İyunun 28-də İranda keçirilən 14-cü çağırış prezident seçkilərində səsvermədə 24,5 milyon seçici iştirak edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu İran Daxili İşlər Nazirliyi yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
M.Eslami bildirib ki, növbədənkənar prezident seçkilərində seçici aktivliyi 40% təşkil edib.
Eslami əlavə edib ki, yekun nəticə İranın Konstitusiya Nəzarət Şurası tərəfindən təsdiqlənməlidir.
“Beləliklə namizədlərdən heç biri səslərin 50%-ni toplaya bilmədiyi üçün 5 iyulda prezident seçkilərinin 2-ci turu Məsud Pezeşkian və Səid Cəlili arasında baş tutacaq”, - deyə o qeyd edib.
Səsverməyə əsasən sabiq səhiyyə naziri və “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 10,4 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili 9,47 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 3,38 milyon və sabiq təhlükəsizlik rəsmisi Mustafa Purməhəmmədi 206 min səs toplayıb.
Qeyd edək ki, hazırda İranda 61 452 321 nəfər seçici hüququna sahibdir.
**11:29
Görünür, İranda prezident seçkisində favorit namizədlər Məsud Pezeşkian və Səid Cəlili seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.
Bu barədə İranın "Farhikhtegan" qəzeti məlumat yayıb.
Nəşr xatırladır ki, birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.
İran seçki komissiyasının son rəsmi məlumatına görə, Pezeşkian 6 milyon, Cəlili 5,6 milyon (ümumilikdə 61 milyon seçici) səs toplayır.
**10:43
İranın sabiq səhiyyə naziri, “İslahatçılar” düşərgəsinin nümayəndəsi Məsud Pezeşkian 19 milyon səsin hesablanmasından sonra da öndədir.
Senzor.az bildirir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
M.Eslami bildirib ki, 58 min seçki məntəqəsindən 47,6 minində bülletenlər hesablandıqdan sonra Məsud Pezeşkian 8,3 milyon, İranın Ali Liderinin Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlil 7,18 milyon, İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf 2,67 milyon və sabiq təhlükəsizlik rəsmisi 158 min səs toplayıb.
**09:28
İranda növbədənkənar prezident seçkilərində indiyədək hesablanan səslərdən sonra Məsud Pezeşkian liderdir.
Senzor.az bildirir ki, bunu ölkənin Seçki Qərargahının sözçüsü Möhsün İslami deyib.
12 058 843 bülletenin hesablanmasından sonra Məsud Pezeşkian 5 354 000 səslə liderlik edir. Onun ardınca 4 875 269 səslə Səid Cəlili ikinci, Məhəmməd Bagir Qalibaf 1 620 628 səslə üçüncü, Mustafa Purməhəmmədi isə 95172 səslə dördüncü sırada qərarlaşıb.
**07:44
İranın dini liderinin respublikanın Milli Təhlükəsizlik üzrə Ali Şurasındakı nümayəndəsi, mühafizəkarlar qanadına mənsub Səid Cəlili 10,366 milyon səs (cəmi 61 milyon seçici) hesablandıqdan sonra növbədənkənar prezident seçkilərində öndədir.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə İslam Respublikasının seçki qərargahının nümayəndəsi Möhsün Əslami məlumat verib.
O, İRİB telekanalının efirində bildirib ki, 28 min seçki məntəqəsindən 58 min bülletenin sayılmasından sonra Cəlili 4,266 milyon səs toplayıb, əvvəllər seçkilərdə lider olmuş Səhiyyə Nazirliyinin sabiq rəhbəri Məsud Pezeşkyana isə 4,244 milyon nəfər səs verib. İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibafa seçicilərin 1,385 milyonu səs verib. Prezidentliyə dördüncü namizəd - Daxili İşlər və Ədliyyə Nazirliyinin sabiq rəhbəri - mühafizəkar Mustafa Purməhəmmədi 80,5 min səs toplayıb.
