Pərvin Mirzəzadə Türkiyə ilə münasibətlərimizi korlamaq tapşırığını kimdən alıb? - DİPLOMATİK QALMAQAL
Məlum olduğu kimi, dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) kitabxanasında “Rusiya-Azərbaycan yeni regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq sistemində: İlin yekunları və perspektivlər” adlı beynəlxalq dəyirmi masa keçirilib. Rusiyanın “Şimal – Cənub Politologiya Mərkəzi” və “Baku Network” Beynəlxalq Siyasət və Təhlükəsizlik Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Rusiyadan olan ekspertlərlə yanaşı Azərbaycandan da bir sıra tanınmış şəxslər – deputatlar, diplomatlar, ekspertlər və media nümayəndələri iştirak ediblər. 
 
Ovqat.com sözügedən toplantı ilə bağlı diplomatik skandal sayıla biləcək məlumatlar əldə edib. Məlumata görə, tədbirdə Türkiyə ilə Azərbaycan arasındakı münasibətləri korlamağa hesablanmış bir sıra fikirlər səsləndirilib və bu fakt qardaş ölkənin də gözündən yayınmayıb.

Məlumatın əsas məğzinə keçməmişdən xatırladaq ki, tədbirə Trend-in baş redaktoru Emin Əliyevdən tutmuş, Rusiya İqtisadiyyat Məktəbinin direktor müavini Elşad Məmmədov, “Cənubi Qafqaz” politologiya klubunun rəhbəri İlqar Vəlizadə, CBC telekanalının baş direktoru Vüqar Xəlilov, xüsusi tapşırıqlar üzrə səfir Pərvin Mirzəzadəyədək ölkənin “rusdilli ictimaiyyəti” kimi tanınan zümrəsinin aktiv simaları qatılıblar. Natiqlər çıxışlarında Azərbaycanda rusdilli məktəblərin yağışdan sonra çıxan göbələklər kimi artmasından ağız dolusu bəhs edib, iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasında bunun olduqca vacibliyini vurğulayıblar. Halbuki, təhsilin dövlət dilində olması hər bir ölkənin müstəqilliyinin, suverenliyinin qarantıdır və Azərbaycanda son zamanlar rusdilli təhsilə xüsusi diqqət yetirilməsi heç bir məntiqlə izah oluna bilməz. Üstəlik, rusca danışmaq  və ya Rusiyanı tanımaq hələ şimal qonşumuzla münasibətlərdə ölkənin milli maraqarını unutmaq anlamına gəlmir. 
Türkiyə ilə münasibətlərimizi korlamağa hesablanmış əsas çıxışa gəlincə, bildirilir ki, beynəlxalq forumda rusdilli zümrənin diplomatı kimi tanınan Pərvin Mirzəzadənin digər ekspert və ictimai fəallardan, hətta Rusiya nümayəndələrindən də qabağa gedərək bir sıra qalmaqal yaradan bəyanatlar səsləndirməsi xüsusilə diqqətdən yayınmayıb. İddialara görə, xüsusi tapşırıqlar üzrə səfir Rusiyanın Suriyadakı hərbi əməliyyatlarını dəstəkləyərək bildirib:  
“Biz Rusiyanın Suriyada həyata keçirdiyi əməliyyatı dəstəkləyirik. Təsadüfi deyil ki, Suriyaya uçüş həyata keçirən bir sıra rus hərbi təyyarələri Azərbaycanın fəzasından istifadə edirlər”.  Xüsusi tapşırıqlar üzrə səfirin xüsusi canfəşanlığı istər-istəməz suallar doğurur: XİN-də korrupsiya skandalları ilə ad çıxaran nazir Elmar Məmmədyarov istefaya göndərildikdən sonra vəzifəsindən kənarlaşdırılsa da, kifayət gədər yüksək statusunu qoruyub saxlaya bilən, hətta diplomatik külislərdə nazirdən daha səlahiyyətli şəxs kimi tanınan Mirzəzadə bu fikirləri səsləndirərkən nəyi nəzərdə tutub? Azərbaycan Suriya münaqişəsində nə vaxtdan tərəfdir? Əgər Bakı həqiqətən də Rusiyanı dəstəkləyirsə, bu tərəfkeşlik kimə qarşıdır? Axı Suriyada Rusiyanın rəqibi qardaş Türkiyədir və diplomatın sözündən belə çıxır ki, biz Rusiyanın Türk əsgərinə qarşı həyata keçirdiyi hava hücumlarını dəstəkləyirik. Görəsən, cənab Mirzəzadənin ümumiyyətlə Şuşa Bəyannaməsindən, Türkiyə ilə münasibətlərimizin strateji müttəfiqlik səviyyəsində rəsmiləşməsindən xəbəri varmı? Mirzəzadə Azərbaycan Prezidentinin dəfələrlə bəyan etdiyi “Azərbaycan münaqişəli modellərin yox, əməkdaşlıq platformalarının tərkib hissəsidir” kimi xarici siyasət kursunun da fərqində deyil? Yoxsa nəyin bahasına olursa-olsun Moskvanın gözünə girmək istəyi Azərbaycanın xarici siyasi kursunu diplomatın yadından çıxarıb? Ən əsası, cənab Mirzəzadə kimin xüsusi tapşırıqlar üzrə səfiridir: Prezident İlham Əliyevin, yoxsa Rusiyanın və onun Azərbaycandakı “5-ci kolonu”nun?
Bu kimi sualların fonunda sözügedən dəyirmi masanın AMEA-nın kitabxanasında keçirilməsi də maraq doğurmaya bilməz. Zira AMEA-nın prezidenti Ramiz Mehdiyev Rusiyanın Azərbaycandakı “5-ci kolonu”nun rəhbəri kimi tanınır və Moskvanın sifarişli tədbirləri nədənsə məhz bu adamın təşəbbüsü ilə həyata keçirilir. 
 
