"Bizim Ukraynanı ehtiyac olduğu müddətcə dəstəkləməyimizlə bağlı siqnal verməyimiz vacibdir".
Bunu Almaniya Kansleri Olaf Şolts NATO Baş katibi Yens Stoltenberqlə birgə Berlində mətbuat konfransında deyib.
Şolts bildirib ki, ABŞ-ın Ukraynaya hərbi yardımı təsdiqləməsi ilə bağlı siyasi qərarı vacib siqnal idi.
Kansler Şoltsun sözlərinə görə, Almaniya Ukraynaya ən böyük hərbi yardım təmin edən ikinci ölkədir və indiyə qədər 28 milyard avro dəyərində hərbi yardım edib. Almaniya Kansleri deyib ki, onun ölkəsi Ukraynaya yüksək effektivli silah-sursat verib və bunlar arasında "Patriot" kimi havadan müdafiə sistemləri də var.
Kansler Avropadakı müttəfiqlərə çağırış edərək onları öz hərbi anbarlarına nəzər salmağa və Ukrayna üçün daha necə yardım edəcəkləri ilə bağlı imkanların araşdırmağa çağırıb və vurğulayıb ki, hazırda havadan müdafiə sistemləri ən çox tələb olunandır.