Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevdən Rusiyada saxlanılan Ukrayna vətəndaşlarının, ilk növbədə Krım tatarlarının azad edilməsinə köməklik göstərməsini istəyib. Virtualaz.org-un yazdığına görə, Ukrayna Prezidenti dəftərxanasının məlumatında belə deyilir.
“Bu bizim üçün prioritetdir. Mən bu problemin həllində göstərdiyiniz köməyə görə minnətdar olardım”, - deyə Ukrayna lideri bildirib.
Zelenski həmçinin Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyinə görə Azərbaycana təşəkkür edib və iki ölkə arasında ikitərəfli əməkdaşlığın intensivləşdiyini qeyd edib.
Ukrayna dövlətinin başçısı 2022-ci ildə Ukrayna ilə Azərbaycan və Türkiyə arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd olunacağını xatırladıb və üç dövlətin prezidentinin iştirakı ilə Kiyevdə sammitin keçirilməsini təklif edib.