COP29 ərəfəsində bir sıra beynəlxalq QHT-lərin koalisiyalar (COP29 İqlim Ədaləti Koalisiyası və COP-da haqqını tələb et) və ya kiçik qruplar halında Azərbaycanı hədəf alan kampaniyalar həyata keçirdikləri və təşəbbüslər irəli sürdükləri, qərəzli və birtərəfli hesabatlar hazırladıqları müəyyən edilib.
Senzor.az bildirir ki, Azərbaycan Milli Məclisinin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyasının hesabatında belə deyilir.
Qeyd olunub ki, aşkarlanan QHT və fondların, demək olar ki, hamısının mənzil-qərargahı Qərb ölkələrində yerləşir və əsas donorları dövlət orqanları və institutlarıdır: “Onların bəziləri donorlarını açıq, bəziləri qismən göstərir və həmin məlumatları tam qapalı saxlayanlar da mövcuddur. Onların hamısının parlamentlərdə olduğu kimi, eyni tezislərdən istifadə edərək Azərbaycanı hədəf aldıqları faktlarla sübut edilir”.
Hesabatda vurğulanıb ki, “COP-da haqqını tələb et” adlı koalisiya 2024-cü il sentyabrın 11-də yaradılıb. 33 QHT-nin və iki nəfər fiziki şəxsin qoşulduğu bu şəbəkə beynəlxalq ictimaiyyətə ünvanlanmış və Azərbaycana qarşı qərəzlə dolu olan müraciət imzalayıb: “Tələbləri Azərbaycanın insan hüquqları və iqlim ədaləti üzrə öhdəlikləri yerinə yetirməsi, o cümlədən siyasi motivli həbsləri dayandırması, dövlət rəsmilərinin işgəncə və qeyri-insani davranışa görə məsuliyyətə cəlb edilməsi və vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlərin götürülməsi məqsədilə qanunlarda dəyişiklik edilməsidir”.
Milli Məclisin komitəsinin sənədində vurğulanır ki, hesabat hazırlanan dövrdə öz veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 1-də keçib) Azərbaycan əleyhinə 20 yazı paylaşıb və “X” platformasında fəal təbliğat aparıb.
“COP29 İqlim Ədaləti Koalisiyasının fəaliyyəti ilə bağlı veb-səhifəsində (domen qeydiyyatından 2024-cü il avqustun 22-də keçib) çox məlumat qoyulmasa da, təhlükəli şüarları diqqət cəlb edir – “Gəlin həmrəylik göstərərək, təşkilatlanmanı genişləndirək, dirənişimizi möhkəmləndirək, ədalət üçün mübarizəni gücləndirək, yeni və daha yaxşı dünya naminə sistem dəyişikliyinə nail olaq”.
Hesabat müəllifləri bildiriblər ki, açıq mənbələrin tədqiqi (OSINT) nəticəsində müəyyən edilib ki, bu “koalisiyalar” Azərbaycanda konkret cinayətə görə həbs olunmuş bir şəxsin yaxın ətrafı tərəfindən süni şəkildə formalaşdırılıb.
“Bu koalisiyaların fəaliyyətləri və tələbləri Azərbaycanın daxili işlərinə birbaşa müdaxilə cəhdi hesab edilə bilər”- hesabatda bildirilib.
Bundan başqa hesabatda qeyd olunur ki, Ermənistan COP29 tədbirinin Azərbaycanda keçirilməsinə rəsmən razılıq versə də, arxa planda həmişə Azərbaycana qarşı bütün platformalarda əks-təbliğat aparıb: “İqlim konfransına aidiyyəti olmayan məsələləri qabardır, süni gərginlik yaratmağa və Azərbaycanın beynəlxalq nüfuzunu zədələməyə cəhdlər göstərir. Əgər ilk vaxtlar və sonrakı mərhələdə COP29-la heç bir əlaqəsi olmayan sülh danışıqları, sülh müqaviləsi, hərbi cinayətlər törətmiş şəxslərin azad edilməsi məsələləri süni surətdə gündəmə gətirilirdisə, son vaxtlar Ermənistan rəsmiləri tərəfindən tez-tez “Azərbaycan Ermənistana qarşı gələcək eskalasiyanı qanuniləşdirmək üçün COP29-dan istifadə edəcək” tezisindən istifadə edildiyini görmək olur”.
