İrəvandakı məzhəkə başa çatır: TƏLXƏKLƏR PAŞİNYANA UDUZURLAR
ELÇİN ALIOĞLU YAZIR

Ermənistanda aprelin 19-da başlayan və indiyədək davam edən aksiyaların təşkilatçıları məqsədlərinə çatmaq üçün bütün yollara əl atırlar.

 

Ermənistan Həvariyun (Apostol) Kilsəsi (EAK), sabiq prezidentlər Robert Köçəryanla Serj Sarqsyanın başçılıq etdikləri və əslən Qarabağdan olan ermənilərdən ibarət "qarabağlılar klanı", xarici ölkələrdəki erməni icmalarınnı diaspor təşkilatları və Rusiyadakı erməni oliqarxların bir araya gəlmələrinin yeganə məqsədi var.

 

Onlar Ermənistanın baş naziri Nikol Paşinyanın hakimiyyətdən kənarlaşdırılmasını tələb edirlər.

 

Proseslərin "erməni xalqının genişmiqyaslı hərəkatı" oluduğu vurğulanır.

 

Halbuki, Azərbaycanla Ermənistan arasında şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin başlanmasına, Ermənistanda 32 ildən bəri işğalda olan 8 kəndimizin azad edilərək Bakıya təhvil verilməsinə, sülh sazişinin iimzalanmasına və Azərbaycanla Ermənistan arasında münasibətlər qurulmasına qətiyyətlə etiraz edənlərin hədəfləri tam fərqlidir.

 

Ermənistandakı aksiyaların səbəbləri məlumdur - bəs onların mahiyyəti nədir və perspektivləri necə olacaq?

 

Suallar ilk baxışdan mürəkkəb təsir bağışlasalar da, onların cavabları sadədir və bu sadəlik İrəvanın mərkəzinə yığışan, küçələri bağlayan, Ermənistanın müxtəlif yerlərində aksiyalar keçirənləri idarə edən qüvvələrin siyasi naşılığı, qeyri-peşəkarlığı və külli miqdarda maliyyəni mənasızcasına sərf etmələri ilə bağlıdır.

 

Ermənistan Həvariyun (Apostol) Kilsəsinin (EAK) Tavuş (Tovuzqala) yeparxiyasının arxiyepiskopu Baqrat Qalstanyanın guya "lider" olduğu aksiyalar məcmusundakı çox ciddi, hətta fatal yanlışlıqlara, pis pərdələnən yalanlara, primitiv gedişlərə və perspektivi xəyala döndərən addımlara nəzər salaq.

 

1. Keşiş Baqrat keşiş Qapon rolunda. 1905-ci ildə Rusiyada kütlənin çar hakimiyyətindən narazılığının inqilaba çevrilməsinə yol verməmək üçün Georgi Apollonoviç Qapona aksiyalara "mənəvi lider"lik etmək tapşırığı verilmişdi. O da narazı kütləni Sankt-Peterburqda Qış Sarayının meydanıa "çarı devirmək" üçün aparmış, minlərlə insan gülləbaran edilmişdi.

 

Arxiyepiskop Baqrat Qalstanyan da Ermənistanın müstəqillik dövründə ilk (!) dəfə olaraq Eçmiədzinin hakimiyyətə iddiasının aşkar izharının bir formasıdır.

 

R.Köçəryan və S.Sarqsyan, erməni diasporu, Rusiya və İranın kontrolundak müxalif  qruplar, habelə bir neçə erməni oliqarxla koalisiya qurmağa çalışan erməni kilsəsi keşiş Baqrat vasitəsilə kütlələri küçələrə çıxarmaq, hakimiyyət dəyişikliyinə nail olmaq istəyir.

 

2. Robert Köçəryanın strateji səhvi. Ermənistandakı aksiyaların kölgədə duran, amma prosesi idarə edən lideri sabiq prezident Robert Köçəryandır. Məhz onun maliyyəsi, resursları və rəhbərlik etdiyi "Ermənistan" siyasi hərəkatının parlament fraksiyası etiraz aksiyalarının əsas qüvvəsidir. R.Köçəryanın Erməni İnqilabi Federasiyası-Daşnaksutyunu da öz tərəfinə çəkdiyini nəzərə alsaq, onun məqsədi aydındır. Sabiq prezident nəyin bahasına olursa-olsun hakimiyyətə qayıtmaq, ölkəni idarə etmək istəyir.

