
Ermənistanın baş naziri Nikol Paşinyan Tavuş vilayətinin sərhəd kəndlərinə səfəri çərçivəsində Voskepar kəndindəki Müqəddəs Məryəm kilsəsini ziyarət edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan səfərinin videosunu sosial şəbəkələrdə yerləşdirib. Baş nazir məbəddə şam yandırarkən lentə alınıb.
Bundan sonra Milli Təhlükəsizlik Xidməti Sərhəd qoşunlarının qərargah rəisi, polkovnik Edqar Hunanyan baş nazirə kilsənin arxasındakı dərədə yerləşən sərhəd sütunlarından birini göstərib. “Sərhədin özü dərənin dibi ilə keçir, lakin relyef sütunun aşağıda quraşdırılmasına imkan vermədi. Azərbaycan tərəfdəki dirəklərdən biri kilsənin yanındakı təpənin arxasında, ondan təxminən 130 metr aralıda quraşdırılacaq”, - deyə Hunanyan situasiyanı izah edib.
Onun sözlərinə görə, Ermənistan tərəfi artıq sərhədçilər üçün müşahidə məntəqələrinin tikintisinə başlayıb: “Biz altı müşahidə məntəqəsi quraşdırmışıq, Azərbaycan tərəfi hələ ki yollar çəkir və əldə olunan bütün razılaşmalar yerinə yetirilir”, - deyə Sərhəd qoşunlarının qərargah rəisi bildirib.
Paşinyan oradan qonşu sərhəd kəndi Kirantsa yollanıb.
Senzor.az