Ermənistanın baş naziri Nikol Paşinyan bu gün gözlənilmədən Gümrüyə gedib. Senzor.az bildirir ki, "Hraparak" nəşri səfərin media nümayəndələrinin iştirakı olmadan baş tutmasını maraqlı məqam kimi qiymətləndirib.
“Bu gün baş nazir Nikol Paşinyan Gümrüyə səfər edib. Jurnalistlər onun səfərindən xəbərsiz olublar. Şəhərdə ciddi polis nəzarəti var, hüquq-mühafizə orqanları gücləndirilmiş iş rejiminə keçiblər. Ölkə rəhbərinin səfərinin planlaşdırılmamış, qəfldən baş tutduğu bildirilir.
Öyrəndik ki, baş nazirin bölgəyə getməsinində məqsəd Gümrüdə yeni tikilən gömrük idarəsinə baş çəkmək olub. Yeri gəlmişkən, bizə məlumat verdilər ki, yeni seçilmiş mer Vardqes Samsonyan onu xüsusi olaraq şəhərin girişində qarşılayıb”,-deyə nəşr yazıb.
Digər KİV-lər isə yazırlar ki, baş nazir Nikol Paşinyan Gümrüdə Gömrük Xidmətinin 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak edib. Çıxışında bildirib ki, "Ermənistan regional dəyişikliklər nəticəsində daha böyük tranzit potensialı əldə edəcək". O həmçinin gömrük işçilərinin fəaliyyətinin səmərəliliyinin artırılmasının vacibliyini önə çəkib: “Ermənistanın cəlbedici tranzit ölkəsi olması çox vacibdir. Bunun üçün təkcə yollar, kommunikasiyalar deyil, həm də bizim təqdim etdiyimiz xidmətlər, xüsusən də Gömrük Xidməti vacibdir”.
O, xidmətin əməkdaşlarını təbrik edərək, aparılan islahatların onun imicini yüksəldəcəyinə ümid etdiyini bildirib.
Qeyd edək ki, hazırda Ermənistanla Azərbaycan arasında dəmir yolu əlaqəsinin bərpası məsələsi müzakirə olunur. Bundan başqa, Paşinyan Ermənistan ərazisindən Azərbaycanla Naxçıvan arasında yeni yolun çəkilməsini də istisna etməyib.