Azərbaycan qlobal geosiyasətdə müstəqil və güclü aktor kimi mövqelərini sürətlə möhkəmləndirməyə davam edir. Rəsmi Bakı elə bir addım atmaq ərəfəsindədir ki, bu addım təkcə regionda deyil, ondan çox-çox uzaqlarda da qüvvələr balansını dəyişə bilər.
Söhbət Bakının “İbrahim sazişləri”nə qoşulmasından gedir - bu, İslam dünyası ilə İsrail arasında yaxınlaşmanın rəmzinə çevrilmiş iddialı təşəbbüsdür.
Perspektiv artıq siyasi analitiklər və diplomatlar arasında geniş müzakirələrə səbəb olub. Əgər sözügedən addım atılarsa, bu, sadəcə diplomatik qərar deyil, tam mənada geosiyasi zəlzələ olacaq - reallığın dəyişdiyini, ideoloji dogmaların isə milli maraqlar naminə geri çəkildiyini göstərən tarixi hadisə kimi dəyərləndiriləcək.
Fevralın 18-də Qüdsdə Azərbaycanın Prezidentinin köməkçisi Hikmət Hacıyevin İsrailin Baş naziri Benyamin Netanyahuyla görüşü baş tutub. “The Jerusalem Post” nəşrinin vurğuladığı kimi, bu görüşdə ikitərəfli əməkdaşlığın əsas aspektləri müzakirə edilib və ehtimal ki, Azərbaycanın “İbrahim sazişləri”nə mümkün qoşulması məsələsi də qeyri-rəsmi müzakirə olunub.
Bu diplomatik görüşün əhəmiyyətini başa düşmək üçün onun kontekstinə diqqət yetirmək lazımdır. Yalnız iki gün öncə Netanyahunun ABŞ-ın dövlət katibi Marko Rubio ilə mühüm görüş keçirdiyini nəzərə alsaq, proseslərin necə sürətlə inkişaf etdiyini və Azərbaycanın regional siyasətdə hansı dərəcədə mərkəzi fiqura çevrildiyini görmək mümkündür. Vaşinqton və Təl-Əviv Bakını artıq sadəcə mühüm tərəfdaş kimi deyil, regionun gələcəyini müəyyənləşdirən strateji aktor kimi nəzərdən keçirirlər.
İsrail hökumətinin yüksək vəzifəli rəsmisi “The Jerusalem Post” qəzetinə verdiyi açıqlamada Azərbaycanın İslam dünyasında İsrailin ən etibarlı tərəfdaşlarından biri olduğunu vurğulayıb. Bu, diplomatik nəzakət çərçivəsində deyilmiş ifadə deyil, siyasi reallığın əksidir. Bakı öz suveren xarici siyasətini praqmatik yanaşma üzərində quraraq, münasibətləri üçüncü qüvvələrin diktəsi ilə deyil, qarşılıqlı maraqlar əsasında tənzimləyir.
Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması təkcə diplomatik addım kimi dəyərləndirilə bilməz. Bu, bütöv bir regionun geosiyasi memarlığını yenidən formalaşdıran mühüm dönüş nöqtəsi olacaq. Bu qərar Bakıya yeni investisiya imkanları açacaq, Qərb və İsraillə hərbi-texniki əməkdaşlığı daha da dərinləşdirəcək və ölkənin Şərq ilə Qərb arasında mühüm strateji mərkəz kimi mövqeyini gücləndirəcək.
Əsas sual Azərbaycanın bu istiqamətdə necə irəliləyəcəyi və bunun uzunmüddətli nəticələrinin nədən ibarət olacağıdır.
Bir məsələ şübhəsizdir: əgər Bakı bu tarixi addımı atmağa qərar versə, bu, sadəcə diplomatik manevr deyil, Azərbaycanın beynəlxalq siyasətdə yeni yerini elan edən bəyanat olacaq.
