Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə telefonla danışıb.
Senzor.az “Anadolu”ya istinadən bildirir ki, Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev, Azərbaycan Prezidenti İlham Əliyev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov və Özbəkistan Prezidenti Şövkət Mirziyoyevlə danışıb.
Ərdoğan Kasım-Jomart Tokayevlə danışarkən Qazaxıstanda baş verənləri yaxından izlədiklərini və Qazaxıstanla həmrəy olduqlarını, həmçinin Türk Dövlətləri Təşkilatının da Qazaxıstanı dəstəklədiyini vurğulayıb.
Yeni hökumətin ən qısa zamanda qurulmasını və gərginliyin tezliklə sona çatmasını arzulayan Ərdoğan, Qazaxıstan xalqının qarşılıqlı etimad və dialoq çərçivəsində problemlərin öhdəsindən gələcəyinə inandığını bildirib.
Ərdoğan qeyd edib ki, Türkiyə lazım gələrsə, hər cür texniki bilik və təcrübəni paylaşmağa hazırdır.
Prezident Ərdoğan Türk Dövlətləri Təşkilatının üzvü olan ölkələrin prezidentləri ilə danışıqlarında Qazaxıstanın sabitliyi və təhlükəsizliyinin bütün region, xüsusən də qonşuları üçün vacib olduğunu vurğulayıb və qardaş Qazaxıstanın bunun öhdəsindən dialoq yolu ilə.gələcəyinə əminliyini ifadə edib.
Senzor.az