İrəvanın xilası Bakı və Ankaradır - ELÇİN ALIOĞLU YAZIR

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə rəsmi Ankaranın və İrəvanın nümayəndələri Sərdar Kılıçla Ruben Rubinyan bu gün Türkiyə-Ermənistan sərhədində görüşməlidirlər.

 

S.Kılıç və R.Rubinyan arasında artıq 5-ci görüşün ilk hissəsi Ermənistan, ikinci hissəsi isə Türkiyə tərəfdə olmalıdır.

 

İndiyədək Sərdar Kılıçla Ruben Rubinyan bir dəfə Moskvada, üç dəfə Vyanada görüşüblər. 2022-ci ilin iyulun 1-dəki son görüşdə tərəflər Türkiyə və Ermənistan arasındak sərhəddə üçüncü ölkə vətəndaşlarının keçid imkanlarının yaradılması, habelə Türkiyə və Ermənistan arasında birbaşa aviareyslərin açılmasını ən qısa müddətdə reallışdırmaqla bağlı razılaşma əldə etmişdilər.

 

Martın 1-də Antalyada keçirilmiş beynəlxalq diplomatik forumda S.Kılıç növbəti görüşü İrəvanda gerçəkləşdirməyi təklif etmişdi.

 

İyulun 18-də Ermənistanın XİN başçısı Ararat Mirzoyan Ankara ilə münasibətlərin normallaşdırılmasına yönəlmiş danışıqlara ciddi zərurət duyulduğunu bəyan etmişdi.

 

S.Kılıç və R.Rubinyan arasında görüş bu ayın əvvəlində keçirilməli idi, lakin erməni tərəfinin xaotik bəyanatları və davranışları səbəbindən rəsmi Ankara nümayəndəsini yollamadı.

 

Bugünkü görüşün nəticəsi ilə bağlı gözləntilər ciddi deyil. Daha doğrusu, görüşdə önəmli sonucun əldə ediləcəyi, orta və uzaq perspektivə hesablanaraq bölgədəki vəziyyəti dəyişə biləcək qərarların veriləcəyi ilə bağlı ehtimallar çox azdır.

 

Ermənistan tərəfi sərhədin üçüncü dövlətin vətəndaşları və yükləri üçün açılmasını israrla istəyir. Bu, İrəvanın ümdə arzusudur. Ermənistanın hakimiyyət dairələrinin arxasında Rusiya və İranın dövlət korporasiyalarının, habelə iri özəl şirkətlərinin maraqları durur. Onlar yükləri Ermənistana daşımaq, oradan da Türkiyə ərazisi ilə dünya bazarlarına çıxarmaq, eyni zamanda, Türkiyə ərazisindən tranzit məkan qismində istifadə edərək ixracatla məşğul olmaq istəyirlər. Kağız üzərində bütün idxal-ixrac əməliyyatları Ermənistanın Türkiyə ilə sərhəd, daha doğrusu, transsərhəd ticari əməliyyatları kimi göstəriləcək, lakin əsas benifisiarlar Moskva və Tehran olacaqlar.

 

İrəvan birdəfəlik anlamalıdır ki, Türkiyə ilə münasibətlərin normallaşması, daha doğrusu, normal dövlətlərarası münasibətlərin qurulması İrəvanla Bakı arasındakı münasibətlərin durumundan asılıdır.

 

Rəsmi Ankara da bunu çox açıq şəkildə Ermənistanın hakimiyyət dairələrinin nəzərinə çatdırır.

 

Avropa Siyasi İcmasının İngiltərənin Oksford şəhərində keçirilmiş 4-cü Zirvə Toplantısında Britaniyanın baş naziri Kir Starmerin təşəbbüsü ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü təşkil edilməli idi. Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan görüşdən qaçdı, "qaçış" onun Fransanın prezidenti Emmanuel Makronla təkbətək danışığından sonra baş tutdu.

 

Şübhə yoxdur ki, Azərbaycan-Ermənistan danışıqlarında Britaniyanın müzakirə məkanı qismində çıxış edərək sülh müqaviləsinin imzalanmasına yönəlmiş prosesə "Oskford platforması"nı da əlavə etməyə çalışması Parisi ifrat dərəcədə qıcıqlandırıb. Emmanuel Makron danışıqlar prosesini ikitərəfli formatdan çıxarmaq, Fransanı vasitəçi və ya moderator qismində müzakirələrə qataraq üçtərəfli platformaya nail olmaq istəyir.

 

E.Makronun göstərişi və təlimatı ilə N.Paşinyanın Oksforddakı görüşdən yayınması Azərbaycanla Ermənistan arasındakı danışıqlarda yaxın müddətdə irəliləyişlər ehtimalının zəif olmasına dəlalət edir. Bu isə aprior olaraq Türkiyə-Ermənistan danışıqlarına da təsir edir.

 

Yaşananların səbəbkarı Britaniyada görüşdən imtina edən və Emmanuel Makronun geosiyasi kollaborasiyalarına inanan Nikol Paşinyandır.