“İbrahim sazişləri” XXI əsrin ən mühüm diplomatik təşəbbüslərindən biri kimi Yaxın Şərq və Şimali Afrikada qüvvələr balansını dəyişib. İsraillə bir sıra müsəlman dövlətləri arasında münasibətlərin normallaşması yalnız regional sabitlik üçün yeni perspektivlər açmayıb, eyni zamanda, qlobal iqtisadiyyata, siyasətə və təhlükəsizlik məsələlərinə də ciddi təsir göstərib. 2020-ci ildə ilkin razılaşmalar imzalandıqdan sonra bu prosesə qoşulan ölkələr ticarət, investisiya, hərbi əməkdaşlıq, texnologiyalar və turizm sahələrində əhəmiyyətli irəliləyişlər əldə ediblər. Razılaşmalar Fələstin məsələsi, regional rəqabət və ABŞ-ın rolu ilə bağlı bir sıra mübahisəli məqamları da gündəmə gətirib.
Uzun illər ərzində bir çox ərəb ölkəsi İsraili tanımaqdan imtina edərək, Fələstinin azadlığı ideyasını dəstəkləyib və Təl-Əvivin fələstinlilərə qarşı siyasətini pisləyib. Amma 2010-cu illərə doğru bölgədə baş verən ciddi dəyişikliklər bu mövqenin yenidən nəzərdən keçirilməsinə səbəb oldu.
Ərəb dövlətlərinin İsraillə əməkdaşlığa meyillənməsinin əsas səbəblərindən biri iqtisadi və texnoloji qazanc idi. İsrail dünya üzrə ən innovativ iqtisadiyyatlardan birinə malikdir və ərəb ölkələri kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, kibertəhlükəsizlik və müdafiə sahələrində onun qabaqcıl texnologiyalarından faydalanmaq istəyirdi.
Bəhs etdiyimiz yanaşmanı gücləndirən digər amil ABŞ-ın regiona marağının azalması idi. Vaşinqtonun Yaxın Şərq neftindən asılılığının azalması və diqqətini Çin və Sakit okean bölgəsinə yönəltməsi ərəb dövlətlərini yeni müttəfiqlər axtarmağa sövq etdi. Artıq təhlükəsizliyin təmin olunması üçün təkcə ABŞ-a arxalanmaq kifayət etmirdi və bu, regional əməkdaşlığı daha da aktuallaşdırdı.
Bütün bunlarla yanaşı, ərəb hökumətləri arasında Fələstin məsələsinə baxış tədricən dəyişirdi. Bir çox ölkələr üçün iqtisadi inkişaf və təhlükəsizlik prioritetə çevrildi, Fələstin məsələsi isə ikinci plana keçdi. Əvvəllər İsrailə münasibətdə vahid mövqe nümayiş etdirən ərəb ölkələri getdikcə daha çox praqmatik yanaşmaya üstünlük verməyə başladılar.
Məhz bu proseslər fonunda ABŞ-ın vasitəçiliyi ilə 2020-ci ilin avqustun 13-də İsrail və Birləşmiş Ərəb Əmirlikləri arasında ilk normallaşma razılaşması elan olundu. Ardınca anlaşmalara Bəhreyn, Sudan və Mərakeş də qoşuldu. Həmin ilin sentyabrın 15-də isə Ağ Evdə İsrail, BƏƏ və Bəhreyn arasında rəsmi imzalanma mərasimi baş tutdu. Dekabr ayında Mərakeş İsraillə ikitərəfli saziş imzaladı. 2021-ci ilin yanvarında isə Sudan İsraillə diplomatik münasibətləri normallaşdırmağa razılaşdı.
