
İyunun 23-də Dağıstanda baş verən terror aktları 15-dən çox polis əməkdaşının həyatına son qoyub.
Senzor.az bildirir ki, Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov bunu özünün Teleqram kanalında yayımladığı videoda deyib.
Onun sözlərinə görə, 15-dən çox polis Dağıstanın əmin-amanlığını qoruyan zaman terror aktının qurbanı olub.
Qeyd edək ki, onlardan biri Dağıstan İşıqları polis idarəsinin rəisi Mavludin Xıdırnəbiyevdir. O, terrorçularla atışma zamanı ağır yaralanaraq dünyasını dəyişib.
Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib. Müvafiq fərmanı Sergey Melikov imzalayıb.
Xatırladaq ki, iyunun 23-ü axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.
**22:45(23.06.2024)

Mahaçqala və Dərbənddə yaraqlıların hücumları nəticəsində 9 nəfər ölüb, onlardan 7-si hüquq-mühafizə orqanlarının əməkdaşlarıdır.
Bu barədə Dağıstan Respublikası Müftiliyi teleqram kanalında bildirib.
Daha 25 nəfərin xəsarət aldığı qeyd edilib.
“Qəddarlıqla törədilən terror aktlarının qurbanları hüquq-mühafizə orqanlarının əməkdaşları, din xadimləri və adi vətəndaşlar olub”, - deyə məlumatda deyilir.
Müftilik həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib: “Sizinlə birlikdə yas tutur və Uca Yaradandan səbir diləyirik”.
**21:02

Dağıstanda hüquq-mühafizə orqanlarının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.
Bununla bağlı Rusiya Federasiyası Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Dağıstanın paytaxtı Maxaçqalada terrorçular polisə hücum edib.
Rusiya Milli Antiterror Komitəsi Respublika ərazisində əksterror əməliyyatı rejiminin tətbiq olunduğunu açıqlayıb.
**
Dağıstanın (Rusiya Federasiyası) Dərbənd və Mahaçqala şəhərlərində baş verən terror aktları nəticəsində 23 nəfər xəsarət alıb.
Bu barədə “112” teleqram kanalı mənbəyə istinadən yazıb.
Vurğulanıb ki, hazırda 5 nəfərin öldüyü məlumdur.
Dağıstanın Daxili İşlər Nazirliyi xəbər verir ki, hüquq-mühafizə orqanının 6 əməkdaşı həlak olub, 12-si yaralanıb.
Rusiya Milli Antiterror Komitəsinin informasiya mərkəzi isə bildirib ki, bütün Dağıstan ərazisində antiterror əməliyyatı rejimi tətbiq edilib, hazırda kilsə və sinaqoqu atəşə tutan yaraqlıların zərərsizləşdirilməsi üçün tədbirlər görülür.
“Vətəndaşların təhlükəsizliyini təmin etmək, terror cinayətlərinin qarşısını almaq və silahlı hücumda iştirak edən şəxslərin tutulması üçün Rusiya FSB-nin Dağıstan üzrə departamentinin rəhbəri antiterror əməliyyatı keçirmək qərarına gəlib”, - məlumatda deyilir.
Qeyd edək ki, bu gün axşam saatlarında Dərbənd və Mahaçqala şəhərlərində iki pravoslav kilsəsi, sinaqoq və yol polisi postuna silahlı basqın edilib.