 

Rəsmi Bakının mövqeyi çoxdan aydındır və dəfələrlə açıqlanıb. Azərbaycan Ermənistana normal qonşuluq, ərazi bütünlüyü, suverenlik və sərhəd toxunulmazlığı prinsiplərinə əsaslanan dövlətlərarası münasibətlər təklif edir.

 

Bakı ilə İrəvan arasında bəhs olunan məzmunla formatda sülh sazişi imzalanarsa, bu, avtomatik olaraq Ankara-İrəvan müzakirələrinə çox ciddi triqqer kimi təsir edərək prosesi xeyli irəli aparacaq.

 

İrəvandakı hakimiyyət isteblişmentinin "Bakı ilə sülh sazişi ilə bağlı danışıqların Ankara ilə müzakirələrə təsiri yoxdur, onlar qarşılıqlı bağlı deyillər" tipli bəyanatları isə siyasi primitivizm və koqnitiv dissonans nümunəsidir.

 

2021-ci ildən bəri Ankara ilə aparılan danışıqlarda İrəvan ciddi irəliləyişə nail olmaq istəyirsə, iyulun 3-də keçirilməsi nəzərdə tutulan və sonradan təxirə salınan görüşün indi qismən normal sonucla başa çatmasına çalışmalıdır.

 

Görüşün Ermənistan-Türkiyə sərhədindəki "Əlican" (ermənilər bu məkana "Marqara" deyirlər) - keçid məntəqəsində baş tutacağı güman edilir.

 

İyulun 26-da Nikol Paşinyan 30 ildən bəri fəaliyyət göstərməyən sözügedən keçid məntəqəsinə baş çəkmiş, sonra da Facebook səhifəsində yazmışdı: "Bu gömrük keçid məntəqəsi təmir edilərək modernləşdirilib. Proqramın dəyəri 1 milyard dram (2,6 milyon dollar) təşkil edib".

 

S.Kılıçla R.Rubinyan arasındakı görüşlərdə Türkiyə-Ermənistan sərhədinin üçüncü dövlətlərin diplomatik pasportlu vətəndaşları üçün açılması barədə razılaşma əldə ediləndən sonra N.Paşinyan həmin proqramın reallaşdırılması barədə göstəriş vermişdi.

 

Bütün bunlar İrəvanın gerçək niyyətlərini pərdələmək üçün göstərdiyi aktivlikdir.

 

Rəsmi Ankaranın mövqeyində heç bir dəyişiklik yoxdur. Türkiyə Ermənistanla münasibətlərinin normallaşması prosesini Azərbaycanla fasiləsiz və ən ciddi şəkildə koordinasiya edərək bildirir ki, Ankara-İrəvan trekində hər hansı uğurun əldə edilməsi birbaşa Bakı-İrəvan danışıqlarının vəziyyətindən asılıdır.

 

Ankaranın digər şərti isə Azərbaycanın qərb bölgələrini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi layihəsinin işə  salınmasıdır.

 

Ermənistanın baş naziri Nikol Paşinyanın strategiyası mürəkkəb deyil: Türkiyə ilə münasibətlərin normallaşdırılması və sərhədin açılması vasitəsilə o, Rusiyanın təsirini mümkün qədər azaltmaq, Moskvadan uzaqlaşaraq Qərbə yaxınlaşmaq niyyətindədir.

 

ABŞ, Fransa və Avropa İttifaqı da məhz bu səbəbdən Türkiyə ilə Ermənistan arasında münasibətlərin nizamlanmasını və iki ölkə arasında sərhədin açılmasını Cənubi Qafqazla bağlı ssenarilərində prioritet məsələlərdən biri hesab edirlər.

 

Əsas məqsəd isə təbii ki, Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin imzalanmasıdır ki, Qərbin fikrincə, Rusiyanın Cənubi Qafqazdakı geosiyasi, siyasi, hərbi, iqtisadi və s. təsir rıçaqları bu minvalla əhəmiyyətli dərəcədə zəifləyəcək.

 

Bəlli ki, elektroenergetika, enerjidaşıyıcıları, iqtisadiyyatın bir çox sahələləri və s. baxımından Ermənistanın Rusiyadan mövcud vəziyyətdəki asılılığı davam edərsə, İrəvanın Moskvanın təsir orbitini tərk edərək Qərbə yaxınlaşması həddən ziyadə çətin, ermənilər üçün ifrat ağrılı və fəsadlı prosesə çevriləcək.

 

Nikol Paşinyan ölkə iqtisadiyyatını və maliyyə resurslarını diversifikasiya etməyə, Rusiyadan iqtisadi və enerji asılılığını azaltmağa çalışır: lakin bu proses İrəvanın qərarlarından yox, regiondakı situasiyadan, xüsusilə də geosiyasi şərtlərdən asılıdır.

 

Türkiyənin 31 ildən bəri qapadığı sərhədi açmayacağı təqdirdə İrəvanın planlarının reallaşması ümumiyyətlə, mümkün deyil.






Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.