**00:39
İranda 14-cü dönəm prezident seçkiləri üçün səsvermə ölkə boyu saat 24:00-da başa çatıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, səsvermə prosesi başa çatdıqdan sonra səslərin sayılması prosesi başlayacaq.
İran xalqı bu gün 4 il fəaliyyət göstərəcək yeni prezidenti seçmək üçün sandıq başına gedib.
Seçkilərdə Təbriz millət vəkili Məsud Pezeşkian, parlament sədri Məhəmməd Baqir Qalibaf, Milli Təhlükəsizlik Ali Şurasının keçmiş baş katibi Səid Cəlili və keçmiş daxili işlər naziri Mustafa Purmuhəmmədi yarışır.
**23:29 (28.06.2024)
İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 24:00-dək (Bakı vaxtı ilə 00:30) uzadılıb.
Senzor.az bildirir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Onun sözlərinə görə, seçicilərin seçkini rəğbətlə qarşıladığına görə seçkilərin vaxtı iki saat artırılıb.
Qeyd edək ki, bu gün İranda növbədənkənar prezident seçkiləri keçirilir. Seçkilərə yerli vaxtla saat 08:00-da start verilib. Seçkilərin müddəti 10 saatdır və Daxili İşlər Nazirliyi lazımi hesab etdiyi halda, seçkilərin vaxtı uzadıla bilər.
**20:26
İranda keçirilən növbədənkənar prezident seçkiləri yerli vaxtla saat 22:00-dək (Bakı vaxtı ilə 22:30) uzadılıb.
Senzor.az bildirir ki, bunu İran DİN yanında Seçki Qərargahının sözçüsü Möhsün Eslami deyib.
Onun sözlərinə görə, daxil olan müraciətlər əsasında İranın daxili işlər naziri Əhməd Vəhidi seçkilərin müddətinin daha iki saat uzadılmasına qərar verib.
Əlavə edək ki, bu gün yerli vaxtla saat 18:00-da başa çatması nəzərdə tutulan prezident seçkilərinin müddəti bundan əvvəl saat 20:00-dək uzadılmışdı.
**09:28
İranda növbədənkənar prezident seçkiləri üçün səsvermə başlayıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, seçki məntəqələri saat 08:00-da (Bakı vaxtı ilə 08:30) açılıb.
Dövlət başçısı postu uğrunda 4 namizəd mübarizə aparır. İran Konstitusiyasının Keşikçilər Şurası əvvəlcə altı siyasətçinin ərizəsini təsdiqləsə də, iyunun 26-da mühafizəkarların xeyrinə namizədliyini geri götürdüyünü elan edən vitse-prezident Əmir Hüseyn Qazizadə Haşimidən sonra Tehran meri Əlirza Zəkani də iyunun 27-də analoji qərar verib.
O, mühafizəkarlar qanadından iki əsas namizədi - parlamentin spikeri Məhəmməd Bağır Qalibafı və respublikanın Təhlükəsizlik Şurasındakı ruhani liderin nümayəndəsi Səid Cəlilini dəstəkləyib. Onlardan başqa, yarışda mühafizəkar keçmiş Daxili İşlər və Ədliyyə Nazirliklərinin rəhbəri Mustafa Purməhəmmədi və islahatçı düşərgədən yeganə namizəd - keçmiş səhiyyə naziri Məsud Pezeşkian da var.
İranın "Mellat", ISPA və "Shenaaxt" beyin mərkəzlərinin bütün seçki kampaniyası boyu keçirdiyi rəy sorğularının son nəticələrinə görə, hazırda Pezeşkian liderdir. Sonra cüzi fərqlə Cəlili və Qalibaf müvafiq olaraq ikinci və üçüncü yerləri tuturlar.
İranda 60 minə yaxın seçki məntəqəsi və 90 min səsvermə məntəqəsi fəaliyyət göstərir. Azı 344 dairə ölkədən kənarda olan vətəndaşlar üçün açıq olacaq.