 

O, unudur ki, ermənilərin bir qismi Nikol Paşinyanın idarəetmə sistemindən, onun baş nazir postundakı fəaliyyətindən kəskin narazı ola bilərlər. Ermənistan vətəndaşlarının hətta tam yarısı N.Paşinyanın hakimiyyəti dərhal tərk etməsini istəyə bilər. Ancaq onların arasında Robert Köçəryana rəğbət bəsləyənlər, illah da onun yenidən hakimiyyəti ələ alaraq ölkəni idarə etməsini istəyənlər riyazi minimallıq səviyyəsində azdır.

 

R.Köçəryanın qayıdışını Qərb, xüsusilə də ABŞ və Avropa İttifaqı da hadisələrin ən pis ssenarisi sayaraq Rusiyanın Ermənistan üzərində total kontrolunun, İrəvanın Moskvadan tam asılılığının bərpa ediləcəyini düşünürlər.

 

İran və Fransa da R.Köçəryanı hakimiyyətdə görmək istəmirlər. Tehran əmindir ki, "qarabağlılar klanı"nın rəhbəri Paşinyanı devirərsə, Rusiyanın bölgədəki təsir imkanları artacaq və bu prosesdə Moskvadan asılı İrəvana əlahiddə yer ayrılacaq. Fransanın siyasi elitaları isə Qərbin təlimatlarını və xüsusilə də Parisin göstərişlərini icra edən N.Paşinyanın əvəzinə Parislə "alver"ə başlayaraq Rusiyanın maraqlarını təmin etməyə çalışacaq R.Köçəryanı qıcıq doğuran fiqur hesab edirlər.

 

3. "Demarkasiya və delimitasiya prosesi dayanıb". Etiraz aksiyası keçirənlərə təşkilatçıların göstərişi ilə verilmiş təlimat əsasında səsləndirilən şüarlar arasında bu ifadə xüsusi yer tutur. Halbuki əsla belə deyil və Tavuşda (Tovuzqala) işlər davam edir.

 

Ermənistanda iqtidarda olan "Mülki müqavilə" partiyasından olan deputat Vahe Qalumyan yerli jurnalistlərlə söhbətində deyib: "Əgər Kirantsda üç problemli ərazidən danışırıqsa, sakinlərin təqdim etdiyi mülkiyyət sertifikatlarına görə bu proses bir müddət dondurulub. Onlar sərhəd-keçid məntəqələrində quraşdırılan postlarla müqayisə edilməlidir. Söhbət neçə mülkiyyət şəhadətnaməsindən gedir, bilmirəm. İrəvanda belə iki qonşunun kadastr sertifikatlarını müqayisə etsəniz, orada ziddiyyətlərə rast gəlmək mümkündür. Sərhəddə də oxşar kiçik nüanslar gözə çarpır. Yerləşdirildikdə xəritədə sərhəd xətti 100-120 metrə qədər olan təbəqəni əks etdirir”.

 

Erməni deputat demarkasiya prosesinin hansı ilin xəritəsi əsasında aparıldığını bilmədiyini əlavə edib.

 

4. "Paşinyanın hakimiyyətdən kənarlaşması üçün xalqla məsləhətləşmələr aparılır". Bu açıqlaması ilə keşiş Baqrat Qalstanyan ağ yalan danışmağa artıq adət etdiyini bir daha göstərdi. Erməni kilsəsi, "qarabağlılar klanı", Rusiya və İrandan idarə olunan qruplar, daşnaklar və diasporanın birgə fəaliyyəti olan aksiyaların rəhbərlərinin "xalqla məsləhətləşmələr" aparmaq niyyətləri yoxdur.

 

Ümumiyyətlə, belə niyyət olmayıb və olmayacaq da. Keşiş Baqrat Qalstanyan Robert Köçəryanın “Ermənistan” və Serj Sarqsyanın “Şərəfim var” hərəkatlarının parlament fraksiyalarının rəhbərləri, habelə bir neçə üzvü ilə “məsləhətləşib”. Keşişin fəaliyyət təlimatları aldığı bu görüşdə diasporun və kilsənin nümayəndələri də iştirak ediblər.

 

5. Fəaliyyət yetərsizliyi və proqram yoxluğu. Keşiş Qalstanyanın guya “rəhbərlik” etdiyi yürüş İrəvana çatandan sonra şəhərin mərkəzindəki Respublika meydanında təşkil edilmiş mitinqi xatırlayaq. 20 min nəfərin qatıldığı bu mitinqdə keşiş Baqrat baş nazir Nikol Paşinyana istefa üçün əvvəlcə 1 saat vaxt verdi. Daha sonra həmin «ultimatum» daha bir saat uzadıldı. Sonda daha 2 saat.