Məsələyə bir də bu aspektdən yanaşanda diplomatik status etibarilə Azərbaycan Prezidentinin sözçüsü kimi görünən xüsusi tapşırıqlar üzrə səfirin xarici siyasət kursumuzu əks etdirməyən bəyanatı nəyə hesablanmış ola bilər? Xüsusi tapşırıqlar üzrə səfirin bu çıxışından XİN rəhbərliyinin xəbəri varmı? Xəbəri varsa, cənab nazir Ceyhun Bayramov niyə indiyədək bu təxribatı cəzalandıracaq addımlar atmayıb? Olmaya, o da xüsusi tapşırıqlar üzrə səfirin fikirlərini dəstəkləyir?
 
Məlum olduğu kimi, Elmlər Akademiyası kimi sanballı məkanlarda belə toplantılar yuxarının icazəsi olmadan keçirilmir. Bəs toplantının keçirilməsinə icazəni verən yuxarılar necə  - tədbirin mahiyyətini araşdırıblarmı? Yoxsa Akademiya binasına daxil olan hər kəs qocaman akademikin ürəyinə xoş gələn, sağına-soluna baxmadan Rusiyaya bəy tərifi demək məcburiyyətindədir?  
Yoxsa, Ramiz Mehdiyevin xeyir-duası ilə keçirilən toplantı və orda səsləndirilən fikirlər Azərbaycan Prezidenti ilə onun türkiyəli həmkarı Rəcəb Tayib Ərdoğan arasındakı yaxın münasibətlərə şübhə toxumu səpmək məqsədi güdür? Pərvin Mirzəzadənin xüsusi tapşırıqlar üzrə səfir statusu daşıması bu mənada təsadüfi görünmür. Zira hər bir səfir Prezident tərəfindən seçilir. Xüsusilə də xüsusi tapşırıqlar üzrə səfirlər. Adlarından da göründüyü kimi, bu missiyanın daşıyıcıları birbaşa Prezidentin xüsusi tapşırıqlarını həyata keçirirlər və yeri gələndə nazirə belə hesabat vermirlər. Görünür, Prezident İlham Əliyevə tələ quran AMEA-nın qoca qurdları bu nüansları nəzərə alıb Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirəcək missiyanı həyata keçirməyi P.Mirzəzadənin çiyinlərinə yükləyiblər.
 
Sirr deyil ki, Azərbaycan hazırda çox həssas tarixi məqamdan keçir. Türkiyənin dəstəyi ilə Vətən müharibəsində əldə etdiyimiz qələbə ölkəni tamamilə yeni regional oyunçu statusuna qaldırıb. Bizimlə düşmənçilikdən imtina etməmiş Ermənistanla bərabər, bu yeni rola qısqanclıqla yanaşan Avropa, elə həmin Moskva da ölkəmizə qarşı müxtəlif təsirlər göstərməyə çalışır və bu siyasətindən əsla vaz keçməyəcəklər. Bakıda adı kimlərəsə xoş görünən bu cür toplantılar düzənləməklə Azərbaycanın balanslı və prinsipial  xarici siyasət mövqeyinə xələl gətirə biləcək belə bəyanatları səsləndirmək də bu təsirlərin tərkib hissəsi ola bilər. Məqsəd isə aydındır: Azərbaycan-Türkiyə müttəfiqliyinə kölgə salmaqla, ölkəmizin müvazinətini sarsıtmaq, dövlətimizi hər hansı güc mərkəzin təsiri altına salmaq,  xarici siyasət və milli maraqlarımıza zidd iradəni diktə etmək.
 
Mövzunu diqqətdə saxlayacağıq.





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.