xəbərdarlıq olmadan bəyan etmişdi ki, Benqazi şəhərinə yaxınlaşmış Müəmmər Qəddafinin qoşunlarını bombalamaq üçün Fransa təyyarələrini Liviyaya yollayıb.

 

"Frannsa bu tarixi rolu öz üzərinə götürdü", - Sarkozi şəstlə demişdi.

 

Amma cəmi üç gün sonra Liviyadakı əməliyyatlara NATO rəhbərlik etməyə başladı, çünki Fransa problemlərin öhdəsindən gələ bilmədi.

 

Emmanuel Makronsa kütləyə oynamaqda əvvəlki Fransa prezidentlərini geridə qoymaqla yanaşı, özünü rüsvay etməkdədir.

 

Ötən il NATO-nun növbəti sammiti ərəfəsində Slovakiyanın paytaxtı Bratislavaya yollanmış E.Makron Şərqi Avropa ölkələrinin liderlərinə söylədi ki, onlar Vladimir Putinlə bağlı tutduqları mövqedə haqlı olublar və Ukraynanın NATO-ya qəbul edilməsi prosesinə Fransa rəhbərlik edəcək. Halbuki Makron əla bilirdi ki, Almaniya və ABŞ heç bir halda Ukraynanın NATO sıralarına qəbul edilməsini tezləşdirməyəcəklər. 

Makronun Ermənistana "tam və total" (ifadə Fransa prezidentinə məxsusdur - red.) dəstəyi ilə Azərbaycana qarşı sərt təzyiqlər göstərmək cəhdləri də siyasi diletantlıq, nəticələr olmadan populyarlığa can atmaq istəyi kimi dəyərləndirilə bilər.

 

Şimali Atlantika Alyansında indiyədək mövcud olan bütün yasaqları və qaydaları pozaraq, MDB ölkələrinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü olan Ermənistanla hərbi-texniki əməkdaşlıq sazişi imzalayan, İrəvana hərbi texnika və sursat satan, erməni hərbçilərə təlim kursları təşkil edən Emmanuel Makron sürəkli vurğulayır ki, Fransa Ermənistanın təhlükəsizliyinin ən etibarlı təminatçısıdır.

 

Xurşidbanu Natəvanın Fransadakı heykəlinə qarşı barbar davranışın kökündə də rəsmi Parisin Bakıya olan münasibətsizliyi və aqressiv, isterik ritorikası, erməni diasporunu və Ermənistanı kor-koranə şəkildə dəstəkləməyə yönəlmiş ritorika durur.

 

Amma Fransanın geosiyasi ssenarilər həyata keçirdiyi bütün başqa məkanlarda olduğu kimi, Paris Cənubi Qafqazda da məğlubiyyətə məhkumdur.

 

Səbəb təkdir və sadədir: Fransa yanlış tərəfə "stavka" edib.

 

Ümumiyyətlə, hazırda qlobal miqyasda iki önəmli məsələ var ki, onların ikisində də Emmanuel Makronun prezidenti olduğu Fransa ikinci, hətta üçüncü dərəcəli rol oynayır.

 

İlk problem Ukraynadakı hərbi əməliyyatlar, digər məsələ isə Qəzza bölgəsindəki HƏMAS-İsrail müharibəsidir.

 

ABŞ-ın Ukraynaya növbəti hərbi yardım paketinin reallaşmasını nəzərdə tutan qanun layihəsi Konqresdə “ilişib qaldığı” üçün Paris Kiyevə 54 milyard dollarlıq yardım edə biləcəyini açıqlayıb.

 

Beləcə, Makron administrasiyası Vaşinqtonu qıcıqlandırmaqla yanaşı, Moskvanı özünə düşmən edib.

 

Paralel olaraq E.Makron fələstinlilərlə yanaşı, israillilərin də etibarını tam itirib.

 

Afrikadan sonra Fransa bu minvalla Avropada və Yaxın Şərqdə geostrateji məğlubiyyətlərə düçar olaraq, mövqelərini əhəmiyyətli dərəcədə zəiflədib.

 

E.Makronun bəyanatları və açıqlamaları isə Fransanın yaxın perspektivdə sözügedən regionlarda mövqelərini bərpa etməsi ilə bağlı ehtimalları minimuma endirib.

 

Fransanın bundan sonra qlobal geosiyasətə güclü oyunçu qismində qayıdışı da yetərincə problematikdir.

 

Rəsmi Paris Avropada geosiyasi güc ola bilmədi, Ukraynadakı hərbi əməliyyatlarda aparıcı yox, aparılan tərəf olaraq qaldı.

 

Afrikada olduğu kimi, Yaxın Şərqdə də Fransa ağır zərbələr aldı.

 

Halbuki Avropa və Yaxın Şərqdə yaşanan proseslər yeni dünya düzənini formalaşdırmaqda olan proseslərin əsasını təşkil edir.

 

Cənubi Qafqazda da tam eyni hadisələr yaşanacaq.

 

Fransa dünya geosiyasətində ağırçəkili oyunçulardan birinə, güc mərkəzinə çevrilmək istəyir.

 

Bu, İkinci Dünya Müharibəsindən sonra Fransanın hakimiyyət elitalarındakı qollizm ideologiyasından doğan məqamdır.

 

Fəqət, həmin məqam üçün yeni Şarl de Qoll gərəkdir.

 

Siyasi təlxək Emmanuel Makron yox…






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.