“İbrahim sazişləri”nin imzalanması İsrail və ərəb ölkələri arasında bir sıra strateji sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaratdı. Bu istiqamətlərdən biri iqtisadi və ticarət əlaqələrinin genişləndirilməsi idi. İsrail və BƏƏ arasında ticarət dövriyyəsi 2021-ci ildə 1,2 milyard dollar təşkil edirdisə, 2023-cü ilə qədər bu rəqəm 2,6 milyard dollara çatdı. BƏƏ İsrailin Yaxın Şərqdə üçüncü ən böyük ticarət tərəfdaşına çevrildi. İsrailin kənd təsərrüfatı texnologiyaları üzrə nəhəng şirkəti "Netafim" BƏƏ ilə 600 milyon dollarlıq müqavilə imzaladı. Mərakeşlə ticarət əlaqələri də sürətlə inkişaf etdi - 2021-ci ildə ikitərəfli ticarət dövriyyəsi 140% artdı. İsrail Mərakeşdə tikinti və enerji layihələrində fəal iştirak etməyə başladı.
Sazişlər, həmçinin, investisiya və infrastruktur sahəsində əməkdaşlıq üçün yeni imkanlar yaratdı. İsrail şirkətləri BƏƏ-də yaşıl enerji layihələrinə sərmayə qoydu, BƏƏ fondları isə İsrailin startaplarına maliyyə dəstəyi ayırdı. Əmirliklər İsraildə infrastruktur layihələrinə 10 milyard dollar investisiya ayıracağını elan etdi. Yaxın Şərq və Avropanı birləşdirən yeni nəqliyyat və logistika qovşaqları yaradıldı.
Turizm və mədəniyyət sahəsində də əməkdaşlıq diqqətçəkən şəkildə artdı. 2021-ci ildə 250 min israilli turist BƏƏ-yə səfər etdi. Təl-Əviv ilə Dubay, Rabat və Manama arasında birbaşa uçuşlar açıldı. BƏƏ-də ilk rəsmi yəhudi icması fəaliyyətə başladı.
Elmi və texnoloji sahədə əməkdaşlıq isə daha dərinləşdi. İsrail və ərəb ölkələri səhiyyə, su texnologiyaları və kibertəhlükəsizlik sahələrində birgə tədqiqatlara başladılar. İsrailin su texnologiyaları sahəsindəki yenilikləri, xüsusən də səhralaşmış bölgələrdə havadan su əldə etmə sistemləri, BƏƏ və Bəhreyn tərəfindən böyük maraqla qarşılandı.
Bütün bu dəyişikliklər “İbrahim sazişləri”nin yalnız diplomatik təşəbbüs deyil, həm də Yaxın Şərqdə güc balansını dəyişən fundamental geosiyasi hadisə olduğunu göstərir. Azərbaycanın bu sazişlərə potensial qoşulması isə regionun gələcəyini yenidən müəyyənləşdirə biləcək tarixi addım ola bilər.
Prosesin arxasında ABŞ mühüm rol oynadı. Xüsusilə Donald Tramp administrasiyası sazişləri “Yeni Yaxın Şərq” konsepsiyasının tərkib hissəsi kimi irəlilədərək, ərəb dövlətlərini İsraillə əməkdaşlığa təşviq etdi. Vaşinqton razılaşmalara qoşulan ölkələrə müəyyən güzəştlər təqdim etdi: məsələn, Sudan terrorizmi dəstəkləyən ölkələr siyahısından çıxarıldı, Mərakeş isə Qərbi Saxaranın üzərində suverenliyinin tanınmasına nail oldu.
Fəqət sazişlərin Fələstin məsələsinə təsiri birmənalı qarşılanmadı. Fələstin administrasiyası və HƏMAS sazişləri qəti şəkildə pisləyərək, onları “Fələstin xalqına xəyanət” adlandırdı. Bununla belə, iştirakçı dövlətlər İsraillə münasibətlərin normallaşmasının fələstinlilərin maraqlarını daha effektiv şəkildə qorumağa imkan yaradacağını iddia edirlər.
ABŞ bu təşəbbüsün daha geniş miqyasda inkişaf etdirilməsi üçün yeni addımlar atmaq niyyətindədir. 2022-ci ildə Vaşinqton Səudiyyə Ərəbistanı, İndoneziya və Omanı da bu razılaşmalara qoşulmağa dəvət etdi. Səudiyyə Ərəbistanı hələlik rəsmi şəkildə iştirak etməsə də, İsrailin aviareysləri üçün hava məkanını açaraq münasibətlərin yumşaldığını göstərdi.