 

N.Paşinyan bu ultimatumu eyninə almayanda B.Qalstanyan “qəflətən” ayaqlarında kəskin ağrılar hiss etdi və “təcili tibbi yardım” üçün yaxınlıqdakı dövlət klinikalarına, xəstəxanalara, özəl tibb müəssisələrinə yox, Robert Köçəryanın ofisinin yerləşdiyi “Yerevan Plaza”ya üz tutdu.

 

Daha sonra isə vəziyyət tragikomikləşdi.

 

Baqrat Qalstanyanın marionetka qismində ön plana çəkildiyi etiraz aksiyalarının təşkilatçıları 2018-ci ildə N.Paşinyanın hakimiyyəti ələ keçirmək üçün istifadə etdiyi taktikanı təkrarladılar. Amma Paşinyandan fərqli olaraq, keşiş Baqratın sonrakı fəaliyyətlə bağlı heç bir planı yox idi.

 

O, deputatların mandatlarını təhvil verməsini, parlamentin buraxılmasını və yeni seçkilər keçirilənədək Nikol Paşinyanın baş nazir səlahiyyətlərini icra etməməsini tələb etdi.

 

Di gəl, etiraz aksiyalarının müəllifləri və təşkilatçıları Ermənistan Konstitusiyasını unudublar. Həmin Konstitusiyaya görə, parlament buraxılandan sonra baş nazir də istefa verərsə və ya səlahiyyətlərini yeni seçkilərədək icra etməkdən imtina edərsə, hökumətin rəhbəri səlahiyyətləri avtomatik olaraq baş nazirin müavininə keçir.

 

Hazırda N.Paşinyanın müavini Mher Qriqoryandır və o, iqtidardakı “Mülki müqavilə” partiyasının aktiv funksionerlərindən biridir. Üstəlik, M.Qriqoryan N.Paşinyana xüsusi sədaqəti ilə seçilir.

 

Belədə, keşiş Baqratın tələbi ironiya doğurur.

 

Digər “tələb” parlamentdə baş nazir Nikol Paşinyana impiçment elan edilməsi ilə bağlıdır.

 

107 yerlik Ermənistan parlamentində iqtidardakı “Mülki müqavilə” fraksiyası 71 mandata və ya bütün yerlərin 53,92 faizinə, Robert Köçəryanın “Ermənistan” fraksiyası 29 mandata (21,04 faiz), Serj Sarqsyanın “Şərəfim var” fraksiyası isə 7 mandata (5,23 faiz) malikdir.

 

İmpiçment proseduru təklifinin səsə qoyularaq qəbul edilməsi üçün belə, Köçəryan-Sarqsyan dueti 107 deputatın 51 faizinin dəstəyinə, yəni təklifin lehinə səs verməsinə nail olmalıdır ki, bu da ən azı 55 mandat deməkdir.

 

36 mandata malik Köçəryan-Sarqsyan dueti çatışmayan 19 mandatın dəstəyinə nail olmaq üçün mütləq şəkildə “Mülki müqavilə” fraksiyasına üz tutmalıdır. Nikol Paşinyanın rəhbərlik etdiyi fraksiyanın mənsublarının bir neçəsinin «Paşinyanın tərəfdarları asılmalı, güllələnməlidir - hakimiyyətə gələn kimi onları cəzalandıracağıq» deyənləri dəstəkləyərək Paşinyanın hakimiyyətdən kənarlaşdırılması təklifinə səs verəcəkləri isə absurddur.

 

Maskaların yırtılması ilə bağlı son qərar isə “Ermənistan” və “Şərəfim var” fraksiyalarından olan deputatların mandatlarından imtina etməyərək xalqı küçələrə çağırmaları oldu. Bu çağırışı keşiş Baqrat Qalstanyan səsləndirdi və hələ də səsləndirməyə davam edir.

 

Bu isə R.Köçəryan, S.Sarqsyan, erməni kilsəsi, diaspor, Rusiya və İrandan idarə olunan müxalifət qruplarından ibarət müvəqqəti koalisiyanın məsuliyyəti boyunlarından ataraq sıravi erməniləri önə çıxarmaq planıdır.

 

Və sonda…

 

Ermənistanda Nikol Paşinyana qarşı etiraz aksiyaları yalnız o zaman uğurlu ola bilərdi ki, hərəkatda müxalifət düşərgəsinin müxtəlif spektrləri, ən əsası isə R.Köçəryan və S.Sarqsyanla əlaqəli olmayan qüvvələri öndə olaydı.

 

Olmadı. Belədə, keşiş Baqrat Qalstanyanın irəlidəki marionet kimi istifadə olunduğu yığnaq heç bir uğura nail ola bilməyəcək, bilməz də.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.