2023-cü ilin martından “Rasmussen Global” Aİ-dən bir sıra sabiq vəzifəliləri "Ermənistanın dostları şəbəkəsi"nə cəlb edərək Ermənistan hökumətinə lobbiçilik xidməti göstərir.
Daha bir maraqlı məqam. COP29-a qarşı neqativ kampaniyanın sürətlənməsinin səbəblərindən biri də zəngin iş adamları tərəfindən PR və mənfi imic formalaşdırmaq sahəsində təcrübəsi olan şirkətlərin bu işə cəlb edilməsi olub.
Komissiyada aparılan araşdırma nəticəsində bəlli olub ki, David Vardanyan (Ruben Vardanyanın oğlu) və Nubar Afeyan kimi zəngin iş adamları Azərbaycana qarşı kampaniyada maliyyə resurslarından və şəxsi əlaqələrindən maksimum istifadə edərək hibrid hücumlar təşkil edirlər: “Vardanyan və Afeyan cütlüyünün antiAzərbaycan kampaniyasındakı taktikası tanınmış PR şirkətlərini, Hollivud ulduzlarını, Amerikanın zəngin iş adamlarını və nüfuzlu ailələrini, habelə dövlət rəsmilərini müəyyən layihələrə cəlb etmək üzərində qurulub. Onlar insanların etibarından sui-istifadə edərək, Avrora Humanitar Təşəbbüs Fondu və təsis etdikləri “Avrora” mükafatı vasitəsilə xeyriyyə tədbirləri adı altında öz məkrli fəaliyyətini həyata keçirirlər".
Buna misal olaraq hesabatda Klintonlar ailəsinin üzvü olan Çelsi Klintonu “Avrora” mükafatının Seçim komitəsinə üzv qəbul edilməsi göstərilib və qeyd olunub ki, seçim komitəsinin bir sıra üzvləri COP29 və Azərbaycan əleyhinə fəaliyyətlə məşğul olurlar.
Milli Məclisin hazırladığı hesabatda qeyd olunur ki, Vardanyanlar ailəsi bu işlərinə adı bir sıra qalmaqallarda çəkilən “Edelman” PR şirkətini və “Perseus Strategies” hüquq firmasını cəlb edib:
““Edelman” şirkəti #FreeRubenVardanyan və #FreeArmenianPrisoners həştəqləri yaradaraq sosial media kampaniyası aparır. Onların məqsədi dünya miqyasında dəstək əldə etməklə, petisiyalar və məktublar formasında təzyiq göstərməklə, müxtəlif rəsmiləri, özəl təşkilatları və media qurumlarını cəlb etməklə Azərbaycana qarşı kütləvi hücumlar təşkil etməkdir. Yaratdıqları www.freearmenianprisoners.com saytında inandırıcı görünməsi üçün Azərbaycan da daxil olmaqla, guya 109 ölkədən Ruben Vardanyan kampaniyasına dəstək verildiyi görüntüsünü yaradırlar. Sadəcə, ölkələrin adlarını və uydurma insan adlarını yazmaqla kütləvilik olduğunu göstərmək istəyirlər”.
Hesabatda bildirilir ki, Ruben Vardanyan və digər erməni liderlər Azərbaycanda siyasi məhbus kimi bir illiklərini qeyd edirlər” adlı müraciətdə “Edelman” şirkətinin hansı dövlətlər və təşkilatlarla işlədiyi açıq-aydın ortaya qoyulur: “Bu məsələdə Vardanyan ailəsinə Fransanın Havas PR şirkəti də ayrıca dəstək verir. Yeri gəlmişkən, adı bir çox qalmaqallarda hallandırılan “Edelman” şirkəti ilə bağlı maraqlı bir fakt isə “The Guardian” tərəfindən aparılan araşdırmada sübut edildiyi kimi, 10 il öncə onun iqlim dəyişikliyini, qlobal istiləşməni inkar edən şirkətlərə xidmət göstərməsi olub”.