Bəhs etdiyimiz sazişlərin gələcəyi bir neçə ssenari üzrə inkişaf edə bilər. İlk növbədə, onların əhatə dairəsinin genişlənməsi mümkündür. ABŞ Səudiyyə Ərəbistanı və İndoneziyanı bu prosesə cəlb etmək üçün danışıqları davam etdirir ki, bu da bölgədə yeni iqtisadi blokun formalaşmasına gətirib çıxara bilər. İkinci ssenari iqtisadi inteqrasiya və infrastruktur layihələrinin genişlənməsidir. Gözlənilir ki, razılaşmaya qoşulan ölkələr arasında investisiyalar artacaq, yeni enerji, nəqliyyat və texnologiya layihələri həyata keçiriləcək. Ancaq potensial risklər də qalmaqdadır. İsrail ilə Fələstin arasında davam edən gərginlik sazişlərin tam reallaşmasına mane ola bilər. Bəzi ölkələr isə daxili müxalifətin təzyiqi səbəbindən bu prosesdə iştirakını təxirə sala bilər.
Bu razılaşmalar göstərdi ki, Yaxın Şərqdə ideoloji fərqlər tədricən iqtisadi və strateji maraqlara tabe olur. “İbrahim sazişləri” beynəlxalq münasibətlərin yeni modelini təqdim edərək, iştirakçı ölkələrə geniş əməkdaşlıq imkanları açdı. Azərbaycanın bu təşəbbüsə mümkün qoşulması isə sadəcə mövcud münasibətlərin rəsmi təsdiqi deyil, Bakının regional və qlobal siyasətdəki rolunun yenidən dəyərləndirilməsi anlamına gələ bilər.
Vaşinqtonun Bakı-Təl-Əviv əməkdaşlığını gücləndirməkdə maraqlı olmasının bir neçə səbəbi var. ABŞ-ın Atlantika Şurasının son hesabatına əsasən, Azərbaycan Avropanın enerji təhlükəsizliyində və Mərkəzi Asiyanın yeni geosiyasi landşaftının formalaşmasında həlledici rol oynayır. İsrail isə Azərbaycanı regionda İran və Rusiyanın təsirini balanslaşdıra biləcək mühüm strateji tərəfdaş kimi görür. ABŞ üçün isə Bakı ilə münasibətlərin dərinləşdirilməsi İsraillə əməkdaşlıq modelinin uğurla tətbiq edildiyi bir nümunə kimi dəyərləndirilir.
Bu kontekstdə Azərbaycanın strateji əhəmiyyəti daha da artır. Ələlxüsus Orta Dəhliz layihəsi – Avropanı Asiya ilə birləşdirən, Rusiyadan və İrandan yan keçən tranzit marşrutu Vaşinqton və müttəfiqləri üçün böyük önəm daşıyır. İsrail, Azərbaycan və regionun digər ölkələri arasında əməkdaşlığın gücləndirilməsi Avropanın Rusiya enerjisinə asılılığını azaltmaqla yanaşı, ABŞ-ın iqtisadi təsir imkanlarını da genişləndirə bilər.
Azərbaycanın bu prosesə qoşulması iqtisadi sahədə də mühüm nəticələrə gətirib çıxara bilər. İsrailin Beqin-Sadat Strateji Araşdırmalar Mərkəzinin Azərbaycanın regional iqtisadi layihələrə inteqrasiyasına dair hesabatında Bakının bu sistemə daxil olması bir sıra üstünlüklər kimi qeyd olunur: enerji və infrastruktur sahəsində birgə investisiya layihələrinin inkişafı, süni intellekt və kibertəhlükəsizlik sahəsində texnoloji əməkdaşlığın gücləndirilməsi və ABŞ, İsrail, Mərakeş kimi dövlətlər arasında artıq mövcud olan üçtərəfli və çoxtərəfli tərəfdaşlıqlara yeni imkanların yaradılması.
