
İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sədri Əkrəm İmamoğluya qarşı irəli sürülən “casusluq” ittihamı ilə bağlı yeni detallar məlum olub.
Yerli KİV-in məlumatına görə, İstanbul Baş Prokurorluğu İmamoğlu və onun yaxın adamlarından hesab edilən Necati Özkan barəsində “casusluq” ittihamı ilə cinayət işi başladıb.
Eyni istintaq çərçivəsində TELE1 televiziyasının baş redaktoru Mərdan Yanardağ saxlanılıb. Onun ofisində axtarış aparılıb.
Baş Prokurorluğun açıqlamasına görə, istintaq “xarici ölkələrə agentlik fəaliyyəti göstərdiyi” iddia edilən və 4 iyulda həbs olunmuş Hüseyn Günlə bağlı araşdırmaya görə başladılıb. Onun elektron daşıyıcılarında “xüsusi və məxfi hərbi sursatların fotoları”, həmçinin İsrailin təhlükəsizlik qurumları ilə əlaqəsi olan şəxslərə aid pasport surətləri aşkar edilib.
Günün bank hesablarında 85 milyon lirəlik nağd pul çıxarışı müəyyən edilib, lakin bu məbləğin istifadəsinə dair heç bir alqı-satqı qeydinə rast gəlinməyib. Onun FETÖ və PKK üzvləri, eləcə də müxtəlif ölkələrin konsulluq əməkdaşları ilə əlaqələrinin olduğu iddia edilib.
“Wickr” vasitəsilə gizli yazışmalar
Araşdırma nəticəsində Hüseyn Günün “ByLock” proqramına oxşayan, yüksək səviyyədə şifrələnmiş “Wickr” adlı mobil tətbiqdən istifadə etdiyi və xarici kəşfiyyat əməkdaşları ilə yazışmalar apardığı məlum olub. Həmin yazışmalarda Türkiyədə vəzifə tutmuş iki keçmiş nazirin uzaqdan çəkilmiş fotolarının paylaşılması diqqət çəkib.
Prokurorluğun açıqlamasında bildirilir ki, Hüseyn Gün “Wickr” üzərindən Necati Özkanla mütəmadi əlaqə saxlayıb və ona “İmamoğlu üçün məlumat toplama, 70 min könüllünü aktivləşdirmə və Murad Ongunun telefonunun casus proqramla izlənməsi” barədə göstərişlər verib. İstintaq Günün bu şəbəkədə Necati Özkanın üzərində dayanan rəhbər fiqur olduğunu müəyyən edib.
Məlumatda qeyd edilir ki, İmamoğlunun rəhbərlik etdiyi qrupun məqsədi maddi qazanc əldə etməklə yanaşı, onun prezidentliyə namizədliyini maliyyələşdirmək üçün fond yaratmaq olub. İddiaya görə, 2019-cu il bələdiyyə seçkiləri zamanı seçicilərin şəxsi məlumatları sızdırılıb və bu məlumatlar xarici kəşfiyyat orqanları ilə paylaşılaraq seçki nəticələrinə təsir göstərmək cəhdinə yönəlib.
İstintaq çərçivəsində Mərdan Yanardağın da Hüseyn Günlə casusluq fəaliyyəti üzrə sıx əlaqələrinin olduğu və bu faktın şahid ifadələri ilə təsdiqləndiyi açıqlanıb. Yanardağın Gün vasitəsilə seçki dövründə media fəaliyyətini koordinasiya etdiyi və xarici kəşfiyyatla əməkdaşlıq etdiyi iddia edilir.
Prokurorluq bildirib ki, İmamoğlu və Necati Özkan bu ittihamla bağlı ifadə vermək üçün həbsdə olduqları müəssisədən gətiriləcək, Yanardağ isə evində və iş yerində aparılan axtarışlardan sonra saxlanılıb.
Açıqlamada vurğulanır ki, istintaq Milli Kəşfiyyat Təşkilatı (MİT) və İstanbul Polis İdarəsi ilə birgə “qətiyyətlə və geniş miqyasda” davam etdiriləcək.
Hadisə Türkiyədə böyük ictimai rezonans doğurub. Müxalifət təmsilçiləri bunu siyasi motivli təzyiq addımı, hökumətə yaxın dairələr isə dövlət təhlükəsizliyi məsələsi kimi qiymətləndirirlər.
**09:42

İstanbul bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu və daha iki nəfərə qarşı casusluqla bağlı istintaq başladılıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Baş Prokurorluğu məlumat yayıb.
Məlumata görə, E.İmamoğlu ilə yanaşı Necati Özkan və Merdan Yanardağa qarşı da casusluqla bağlı istintaq başladılıb. "TELE1"in baş redaktoru olan Merdan Yanardağ istintaq çərçivəsində saxlanılıb. Yanardağın evində və rəhbəri olduğu kanalda axtarışlar aparılır.
Prokurorluğun apardığı istintaqda xarici ölkələrə agentlik etdiyi təsbit olunan Hüseyn Günün rəqəmsal materiallarında gizli hərbi məlumatlar, xarici pasport fotoşəkilləri və təşkilatlarla əlaqələri aşkarlanıb.
İstintaq çərçivəsində Əkrəm İmamoğlu, Necati Özkan və Merdan Yanardağ barəsində "casusluq" və "mənfəət məqsədi daşıyan cinayət təşkilatı" ittihamları ilə məhkəmə prosesi başlayıb.