Türk Dövlətləri Təşkilatına üzv ölkələrin XİN başçıları bir arada QAZAXISTANLA BAĞLI XÜSUSİ TOPLANTI
 Türk Dövlətləri Təşkilatı ölkələrinin xarici işlər nazirlərinin fövqəladə toplantısı başlayıb. 

Senzor.az bildirir ki, iclas videokonfrans formatında keçirilir.
 
Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən toplantının əsas mövzusu Qazaxıstandakı böhran durumudur.
 
Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir. 

Əvvəlcə Qazaxıstanda baş verən iğtişaşlarda həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Çavuşoğlunun sözlərinə görə, Türkiyədə Qazaxıstan hadisələrini diqqətlə izləyirdilər.
 
"Biz Qazaxıstanda vəziyyətin sabitləşməsindən razıyıq. Ölkəmiz qardaş Qazaxıstana əlindən gələn dəstəyə hazırdır. Türkdilli dövlətlər problemləri həll etmək üçün bir olmalıdırlar. Türk Dövlətləri Təşkilatı ölkələrimizin inkişafı və rifahının yüksəldilməsi üçün ən yaxşı platformadır", - deyə türkiyəli nazir bildirib.
 
Diplomatiya başçısı qeyd edib ki, Qazaxıstanda baş verən faciəli hadisələr təşkilata üzv olan bütün ölkələrin ictimaiyyətini dərindən sarsıtdı. "Türk dünyası böyük bir ailədir və ölkələrimiz bir bütövün bir hissəsidir", – deyə Çavuşoğlu bildirib.
 
Türkiyənin xarici işlər naziri türk dünyasını orqanizmlə müqayisə edib: “Zədəli halda olanda bütün bədən ağrıdığı kimi, Qazaxıstanda baş verənlər də Türkiyədə böyük kədərə səbəb oldu”.
 
Çavuşoğlu qazax xalqının böyük şairi Abay Kunanbayevin “Birliyə aparan yol birlikdir!” sözlərini sitat gətirib.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov fövqəladə toplantıdakı çıxışında öncə, Türk Dövlətləri Təşkilatının sədri kimi bu fövqəladə toplantını çağırdığı üçün qardaş Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğluya təşəkkür edib. Həmçinin, Qazaxıstandakı ən son hadisələrlə bağlı ətraflı qiymətləndirməni təqdim etdiyi üçün Qazaxıstan baş nazirinin müavini, xarici işlər naziri Muxtar Tileuberdiyə təşəkkürünü bildirib. C.Bayramov daha sonra deyib: "Azərbaycan qardaş Qazaxıstandakı mövcud vəziyyəti dərin narahatlıqla izləyir. Ötən həftə baş verən hadisələrin insan tələfatı və yaralanması ilə nəticələnməsi xüsusilə təəssüf doğurur. Bununla əlaqədar biz, ölənlərin ailələrinə, yaxınlarına və bütün qazax xalqına dərin hüznlə başsağlığı verir, bütün yaralıların tezliklə şəfa tapmasını diləyirik. 
Azərbaycan Qazaxıstanda vəziyyətin tezliklə normallaşmasının və qanunun aliliyinin bərpasının tərəfdarıdır. İctimai asayişə xələl gətirən, fundamental insan hüquqlarına və vətəndaşların azadlıqlarına təhdid törədən gücdən qanunsuz istifadə və zorakılığa heç bir bəraət qazandırıla bilməz və buna görə də qətiyyətlə pislənməli və rədd edilməlidir.
 
Biz Qazaxıstan xalqının və hökumətinin müdrikliyinə və qabiliyyətinə inanırıq. Biz inanırıq ki, Qazaxıstan müstəqilliyini bərpa etdikdən sonra əldə etdiyi əlamətdar nailiyyətləri riskə atmadan vəziyyətdən çıxacaq və sağlam düşüncə qalib gələcək.
 
Bu baxımdan Türk Dövlətləri Təşkilatının üzərinə mühüm vəzifə düşür. Təşkilat üzv dövlətlər arasında həmrəylik üzərində qurulub və bu çətin zamanda qazax bacı və qardaşlarımızın yanında olmaq bizim ümumi məsuliyyətimizdir.
 
Bununla əlaqədar biz, Təşkilatın mövcud vəziyyətdən çıxış yolu tapmaqda Qazaxıstana lazım gəldikdə yardım etməyə hazır olduğunu bəyan edən 6 yanvar 2022-ci il tarixli Bəyanatını alqışlayırıq. Bunu biz, Təşkilatın üzv və müşahidəçi ölkələrinə münasibətdə öz öhdəliklərini yerinə yetirmək bacarığı və möhkəm qətiyyəti işarəsi kimi qiymətləndiririk.
 
Eynilə, bugünkü növbədənkənar görüşü və qəbul edəcəyimiz birgə bəyanatı Qazaxıstan xalqı və hökuməti ilə açıq-aydın həmrəylik nişanəsi kimi yüksək dəyərləndiririk.
 
Qazaxıstanla dərin köklü etnik, dini və tarixi qardaşlığa malik ölkə kimi Azərbaycan, Qazaxıstanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmağın mühüm əhəmiyyətini bir daha təsdiqləyir.
 
Azərbaycan və Qazaxıstan həm ikitərəfli, həm də çoxtərəfli platformalarda, o cümlədən Türk Dövlətləri Təşkilatı və müvafiq institutları çərçivəsində yüksək səviyyəli strateji tərəfdaşlıq münasibətlərinə malikdir. Birgə maraqlar və qarşılıqlı mənfəət əsasında qurulan bu münasibətlər, hər iki ölkənin qətiyyəti və bölüşülən baxışları sayəsində bir sıra mühüm regional və trans-regional layihələrin həyata keçirilməsi üçün leytmotiv olub.
 
Azərbaycan, yalnız bizim dövlətlərimiz və xalqlarımızın xeyrinə deyil, həmçinin bölgədə və ondan kənarda təhlükəsizlik, sabitlik və əməkdaşlığa ciddi şəkildə töhfə verəcək bu münasibətlərin daha da dərinləşdirilməsi məqsədinə sadiqdir.
 
Qeyd olunanlar müstəvisində, biz Qazaxıstanda vəziyyətin tezliklə normallaşdırılması və qazax xalqının və bütün regionun rifahı naminə geniş tərkibli islahatların davam etdirilməsi yolu ilə ölkədə siyasi, sosial və iqtisadi inkişafa qayıtmaq səylərini dəstəkləyirik".





Digər xəbərlər

Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
Baş yazı
SenzoR.az – informasiya və araşdırma portalı
Təsisçi və baş redaktor: Rusvat Bayramov
Telefon: 050 322 43 84
Email: [email protected]
Bütün hüquqlar qorunur.
Materiallardan istifadə edərkən www.senzor.az saytına istinad etmək məcburidir.
Reklam yerləşdirmək üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.