Hərbi əməkdaşlıq da diqqət çəkən məqamlardan biridir. İsrail artıq Körfəz ölkələri ilə müdafiə sahəsində mühüm əlaqələr qurub və əgər Azərbaycan bu prosesə rəsmi şəkildə qoşulsa, bu, onun diplomatik və hərbi mövqelərini daha da gücləndirəcək.
Müəyyən siyasi maneələr də mövcuddur. Onlardan biri 1992-ci ildə ABŞ Konqresi tərəfindən qəbul edilən və Birləşmiş Ştatların Azərbaycana birbaşa yardım göstərməsinə məhdudiyyətlər qoyan "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişdir. Hərgah ABŞ, həqiqətən, Azərbaycanı “İbrahim sazişləri”nə daxil etməkdə maraqlıdırsa, bu hüquqi baryerlərin aradan qaldırılması mümkündür.
Bütün bu amilləri nəzərə alaraq, Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması, əgər baş verərsə, təkcə diplomatik akt kimi deyil, həm də yeni geosiyasi və iqtisadi eraya keçid kimi qiymətləndiriləcək. ABŞ və İsrail üçün bu, regionda təsir dairəsini genişləndirmək və Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaq imkanıdır. Bakı üçün isə bu addım enerji, texnologiya və müdafiə sahəsində yeni imkanlar açmaqla yanaşı, beynəlxalq mövqeyini möhkəmləndirə bilər. Azərbaycanın bu qərarı verməsi isə təkcə regional deyil, həm də qlobal güclər arasında yeni siyasi balansın formalaşmasına təsir göstərə biləcək tarixi hadisə ola bilər.
Azərbaycan “İbrahim sazişləri”nin tamhüquqlu iştirakçısına çevriləcəkmi? Bu sual hələ açıq qalır, lakin artıq indidən aydındır ki, Bakı regionun diplomatik mənzərəsində getdikcə daha mühüm rol oynayır. Azərbaycan təkcə İsrailin strateji tərəfdaşı deyil, eyni zamanda Yaxın Şərq və Mərkəzi Asiyada yeni təhlükəsizlik arxitekturasının açar oyunçularından birinə çevrilir. Əgər Bakı və Təl-Əviv arasındakı danışıqlar Azərbaycanın rəsmi olaraq bu formata qoşulması ilə nəticələnərsə, bu, regional güc balansını dəyişərək yeni iqtisadi və siyasi əməkdaşlıq imkanları yaradacaq. Hər bir halda, son ayların dinamikası Azərbaycanın qlobal aktor kimi mövqelərini möhkəmləndirdiyini, yeni alyanslar qurmaq və beynəlxalq gündəliyi formalaşdırmaq gücündə olduğunu göstərir.
Azərbaycanın “İbrahim sazişləri”nə potensial qoşulması iqtisadi inkişaf, regional liderlik və aparıcı qlobal güclərlə tərəfdaşlığın dərinləşdirilməsi baxımından yeni imkanlar açır. Cənubi Qafqazın əsas iqtisadi mərkəzlərindən biri və Avrasiya üçün vacib enerji habı olan Azərbaycan bu yeni diplomatik təşəbbüs çərçivəsində Yaxın Şərq, Avropa və Mərkəzi Asiya arasında mühüm əlaqələndirici mövqeyə sahib ola bilər.
Prosesin mərkəzində isə Azərbaycanın qlobal enerji bazarındakı rolu dayanır. Bakı Avropanın enerji təhlükəsizliyində əsas aktor olaraq çıxış edir və onun “İbrahim sazişləri”nin tərkibinə daxil edilməsi enerji resurslarının tədarükü üçün yeni imkanlar yarada bilər. 2023-cü ildə Azərbaycan 26,3 milyard kubmetr qaz ixrac edib, bunun təxminən 12 milyard kubmetri Avropa bazarına yönəldilib. Bakı-Tbilisi-Ceyhan neft kəməri Azərbaycan neftinin beynəlxalq bazarlara, o cümlədən Yaxın Şərq ölkələrinə çatdırılmasını təmin edir. Son bir ildə Azərbaycanın elektrik enerjisi ixracı isə 22% artıb.
