Sərdar Cəlaloğlu: Parlamentə müxalifət adı ilə 6 nəfər düşəcək...
“İKİ NƏFƏR MÜSAVAT-dan, İKİ NƏFƏR REAL-dan, MİRƏLİOĞLU və...”

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Azpolitika.info"ya müsahibəsində seçki prosesi, Naxçıvan Muxtar Respublikasında siyasi dəyişikliklərdən sonrakı vəziyyət və ölkə gündəminin başqa mövzuları ilə bağlı sualları cavablandırıb.

 

Senzor.az məsələnin və toxunulan məqamların aktuallığını nəzərə alaraq həmin müsahibənin seçkilərlə bağlı hissəsini öz oxucularına təqdim edir:

 

- Sərdar bəy, ilk olaraq seçkilərdən başlayaq. Demokrat Partiyası olaraq seçkidə iştirakla bağlı Mərkəzi Seçki Komissiyasına (MSK) müraciət etmisinizmi? Seçkidə neçə namizədlə iştirak edəcəksiniz?

 

- Nizamnaməyə uyğun olaraq partiya Məclisimizi çağırmışıq. Müvafiq sənədləri MSK-ya təqdim etmişik. Təxminən 25-ə yaxın partiya üzvünün namizədliyini irəli sürmüşük. Hazırda bu nümayəndələrimiz üçün sənədlər hazırlanır. Partiyadan namizədlik verənlər sadə şəxslərlə müqayisədə daha çox sənəd təqdim edirlər. Hər bir namizəd üçün Məclisin qərarı, partiyanın nizamnaməsi olmalıdır və s. O sənədləri hazırlamışıq. Müvafiq dairələrə təqdim etdikdən sonra imza toplamağa başlayacağıq.

 

- Siz öz namizədliyinizi hansı dairədən verəcəksiniz?

 

- Mən namizədliyimi 5 saylı Şahbuz- Kəngərli - Babək Seçki Dairəsindən irəli sürmək istəyirdim. Bunu elan etdikdən sonra mənə çoxsaylı zənglər gəldi. Bilirsiniz, mən Xalq Cəbhəsinin rəhbəri olmuşam, həkim kimi çalışmışam. Bu regionda demək olar ki, məni tanımayan, sevməyən adam yox dərəcəsindədir. Təkcə öz kəndimizin səsi mənim qalib gəlməyim üçün kifayət edir. Açığı, bəzi şərtləri öyrənəndən sonra tərəddüd edirəm. Ümumiyyətlə, seçkidə şəxsən öz iştirakımla bağlı tərəddüdlərim var. Yəqin ki, bir-iki gün ərzində mövqeyimi açıqlayacam.

 

- Siz tərəddüd edirsinizsə, partiyanın seçkiyə qatılan 25 namizədi nəyə ümid edir?

 

- Ümumiyyətlə, seçki nəzəriyyəsinə görə siyasi qüvvələr iki prinsip üçün seçkidə iştirak edir. Birincisi, sən bütün maliyyə, insan resursları və s. imkanları nəzərə alırsan və hakimiyyətin seçkini saxtalaşdırmasına qarşı artıq kifayət qədər güclü olursan. Azərbaycanda hakimiyyətin dinc yolla ötürülməsinin heç bir təcrübəsi yoxdur. Əbülfəz Elçibəy silahla, Heydər Əliyev də Sürət Hüseynov qiyamının nəticəsi olaraq hakimiyyətə gəldi. Ondan sonra 30 ildir Azərbaycanda hakimiyyət dəyişikliyi baş verməyib. O cümlədən parlamentin tərkibində də 30 ildir ki, ciddi dəyişiklik yoxdur. Yəni, 3-5 nəfər ənənəvi olaraq dəyişir, onların da parlamentə düşməsi formal olaraq seçki ilədir. Azərbaycanda bu proses hələ ki, davam edir.

 

- Seçkidə iştirak etsəniz Naxçıvandan namizəd olmağı düşünürsüz. 5 saylı Seçki Dairəsindən isə YAP-dan ardıcıl olaraq Siyavuş Novruzov mandat alır və bu dəfə də iddialıdır. Hakim partiya çox güman, yenə onun namizədliyini irəli sürəcək. Bu barədə nə düşünürsünüz?

