Paşinyan KTMT-nin iclasında Azərbaycanla bağlı sarsaqladı - PUTİN QAZAXISTANI “ÖZ EVİ” ELAN ETDİ
LUKAŞENKO İSƏ ÖZBƏKİSTANI “İBRƏT GÖTÜRMƏYƏ” ÇAĞIRDI
Yanvarın 10-da Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərin liderləri onlayn formada Qazaxıstandakı son olayları müzakirə ediblər.
 
Rusiya Prezidenti Vladimir Putin Qazaxıstandakı olaylarda Qərbə işarə edərək, “rəngli inqilabların” qarşısını almaq üçün KTMT dövlətlərinin aralarındakı əməkdaşlığı gücləndirməyin vacibliyini vurğulayıb.

“Biz başa düşürük ki, Qazaxıstan dövlətçiliyinə yaranmış bu təhdid yanacağın qiymətinin artmasına görə baş qaldırmış kortəbii mitinqlərlə bağlı deyildi, onunla bağlı idi ki, situasiyadan daxili və xarici qüvvələr istifadə etmişdi”, - Putin bildirib. Rusiya Prezidenti onu da qeyd edib ki, Qazaxıstanda baş verənlər keçmiş sovet respublikalarının daxili işlərinə birinci və axırıncı müdaxilə cəhdi deyil: “KTMT xətti ilə görülən tədbirlər aydın şəkildə göstərdi ki, biz evimizdə situasiyanı qarışdırmağa imkan verə bilmərik və rəngli inqilablar adlanan ssenarinin reallaşmasına imkan verməyəcəyik”. 

Putin Qazaxıstanda baş verən hadisələri “respublikaya hücum aktı” adlandırıb. Onun sözlərinə görə, təcavüzə dərhal, ləngimədən cavab vermək lazım idi. “Və Qasım-Jomart Kemeleviçin (Tokayev) qeyd etdiyi kimi, onların Qazaxıstana hücumu, mahiyyətcə isə ölkəyə hücumu, təcavüz aktı idi, mən də bununla tam razıyam. Bu hücuma ləngimədən cavab vermək lazım idi”, - Putin qeyd edib.
 
Rusiya Prezidenti çıxışında onu da bildirib ki, KTMT qüvvələri Qazaxıstanda “nə qədər lazımsa o qədər qalacaq”. Onun sözlərinə görə, Qazaxıstana yeridilən KTMT sülhməramlı qüvvələrinin komandanı general Serdyukov “öz işini bilir”...

Belarus Prezidenti Aleksandr Lukaşenko isə “rəngli inqilabın” növbəti ünvanını – Özbəkistanı göstərib. Belarus prezidenti bu açıqlamasıyla bilərəkdən və ya bilməyərəkdən özü növbəti təlatümün düyməsinə basıb.  Ermənistanın baş naziri Nikol Paşinyan isə yaranmış fürsətdən istifadə edərək, Qazaxıstandakı son olaylarla İkinci Qarabağ müharibəsi arasında bu cür paralel aparıb: “Qazaxıstanda olduğu kimi, Dağlıq Qarabağda 44 günlük müharibədə də  kənardan terrorçular gətirilmişdi. Biz beynəlxalq terrorçularla üz-üzə qalmışdıq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətləri yeni təhlükələrlə üz- üzə qala bilər”. 
Beləliklə, Paşinyan Rusiyaya və onun dostlarına Azərbaycanı hədəf göstərib.
 
Politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Paşinyan sanki demək istəyib ki, “Ermənistan beynəlxalq terrorçularla üzləşəndə Siz bizə dəstək vermədiniz, qoşunlarınızı göndərmədiniz, Qazaxıstana isə dərhal reaksiya verdiniz, gələn dəfə bizim çağırışı da eşidin”. “Əlbəttə, Paşinyanın növbəti sayıqlamasına fikir verməmək də olardı. Azərbaycan öz ərazisini azad etmək uğrunda savaşırdı, ordumuz üzərinə düşəni etdi. Paşinyan isə yenə “beynəlxalq terrorçular” haqqında nağıl danışmağa çalışıb. Buna baxmayaraq, Qazaxıstandakı olaylar və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının müdaxiləsi İrəvanı həvəsləndirib. Diqqətli olmalıyıq. İrəvan Azərbaycanla sərhəddə, o cümlədən Qarabağ separatçılarının əli ilə gərginliyi artırıb Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət üçün bəhanə axtara bilər. Fikrimcə, Paşinyanın bugünkü sərsəmləməsinə rəsmi Bakı münasibət bildirməlidir ki, Ermənistanın dostları çaşıb təxribata uymasınlar", - deyə ekspert vurğulayıb. 

KTMT-nin iclasında Belarus Prezidenti Lukaşenkonun “Qazaxıstandan sonra Özbəkistana keçə bilərlər” sözlərinə diqqət çəkən E.Şahinoğlu deyib ki, bununla digər hədəfin də adı açıqlanıb: "Bundan dərhal sonra Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov açıqlama verərək Özbəkistanın KTMT-yə qayıda biləcəyini bildirib. Kalaşnikov Qazaxıstandakı olaylara işarə edərək Daşkəndi təhdid etməyi də unutmayıb: “İndi onların (Daşkəndin-red.) başqa ümid yerləri olmadığından bunu istisna etmirəm”.
 
Bununla Daşkəndə demək istəyirlər ki, “bizimlə olmasan Qazaxıstanda olduğu kimi, Özbəkistanda da xaos və vətəndaş qarşıdurması olacaq".
 
Siyasi ekspertin sözlərinə görə, 17 il əvvəl Qazaxıstandakına bənzər olaylar Özbəkistanda Əndican şəhərində olmuşdu: "Özbəkistanın keçmiş prezidenti İslam Kərimov heç kimdən dəstək istəmədən etirazı yatırtdı. Doğrudur, bu zaman müxtəlif mənbələrə görə Qazaxıstanda olduğu kimi, Özbəkistanda da yüzlərlə insan həlak oldu, bunun nə qədərinin radikal element, nə qədərinin dinc etirazçı olduğu indiyə qədər bəlli deyil. Hər halda İslam Kərimov Tokayev kimi Moskvaya müraciət edib ölkəsinin müstəqilliyini təhlükə altına atmadı. Ancaq indi Moskva Daşkəndi xərəbdar edir ki, Qazaxıstandan sonra Özbəkistanda da etirazlar və bunun ardınca silahlı toqquşmalar başlayacaq. Məqsəd Özbəkistanı da təşkilata üzv edib üzvlərin sayını çoxaltmaqdır.
 
Gələn xəbərlərə görə, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev Qazaxıstan hadisələrinin fonunda polis və ordunun gücləndirilməsi istiqamətində addımlar atıb, yerlərdə məmurların fəaliyyətlərini nəzarət altına alıb. Özbəkistanda sosial problemlər Qazaxıstanda olandan az deyil. Ona görə heç nə istisna deyil. Bir ay əvvəl kimsə Qazaxıstanın qarışacağını və bu ölkəyə kənar hərbi müdaxilənin reallaşacağını proqnozlaşdıra bilməzdi".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.