Azərbaycanın “İbrahim sazişləri”nə qoşulması regional enerji əməkdaşlığını gücləndirə bilər. Xüsusilə, günəş və külək enerjisi sahəsində birgə investisiyalar və Azərbaycan qazının Şərqi Aralıq dənizi vasitəsilə yeni marşrutlarla ixracı müzakirə olunur. Bakı, Gürcüstan, Rumıniya və Macarıstanın iştirakı ilə yaradılan “Yaşıl Enerji Dəhlizi” layihəsi Azərbaycanın Avropaya elektrik enerjisi ixracını daha da artırmasını mümkün edəcək.
İqtisadi əməkdaşlıq sahəsində Azərbaycanın potensialı daha da genişdir. 2023-cü ildə Azərbaycanın Yaxın Şərq ölkələri ilə ticarət dövriyyəsi 4,5 milyard dolları ötüb. Bakı region ölkələrində logistika habları və nəqliyyat qovşaqları da daxil olmaqla, infrastruktur layihələrinə 1 milyard dollardan çox sərmayə qoyub. Azərbaycan, eyni zamanda, informasiya texnologiyaları, kənd təsərrüfatı və səhiyyə sahələrində ticarət əlaqələrini genişləndirir.
“İbrahim sazişləri”nə qoşulmaq Azərbaycanın investisiya imkanlarını da artıracaq. Bakı Yaxın Şərq İnkişaf Fondu kimi platformalara çıxış əldə edə bilər ki, bu da texnologiya və infrastruktur layihələrinə əlavə maliyyə resursları cəlb edilməsi deməkdir. Bundan əlavə, Azərbaycan Orta Dəhliz layihəsi çərçivəsində Avropa ilə Asiya arasında alternativ nəqliyyat marşrutunun inkişafında əsas aktor rolunu oynaya bilər. Son illərdə Körfəz ölkələri logistika sahəsinə aktiv sərmayə yatırır və Azərbaycan “İbrahim sazişləri”nin iqtisadi mexanizminə inteqrasiya edərsə, limanlar, dəmir yolları və yük daşımaları sahəsində yeni layihələrin həyata keçirilməsi mümkün olar.
Azərbaycan texnologiya və innovasiyalar sahəsində də əməkdaşlığını genişləndirir. Bakı rəqəmsal iqtisadiyyat, kibertəhlükəsizlik, aqrotexnologiyalar və səhiyyə innovasiyaları üzrə potensialını artırır və Yaxın Şərqdəki aparıcı texnoloji mərkəzlərlə tərəfdaşlıq bu sahədə modernləşmə prosesini daha da sürətləndirə bilər. Bank sektorunda blokçeyn və rəqəmsal ödənişlər sahəsində birgə layihələr inkişaf etdirilə bilər. Kənd təsərrüfatında pilotsuz uçuş aparatları və avtomatlaşdırılmış suvarma sistemlərinin tətbiqi Azərbaycanın ərzaq təhlükəsizliyi siyasətinə töhfə verə bilər. Səhiyyə sahəsində isə biotexnologiya və yeni tədqiqat layihələri üzrə əməkdaşlıq genişləndirilə bilər.
Azərbaycan artıq GITEX və "Future Tech" kimi beynəlxalq texnologiya forumlarında iştirak edərək, innovativ həllərin tətbiqi və yeni investorların cəlb edilməsi istiqamətində fəal addımlar atır. Azərbaycanın bu proseslərə qoşulması ölkənin texnologiya sahəsindəki imkanlarını daha da genişləndirə və onu yeni regional innovasiya mərkəzinə çevirə bilər.
Bütün bu faktorlar göstərir ki, Azərbaycanın “İbrahim sazişləri”nin rəsmi iştirakçısı olması təkcə diplomatik qərar deyil, həm də geniş iqtisadi, enerji və texnoloji əməkdaşlıq perspektivləri olan strateji addım ola bilər. Azərbaycanın qlobal mövqeyinin gücləndirilməsi istiqamətində atılacaq bu addım, eyni zamanda, regionun gələcək siyasi və iqtisadi xəritəsini formalaşdıracaq.
