“Məni təhdid, ölkə rəhbərliyinə həqarət edirlər” - HEYDƏR OĞUZDAN ŞOK AÇIQLAMALAR
RƏSMİ QURUMLAR NİYƏ SUSUR VƏ NƏYİ GÖZLƏYİRLƏR?
“Naxçıvan MR-də baş verən özbaşınalıqlar ətrafında araşdırmalarımız dərinləşdikcə, “kiçik torpaq”dan aldığımız təhdidlərin miqyası da artır”. 
 
Senzor.az bildirir ki, Ovqat.com saytının baş redaktoru Heydər Oğuz bu gün paylaşdığı facebook statusunda belə yazıb. 
 
O qeyd edib ki, şəxsinə qarşı yönələn təhdidləri indiyədək dilə gətirməyib və gətirməyəcək də: “Çünki bunun özünüreklam kimi dəyərləndirilə biləcəyini düşünürəm. Mənim isə ucuz reklama ehtiyacım yoxdur. Başıma nə gələcəksə, “Allahın yazısı” bilib və “Vətən sağ olsun” deyib yoluma davam edəcəyəm. Həzrət Əli demişkən, kimlərsə öz pis niyyətlərindən əl çəkmək istəmirlərsə, mən niyə yaxşı hesab etdiyim işləri davam etdirməkdən vaz keçməliyəm? 
Fəqət son günlər qarşılaşdığım 2 təhdid yalnız mənə qarşı yönəlməyib, həm də ictimai təhlükəlilik baxımından ciddi əhəmiyyət kəsb edir. Təhdidlərdən biri “Samir Hüseynov” kod adlı Naxçıvan agentinin “Çer Sarı Pişik” adlandırdığı şəxsə qarşıdır. Naxçıvan trolunun facebook-dakı statusumun altına yazdığı rəydə təhdid hədəfinin təsvirindən çıxardığım nəticə belədir: “xanlıq” rejimi mənə informasiya ötürən “Qara Pişiy”in “Şərq qapısı” qəzetinin sabiq baş redaktoru Tural Səfərov olduğundan şübhələnir və mesajda açıq-aşkar onun yenidən həbs olunub Naxçıvanın Böyükdüz adlanan kəndində yerləşən “Gestapo” zindanına salınacağından bəhs edilir. Ötən il qanunsuz həbsdən Ovqat.com-un yazdığı bir məqalə sayəsində və paytaxtdakı ən yüksək siyasi dairələrin müdaxiləsi ilə azad olunan Tural Səfərovu bu təhdiddən nəticə çıxarmağa çağırıram. Hətta Bakıya gəldikdən sonra mənə zəng edib təşəkkürünü bildirməkdən belə çəkinəcək qədər ehtiyatlı olmaqla iş bitmir, əziz Səfərov. Zatən mənim yazdığım və bundan sonra da yazacağım hər kəlimədə səndən şübhələnəcəklər və bu vəziyyətdə ehtiyatlılığınız sizi təhdid hədəfi olmaqdan xilas etməyəcək. Odur ki, ortaya çıxıb öz informasiyalarınızla Naxçıvandakı Pxenyan rejimini laxlatmağa çalışaraq özünüzün şəxsi təhlükəsizliyini də təmin edə bilərsiniz. Deməsi məndən, nə yol tutacağınızı isə sizin öz ixtiyarınıza buraxıram.
 
Qarşılaşdığım ikinci təhdid isə mənə yönəlməklə yanaşı, həm də Naxçıvan MR hakimiyyətinin Azərbaycana qarşı baş qaldırışıdır və ölkənin siyasi iradəsini bu barədə xəbərdar etməyi özümə  borc bilirəm.    Asem Kazimov adlı facebook istifadəçisinin dünən bir paylaşımın altında əvvəl yazıb sonra sildiyi rəyində diqqətimi ən çox çəkən bu cümlələr oldu: “Sən cənab Rəşad İsmayılovu nə haqla Vilayət Eyvazovla müqayisə edirsən? Naxçıvanda bir daxili işlər naziri var; o da Rəşad İsmayılov! Mən bilirəm, sənin arxanda kimlər durub. Sən canlı yayımda müraciət etdiyin şəxslərə arxalanırsan. Amma əmin ol ki, onlar sənə kömək edə bilməyəcək. Sən bir gün qandallanıb gətiriləcəksən Naxçıvana. Əmin ol ki, həmin vaxt mən özüm şəxsən sənin o barmaqlarını sındıracam. Onda biləcəksən ki, Cənab Sədrimiz, Cənab Nazirimiz Rəşad İsmayılov barədə yazmaq nə deməkdir… Rəşad müəllimin özü səni Naxçıvan Daxili İşlər Nazirliyinin podvalında başa salacaq. Həmin vaxt güvəndiyin heç kim sənə kömək edə bilməyəcək”.
 