 

- Mənim Qarabağ müharibəsi veteranı olan rəhmətlik böyük qardaşım - yeri gəlmişkən, oğlu da şəhid oldu - ona alternativ olmuşdu. Əlil arabasında bütün kəndələri bir-bir gəzdi. Hansı ki, Siyavuş Novruzov o kəndlərə ayağını da qoymamışdı. Kifayət qədər səs topladı və seçkinin nəticələrinin total saxtalaşması ilə bağlı faktları topladı, yerli məhkəməyə, sonra Avropa Məhkəməsinə göndərdi. Yəni Siyavuş Novuruzovun mandat almasında belə biabırçılıqlar aşkar olundu. Qardaşım bunun hamısını fiks eləmişdi. Bülletenləri saymadan aparmışdılar. Ona görə deyirəm ki, biz ənənəvi bir seçkiyə gedirik kimi əhval-ruhiyyədəyik. Öz çıxışlarımda da demişəm ki, ölkədəki vəziyyət və beynəlxalq vəziyyət Azərbaycanda ciddi, demokratik seçkilərin keçiriləcəyinə dair işartı vermir. Çünki son vaxtlar Azərbaycan Qərbdən kifayət qədər uzaqlaşır, Çinə və Rusiyaya daha çox meyil edir. Çin və Rusiyanı da nə demokratiya maraqlandırır, nə də tərəfdaşlarını demokratik bir ölkə görmək istəyirlər. Onların başlıca düşməni demokratik ölkələrdir. Azərbaycan da artıq daha çox Asiyaya doğru meyillənir. Vaxtilə Ramiz Mehdiyevin dövründə “Misir modeli” vari idi. Düşünürdülər ki, Misirdəki kimi bir rejim yaratsınlar. Hüsnü Mübarək devriləndən sonra geri çəkildilər. Bu modeldən imtina edib, yeni model axtarışına çıxdılar. İstədilər totalitar Asiya ölkələrinin modelini tətbiq etsinlər... 

 

Yəni siyasi reallıq belədir. Ona görə də, düşünürəm ki, yeni seçkilərdən sonra parlamentin tərkibi 90 faiz dəyişməyəcək.

 

- Yəni köhnə deputatlar yenə qalacaq?

 

- Köhnə deputatların 90 faizi qalacaq. Hökumət 3-5 nəfəri dəyişəcək.

 

- Kimlərin dəyişəcəyini ehtimal edirsiniz?

 

- Biri Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğludur. REAL partiyasından iki nəfər, Ağ Partiyadan da bir nəfərə deputatlıq verəcəklər. Müsavatdan da iki nəfər olacaq.

 

- Bəs İsa Qəmbərin şansı varmı?

 

- İsa Qəmbərin namizəd olacağını düşünmürəm.

 

- Amma iddia olunur ki, Adil Əliyevin “boşaltdığı” 20-ci Seçki Dairəsindən namizəd olacaq...

 

- Onların Məclisinin qərarı olub. Qərarda İsa Qəmbərin və Arif Hacıyevin namizədliyi yoxdur. Görünür, hökumət Müsavatı da parlamentə buraxmaq istəyir, amma birinci və ikinci şəxs qismində yox. Üçüncü və dördüncü şəxsləri, ya da vaxtilə parlament təcrübəsi olan adamları buraxmaq istəyirlər...

 

- Arzu Səmədbəyli kimi...

 

- Bəli.

 

- Dediyinizdən belə çıxır, AXP sədri Pənah Hüseyn də seçilməyəcək?

 

- Yox

 

- Bəs Asim Mollazadə ilə Fəzail Ağamalı?

 

- Fəzail Ağamalının partiyasından kimsə gedəcək. Sabir Rüstəmxanlının yerinə həyat yoldaşı gələcək. Siyahı bizdə var...

 

- Bəs parlament rəhbərliyində dəyişiklik olacaqmı?

 

- Fəzail İbrahimli çox güman ki, müavin olmayacaq. Onun yerinə isə Fazil Müstafa keçəcək. Spiker Sahibə Qafarova öz postunda qalacaq. Dediyim kimi, parlamentdə ciddi bir dəyişiklik gözlənilmir.

 

- Bəs, Asim Mollazadə? O, İlqar Məmmədovla eyni dairəyə düşür...

 

- Ola bilsin bu dəfə Asim Mollazadəni seçkiyə buraxmasınlar. Əli Məsimli və Tahir Kərimlinin də seçkidə iştirakı gözlənilmir. Çünki bu 6 nəfəri müxalifət adı ilə parlamentə yerləşdirmək lazımdır.

 

- Bəs Ümid Partiyasının sədri İqbal Ağazadə?

 

- Məncə, İqbalı da buraxmayacaqlar.

 

- Rauf Arifoğlunun şansı varmı?

 

- Azərbaycanda söhbət şansdan getmir, hökumətə münasibətdən gedir. Rauf Arifoğlu kifayət qədər hökumətə yaxındır və onun siyasətini mətbuatında ciddi şəkildə həyata keçirir, bunu gizlətməyə ehtiyac yoxdur. Hətta lazım gələndə milli maraqlarımıza zidd mövqeləri də müdafiə edir. Bu baxımdan, iqtidarın fəlsəfəsindən Arifoğlu qədər parlamentə düşməyə haqq qazanan ikinci bir adam yoxdur...






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.