Azərbaycanın “İbrahim sazişləri” çərçivəsində gələcək perspektivlərini nəzərə alaraq, münasibətlərin inkişaf dinamikasına əsasən bir neçə mümkün ssenari irəli sürmək olar.
Birinci ssenari Azərbaycanın 2025–2026-cı illərdə “İbrahim sazişləri”nə rəsmi qoşulmasını nəzərdə tutur. Bu halda Bakı rəsmi olaraq sazişlərin tamhüquqlu iştirakçısına çevriləcək, bu isə genişlənmiş iqtisadi əməkdaşlığa, yeni infrastruktur layihələrinə və diplomatik əlaqələrin dərinləşməsinə yol açacaq. Bu prosesin nəticəsi olaraq, Azərbaycanın bu ölkələrlə ticarət dövriyyəsi 6 milyard dolları ötə bilər. Alternativ enerji və texnologiya sahəsində birgə layihələrə yatırılan investisiyalar 2 milyard dollara çata bilər. Bakı, eyni zamanda, Orta Dəhliz çərçivəsində nəqliyyat və logistika təşəbbüslərində daha fəal iştirak edərək Avropa və Asiya arasında əsas bağlantılardan birinə çevrilə bilər.
İkinci ssenari Azərbaycanın rəsmi şəkildə sazişlərə qoşulmadan, lakin iqtisadi və texnoloji inteqrasiyasını dərinləşdirərək, strateji tərəfdaşlığını genişləndirməsini nəzərdə tutur. Bu halda Bakı ticarət və investisiya layihələrini ikitərəfli razılaşmalar çərçivəsində inkişaf etdirərək diplomatik neytrallığını və manevr imkanlarını qoruyub saxlayacaq. Belə bir yanaşma Azərbaycanın yeni sərmayələri cəlb etməsinə və infrastruktur layihələrini inkişaf etdirməsinə imkan yarada bilər.
Üçüncü ssenari Azərbaycanın mövcud əməkdaşlıq səviyyəsini saxlamasıdır. Bu halda Bakı indiki iqtisadi və diplomatik formatlardan kənara çıxmayacaq və əməkdaşlıq mövcud razılaşmalar çərçivəsində davam edəcək. Bununla belə, bu variant Azərbaycanın regionda genişlənən iqtisadi imkanlardan və yeni investisiya axınlarından tam yararlanmasına mane ola bilər.
Ssenarilər fonunda Azərbaycanın regional və qlobal siyasətdə çəkisinin artdığı açıq-aşkar görünür. Bakı təkcə Cənubi Qafqazın deyil, bütövlükdə Avrasiya məkanının enerji, logistika və texnologiya mərkəzlərindən birinə çevrilməkdədir. Azərbaycanın “İbrahim sazişləri”nə rəsmi və ya qeyri-rəsmi şəkildə inteqrasiyası ölkəyə yeni sərmayə imkanları, ticarət həcminin artması, regional nəqliyyat və enerji şəbəkələrində mövqeyinin möhkəmlənməsi və innovasiya sahəsində tərəfdaşlıqların genişlənməsi kimi üstünlüklər qazandıra bilər. Bakı həmçinin tədarük bazarlarını diversifikasiya edərək enerji ixracında yeni marşrutlar və tərəfdaşlar əldə edə bilər.
Azərbaycanın bu sazişlərə rəsmi olaraq qoşulub-qoşulmayacağı hələlik tam bəlli olmasa da, artıq aydındır ki, Bakı regional və qlobal iqtisadi-siyasi proseslərdə mövqelərini möhkəmləndirir. O, yeni əməkdaşlıq formatları yaradır və Cənubi Qafqazla yanaşı, bütün Yaxın Şərq və Mərkəzi Asiya üçün strateji oyunçuya çevrilməkdədir.