Göründüyü kimi, Asem Kazımov adlı bu şəxs təkcə məni təhdid etməklə qalmır, həm də Naxçıvan həbsxanalarında dustaqlara verilən işgəncələrdən danışır. Üstəlik, Naxçıvan DİN-in bir ağası olduğunu, dolayısıyla Azərbaycan DİN-in şələsinin bu qurumda fırlanmadığını etiraf edir. Ən əsası isə, mənim arxalandığım şəxslərin Naxçıvanda sözünün keçmədiyini də gizlətmir. Sual oluna bilər: bəs mühəddidin (təhdid edən şəxsin) nəzərincə, “mənim güvəndiyim” o adamlar kimlərdir? 
 
Bu suala Asem Kazımovun özü aydınlıq gətirərək bildirir: “Sənin canlı yayımda müraciət etdiyin şəxslər”. Mənim bəhs olunan canlı yayımda müraciət etdiyim 3 şəxs var idi: Azərbaycan Prezidenti İlham Əliyev, I vitse-pezident Mehriban xanım Əliyeva və Daxili İşlər naziri Vilayət Eyvazov.  Dolayısıyla Asəm Kazımov adlı bu şəxs Naxçıvan Muxtar Respublikasında haqqında danışılan dövlət yetkililərinin də acizliyindən bəhs edir. Doğrusu, bu rəyi özümə qarşı təhdid, dövlət yetkililərinə qarşı isə həqarət kimi qiymətləndirirəm və nə yazıq ki, buna başqa ad vermək mümkün deyil.   Növbəti sual: Azərbaycan Prezidentinə, I vitse-prezidentə və Daxili İşlər nazirinə meydan oxuyan bu şəxs kimdir?
 
Onun barəsində topladığım qısa məlumatı sizinlə paylaşıram. Ümidvaram ki, bir jurnalist kimi əldə etdiyim məlumatlar müvafiq dairələrin də diqqətini çəkər və təkcə mənə yox, həm də Azərbaycanın dövlətçilik dəyərlərinə qarşı yönələn təhdidin hardan gəldiyini aydınlaşdırmağa yardımçı olar.
 
“Qara Pişik” kod adlı mənbəmizin iddiaları:
 
“Asəm Kazımov - 02.02.1988-ci ildə anadan olub. Naxçıvan Daxili İşlər Nazirliyinin əməkdaşıdır. Rütbəsi polis-mayorudur. Hazırda Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsində (dövlət sirri sayıldığından bu şöbənin adını açıqlaya bilmirəm) xidmət edir. Nazir əvəzi Rəşad İsmayılovun ən güvəndiyi adamlardan biridir. Eləcə də Naxçıvan DİN-in xüsusi səlahiyyətli şöbəsinin rəisi, “Gestapo” ləqəbli Tofiq Qarayevin “sağ əli”dir. Naxçıvan DİN-in hazırkı rəhbərliyinin bütün qara-qura işlərini görən şəxslərdəndir.
 
Məlumata görə, əslən Şərur rayonundan olan Asəm Kazımov “boz kardinal” ləqəbilə məşhuri-cahan olan  Ramiz Mehidyevin həmkəndlisidir. Hətta ona qohumluğunun çatdığı da vurğulanır. Deyilənə görə, Şərur rayonunun Qarxun kəndindəndir”.  “Qara Pişiy”in bildirdiyinə görə, Azərbaycan dövlətçiliyinə qarşı meydan oxuyan Asəm Kazımovun arxası xeyli güclüdür: “Nə Əhməd Əhmədov, nə  də Fazil Ələkbərov dəfələrlə cəhd etsələr də, onu yerindən tərpədə bilməyiblər. Təsəvvür edin, “xan”ın qudası bu adamı yerindən tərpədə bilmədisə, zəhmi ilə hamının canına od salan Əhmədov belə, onun qarşısında acizliyindən siçan deşiyi axtarırdısa, Asəm Kazımovun nəinki sənə, eyni zamanda ölkə rəhbərliyinə təhdidlər yağdırmasında təəccüblü heç nə yoxdur. Onun Ramiz Mehdiyevin rəhbərliyi altında hələ də fəaliyyətini sürdürən “5-ci kolon”unun Naxçıvandakı uzantısının qollarından biri olduğu bildirilir”. 
 
Senzor.az -dan: Ovqat.com və onun  baş redaktoru, tanınmış şair-publisist, əslən Naxçıvandan olan Heydər Oğuz uzun müddətdir Muxtar Respublika və onun rəhbərliyi ilə bağlı sərt tənqidi yazılarla çıxış edir, ən müxtəlif və ağrılı problemləri qabardırlar. Həmin yazılarda adətən çox ciddi iddia və ittihamlar da olur. Söhbət həm sosial-mədəni, həm də ictimai-siyasi məsələlərdən gedir. Amma çox təəccüblüdür ki, indiyədək nə Naxçıvanın, nə də Azərbaycanın müvafiq dövlət qurumları həmin yazılara rəsmi reaksiya verməyiblər...
Halbuki elementar qayda və məntiq var: yazılanlar doğrudursa, müvafiq tədbirlər görülməlidir. Yox əgər yalandırsa, onda yazar və sayt ölkə qanunlarının tələblərinə uyğun olaraq cəzalandırılmalıdırlar. Ancaq...   
Maraqlıdır, rəsmi dövlət qurumları niyə susurlar və nəyi gözləyirlər? 





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.