Türkiyənin “TürkSAT 5B” süni peyki dekabrın 19-da Ankara vaxtı ilə saat 06:58-də (Bakı vaxtı ilə saat 07:58) orbitə göndərilib. Senzor.az bildirir ki, “TürkSAT 5B” süni peyki ABŞ-ın Florida ştatındakı “Cape Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılıb.
Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Yaxın Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Cənubi Afrika və Nigeriya daxil olmaqla geniş əhatə dairəsinə xidmət göstərəcək.
Yeni peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılıb. Bildirilir ki, “TürkSAT 5B”nin manevr ömrü 35 ildən çox nəzərdə tutulub.
Ümumiyyətlə isə, 42 dərəcə şərq orbitində xidmət göstərəcək bu peykin fəaliyyətə başlaması ilə Türkiyənin peyk məlumat həcmi 15 dəfə artacaq.
Yeri gəlmişkən, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı “Tvitter”dəki hesabında paylaşım edib.
"Kosmosda səkkizinci aktiv peykimiz olacaq TürkSAT 5B" 42 dərəcə şərq orbitində ölkəmizə 35 il xidmət etmək üçün kosmos səyahətinə başlayır. Uğurlar", - deyə dövlət başçısı sosial şəbəkədəki hesabında yazıb.