Mətbuatda xəbər verildiyi ki, bir müddət sonra Fransada keçrilməsi nəzərdə tutulan prezident seçkilərində iştirak edəcək namizədlərdən biri və həm də Parisin İl-de-Frans regionunun rəhbəri Valeri Pekress gizli şəkildə Azərbaycanın suveren ərazisi - BMT tərəfindən tanınmış Xankəndi şəhərinə səfər edib. Onun bu gizli səfəri barədə “France Televisions”un siyasi şərhçisi Julyen Neni öz “Tvitter” hesabında məlumat yayıb. Neni yazıb ki, “Valeri Pekress bugünlərdə Dağlıq Qarabağı ziyarət edib. Orada yerli siyasətçilərlə görüşüb. Təhlükəsizlik səbəbindən bu səfər Ermənistanda olan Fransa KİV-ləri tərəfindən işıqlandırılmayıb”.Bu hadisədə diqqətimi bir neçə məsələ cəlb etdi:
1. Rus "sülhməramlıları" Azərbaycanın icazəsi olmadan digər şəxsləri qanunsuz şəkildə Azərbaycan ərazisinə niyə buraxırlar?
2. Qarabağ məsələsinin belə həssas məqamında maraqlı dövlətlərin nümayəndələri beynəlxalq hüquqa zidd olaraq niyə təxribatçı addımlar atırlar?
3. Fransa münaqişənin həllini istəyirsə, onun mediası Qarabağı niyə “Dağlıq Qarabağ” adlandırır?
Bu suallara çətin ki cavab verəcək kimsə tapılsın. Ona görə ki, Azərbaycana qarşı bu addımlar tam şüurlu şəkildə atılıb. Fransa siyasətçiləri seçkilərdə erməni lobbisinin dəstəyini almaq üçün hər cür qanunsuz əməlləri həyata keçirirlər. Digər tərəfdən isə həmin "siyasətçilər" Qarabağ ərazisində yerləşən nasist erməni hərbçilərinin məzarlarını ziyarət edirlər.
Fransa bu atdığı addımlarla həm də onu göstərir ki, ondan tərəflər arasında sülhün əldə edilməsi istiqamətində vasitəçi olmaz. Çünki onun siyasi elitası erməni lobbisinin əsirinə çevrilib. Bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putin Qarabağda müvəqqəti fəaliyyət göstərən rus "sülhməramlıları"na təşəkkür etdi. Dünən isə Rusiya müdafiə naziri Sergey Şoyqu açıqlama verərək bildirdi ki, "rus sülhməramlıları" Qarabağda təhlükəsizliyin təmin edilməsində əsas təminatçıdır".
Ondan sonra bu informasiyanın yayılması onu göstərir ki, deməli nə Fransa, nə də Rusiya Azərbaycana qarşı səmimi addım atmırlar.
Fikrimcə, baş verənlərlə bağlı Azərbaycan tərəfi həm Qarabağa qanunsuz şəkildə səfər etmiş şəxslərin Azərbaycana girişini qadağan etməli, həm də Qarabağda müvəqqəti olaraq yerləşdirilmiş rus "sülhməramlıları"nın komandanlığına qəti şəkildə etirazını bildirməlidir.
Əgər bu hallar bir də təkrar olunarsa, o zaman Azərbaycan tərəfi Laçın dəhlizində post qurmalı, rus "sülhməramlıları"nın fəaliyyətinə yenidən baxmalı, digər təminatçı ölkə Türkiyənin sülhməramlı qoşunlarını gətirməklə bölgədə balans yaratmalıdır.
Hesab edirəm ki, o zaman regionda baş verən qanunsuzluqların qarşısı müəyyən dərəcədə alına bilər.
Samir Hümbətov,
politoloq