
İslahatçı Məsud Pezeşkian İranda keçirilən prezident seçkilərinin ikinci turunda mühafizəkar Səid Cəliliyə qalib gəlib.
Senzor.az bildirir ki, bunu ölkənin Seçki Qərargahının rəsmi nümayəndəsi Mohsen Eslami açıqlayıb.
Onun IRIB telekanalında bildirdiyinə görə, 30,53 milyon bülletenin hamısının emalının nəticələrinə əsasən, müasir İran tarixində doqquzuncu seçilmiş prezident olan Pezeşkian 16,384 milyon səs toplayıb – səslərin azı 53,6 faizi.
İran liderinin respublikanın Ali Milli Təhlükəsizlik Şurasındakı nümayəndəsi, mühafizəkar Səid Cəlili 13,538 milyon – 44,3% səs toplayıb.
İranda keçirilən prezident seçkilərində seçici fəallığı 49,8% təşkil edib.
Qeyd edək ki, İran Prezidenti ali rəhbər Əli Xameneidən sonra ölkədə əhəmiyyətcə ikinci siyasətçidir. Prezidentin vəzifələrinə konstitusiyanın müddəalarını həyata keçirmək və icra hakimiyyətinə rəhbərlik etmək daxildir. İranın xarici siyasətinin ümumi istiqaməti yeni Prezidentdən asılı olacaq.
...Senzor.az xatırladır ki, M.Pezeşkian 29 sentyabr 1954-cü ildə Qərbi Azərbaycan əyalətinin Soyuqbulaq (Mahabad) şəhərində anadan olub.
O, orta məktəbi doğma şəhərində bitirib, sonra Urmiya Kənd Təsərrüfatı Kollecində qida sənayesi üzrə təhsil alıb.
1973-cü ildə Sistan və Bəlucistan əyalətində hərbi xidmətdə olan azərbaycanlı siyasətçi 1975-ci ildə eksperimental elmlər sahəsində yenidən təhsilə başlayıb. 1976-cı ildə isə Təbriz Tibb Elmləri Universitetinə daxil olub. 1985-ci ildə ümumi tibb təhsilini bitirərək, Tibb Universitetində fiziologiya müəllimi kimi dərs deyib.
1990-cı ildə Təbriz Tibb Elmləri Universitetində ümumi cərrahiyyə ixtisasını başa vurub. 1993-cü ildə İran Tibb Elmləri Universitetində ürək cərrahiyyəsi üzrə yüksək ixtisas alaraq, Təbrizin Şəhid Mədəni Ürək Xəstəxanasında işə başlayıb, sonra həmin xəstəxananın rəisi olub.
O, Məhəmməd Xatəminin prezidentliyi dövründə səhiyyə nazirinin müavini, səhiyyə naziri vəzifəsində çalışıb.
Məsud Pezeşkian İranın 8, 9, 10, 11 və bu il keçirilən 12-ci dövr parlament seçkilərində qalib gəlib, Təbriz, Tufarqan (Azərşəhr) və Üskü şəhərlərinin millət vəkili olub.
Azərbaycanlı siyasətçi müxtəlif dövrlərdə İran parlamentinin Səhiyyə Komissiyasının üzvü, rəhbəri və parlament sədrinin birinci müavini vəzifələrini yerinə yetirib.
2013 və 2021-ci illərdə prezident seçkilərində qeydiyyatdan keçən Məsud Pezeşkian son anda namizədliyini geri götürüb.
M.Pezeşkian ailəli olub, 4 övladı var, həyat yoldaşı 19 il əvvəl dünyasını dəyişsə də, o, bir daha evlənməyib.
İslahatçı siyasi cərəyana mənsub olan Təbrizin İran parlamentindəki millət vəkili mühafizəkar siyasi cərəyan üzvləri arasında da nüfuza sahibdir. Uzun illər hakimiyyətdə təmsil olunmasına, yüksək vəzifələr tutmasına baxmayaraq, adı repressiya və korrupsiya əməllərində hallanmayıb.
Bu səbəbdən də 14-cü dövr prezident seçkilərində namizədliyini irəli sürən digər siyasətçilərlə müqayisədə qalib gəlmə şansı yüksək qiymətləndirilirdi.
Məsud Pezeşkian İranda yaşayan qeyri-farslar, xüsusən azərbaycanlılar arasında milli hüquq və ana dili sahəsindəki çıxış və tələblərinə görə təqdir olunan azsaylı, bəlkə də yeganə siyasətçidir. Buna görə də, namizədliyini irəli sürdüyü andan başlayaraq radikal fars miliyyətçilərinin hədəfinə çevrilmiş, separatizm və pantürkizmi dəstəkləməkdə günahlandırılmışdı.
Azərbaycanlı siyasətçi eyni halda hakimiyyətdə təmsil olunmasına rəğmən hakimiyyəti ən çox tənqid edən şəxs kimi də tanınır. O, hakimiyyətin daxili siyasətlə yanaşı, xarici, beynəlxalq siyasətinin də yanlış olduğunu deyir, qonşularla, xüsusən Azərbaycan Respublikası ilə münasibətlərə yenidən baxılmasını tələb edir.
Qarabağın işğalda olması və İkinci Qarabağ müharibəsi dövründə ədalətli mövqeyinə görə bəzi radikal fars milliyyətçiləri və cərəyanlarının təzyiqləri ilə qarşılaşıb. Hakimiyyətə müxalif cərəyanlar və təşkilatlar Pezeşkianın namizədliyinin təsdiq olunmasını mövcud rejimin azərbaycanlı siyasətçinin nüfuzundan istifadə edərək, vətəndaşları seçkilərə cəlb etmək imkanı ilə əlaqələndirirdilər.
Bir çox ekspertlərin fikrincə, son dərəcədə məntiqli və yetkin siyasətçi olan Məsud Pezeşkian hazırkı ağır dönəmdə Tehran rejiminin vəziyyətdən çıxması üçün ən ideal seçim olub.
Senzor.az