“Perseus Strategies”ə və rəhbəri Cared Genserə gəldikdə isə o, Vardanyanlar ailəsinin hüquq məsləhətçisi kimi apardığı anti-Azərbaycan fəaliyyətlə yanaşı, yaradıcısı olduğu “Freedom Now” beynəlxalq insan hüquqları QHT-si vasitəsilə ölkəmizə qarşı geniş kampaniya aparır.
“Freedom Now” digər “məşhur” QHT-lərlə birləşərək dayanmadan anti-COP və anti-Azərbaycan fəaliyyəti ilə məşğul olur. Foto-faktlarda deyilənlər təsdiqini tapır” – hesabatda qeyd olunur.
Milli Məclisin hazırladığı hesabatda digər maraqlı bir fakt isə Beynəlxalq Cinayət Məhkəməsinin ilk prokuroru olan argentinalı Luis Moreno Okampo ilə bağlıdır: “O, İnsan Hüquqları üzrə Raul Vallenberq Mərkəzinin Beynəlxalq Hüquqi Məşvərət Şurasının üzvüdür. Təşkilatın Amerika üzrə sədri isə “Perseus Strategies”in rəhbəri Cared Genserdir. Eyni zamanda, Argentinadan olan “El Armenio” ləqəbli erməni əsilli milyarder Eduardo Ernekiyan isə Vallenbergin adını daşıyan Beynəlxalq Raul Vallenberq Fondunun sədridir”.
Sənəddə bildirilir ki, hər iki təşkilat arasında ad oxşarlığından savayı, rəhbər şəxslər arasında da sıx münasibətlər mövcuddur.
“Okamponun Ernekiyanla həmyerli olması isə şübhələri bir qədər də artırır. 38 O, təkcə son bir ay ərzində “X” səhifəsində Azərbaycana və COP29-a qarşı 120-dən çox qərəzli paylaşım edib. Ehtimal edilir ki, Okamponun Azərbaycana və COP29-a qarşı beynəlxalq tədbirlərdə və mediada, o cümlədən sosial mediada çox aqressiv fəaliyyət göstərməsinin, ölkəmizə qarşı qərəzli hesabat hazırlamasının arxasında məhz bu əlaqələr dayanır”.
Hesabatda qeyd olunub ki, sosial media üzərindən əlaqələndirilmiş şəkildə aparılan kampaniyada bir sıra həştəqlərdən istifadə olunub: “Əsasən #COP29, #COPOUT29, #COP29EXPOSED, #COP29Exposed, #BoycottCOP29, #ProtestCOP29!, #FreeRubenVardanyan, #FreeArmenianPrisoners, #FreeArmenianHostages, #EndTheGagRule, #Greenwashing, #StopGreenwashGenocide, #StopWhitewashGenocide və başqa həştəqlərin təhlili göstərir ki, kampaniya vahid mərkəzdən, xüsusən də erməni əsilli şəxslərə bağlı olan profillər vasitəsilə aparılır”.
Hesabatın ANCA ilə bağlı hissəsində artıq qeyd edilib ki, əksər profillərin koordinasiya olunmuş və kütləvi şəkildə saxta hesablardan istifadə etməsi faktları müşahidə edilib: “Saxta profillər COP29-la bağlı edilən paylaşımlara eyni anda, eyni məzmunlu avtomatlaşdırılmış cavablar yerləşdirərək bot sistemləri vasitəsilə məzmun manipulyasiyası həyata keçirir və beləliklə də, ictimai rəyi çaşdırmağa yönəlmiş hərəkətlər edirlər”.
Senzor.az xatırladır ki, Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası parlamentin payız sessiyasının bu ilin 30 senytabrında keçirilən ilk iclasında yaradılıb.
Ramid Namazov Komissiyanın sədri, Əminə Ağazadə, Kamran Bayramov, Nurlan Həsənov, Qaya Məmmədov, Sevil Mikayılova, Rasim Musabəyov, Gülşən Paşayeva və Zaur Şükürov Komissiyanın üzvləri seçiliblər.