Qlobal ticarət sistemindəki genişmiqyaslı dəyişikliklərin, iqtisadi bloklar arasında artan rəqabətin və xammal bazarlarında davam edən struktur böhranların fonunda Avrasiya qitəsinin mərkəzində yerləşən üç ölkə - Azərbaycan, Qazaxıstan və Özbəkistan - təkcə iqtisadi sabitlik nümayiş etdirmədi, həm də öz maliyyə-iqtisadi sistemlərinin çevikliyə və adaptiv yetkinliyə çatdığını sübut etdilər.
"Moody’s" beynəlxalq reytinq agentliyinin son analitik hesabatı göstərir ki, adları sadalanan ölkələr institusional sabitlik, sistemli çeviklik və yüksək stressədavamlılıq mərhələsinə qədəm qoyublar.
Proses sadəcə, deklarativ niyyət deyil - hadisələr işlək və real təsirə malik antiböhran mexanizmləri sayəsində baş verib.
Son illərdə Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarında sözün əsl mənasında, makromaliyyə buferləri formalaşdırılıb. Söhbət təkcə valyuta ehtiyatlarından və ya stabilizasiya fondlarından yox, həm də böhranların qarşısını almağa yönəlmiş valyuta siyasətindən, inflyasiyanın cilovlanmasından, dollarlaşmanın azaldılmasından və korporativ borcların restrukturizasiyasından gedir.
Məsələn, 2015-ci ildə Azərbaycan və Qazaxıstan bank sistemlərində dollar depozitlərinin payı 70 faizə yaxın olduğu halda, ötən il məzkur göstərici müvafiq olaraq 41 və 45 faizə enib.
Müqayisə üçün qeyd edək ki, Gürcüstanda bu rəqəm 44 faizdir, Ermənistanda isə 26 faiz civarındadır - lakin Ermənistan regionun ən aşağı ÜDM göstəricisinə sahib ölkəsidir. 2014–2016-cı illərin valyuta və neft şoklarından sonra Azərbaycan və digər ölkələr monetar siyasətin memarlığını kökündən dəyişdirdi: valyuta dəhlizləri ləğv edildi, üzən məzənnə rejimi tətbiq olundu, ehtiyat norma tələbləri daha çevik və qabaqlayıcı xarakter aldı. Bu tədbirlər, nə qədər ağrılı olsa da, sonrakı maliyyə sağlamlaşdırmasının təməlini qoydu.
ABŞ və Çin arasında artan tarif qarşıdurması və Vaşinqtonun aqressiv fiskal siyasəti xammal bazarlarına güclü təzyiq göstərdi.
"Moody’s"in hesabatına görə, əgər OPEC+ hasilatın azaldılması kursuna qayıtmasa, bu səviyyənin yaxın aylarda da davam edəcəyi gözlənilir. Bu hal, xüsusilə, dövlət büdcəsinin 45–60 faizini neft-qaz gəlirləri təşkil edən Azərbaycan və Qazaxıstan üçün həssas məsələdir. Amma neft gəlirlərinin azalması iqtisadi dağılmaya gətirib çıxarmadı. Əksinə, ölkələr investisiya və kredit axınlarını qeyri-neft sektorlarına yönəltməyə nail oldular. Bu xüsusilə Özbəkistanda nəzərəçarpacaqdır - son beş ildə kənd təsərrüfatı, maşınqayırma və nəqliyyat infrastrukturuna bank kreditləri iki dəfədən çox artıb.
Qlobal şoklar region üçün gözlənilməz imkan pəncərələri də açdı. ABŞ və Çin arasında ticarət dövriyyəsinin azalması dünya korporasiyalarını alternativ marşrutlar və istehsal bazaları axtarmağa məcbur etdi. Bu kontekstdə Mərkəzi Asiyaya maraq kəskin şəkildə artdı.
"Moody’s" qeyd edir ki, Azərbaycan (Bakı–Tbilisi–Qars) və Qazaxıstan (Xorqos və Altynkol) dəmir yolu xətləri Avropa ilə Asiya arasında yeni tranzit arteriyalarına çevrilib. Son üç ildə Azərbaycan ərazisindən keçən tranzit yük daşımaları 38 faiz artıb, logistik xidmətlərin ÜDM-dəki payı 6 faizi ötüb. Bu artıq neftin tamamlayıcısı deyil - regionun yeni iqtisadi kimliyidir.
Bütün müsbət tendensiyalara baxmayaraq, risklər qalır.
"Moody’s" xəbərdarlıq edir: region üç əsas zərbəyə həssasdır - qlobal ticarət mühitinin pisləşməsi, valyuta dəyişkənliyi və sərmayə axınının zəifləməsi. Bu, xüsusilə, ixrac gəliri olmayan, lakin valyuta ilə borclanmış şirkətlər üçün təhlükəlidir. Azərbaycanda depozitlərin 41 faizi hələ də dollarda yerləşdirilib və manatın kəskin zəifləməsi problemli kreditlərin artmasına səbəb ola bilər. Özbəkistanda əks tendensiya müşahidə olunur: son iki ildə korporativ sektorda valyuta kreditlərinin payı 17 faiz azalıb. Qazaxıstan isə xüsusilə hasilat sənayesində risklərə qarşı hedcinq alətlərini tətbiq etməklə ixracatçı şirkətləri qorumağa çalışır.
Bununla yanaşı, inflyasiya təzyiqi artır. 2025-ci ilin birinci rübünün nəticələrinə görə, Azərbaycanda inflyasiya 8,4 faiz, Qazaxıstanda 10,1 faiz, Özbəkistanda isə 11,7 faiz təşkil edib.
Mərkəzi bankların faiz dərəcələrini artırması borclanmanı bahalaşdırıb və tikinti ilə pərakəndə ticarət sahələrində kreditləşməni daraldıb. Bankların kredit portfelləri dəyişir: riskli ipoteka kreditləri azalır, əvəzində dövlət dəstəyi olan korporativ layihələrə üstünlük verilir. Kreditləşmədən tam imtina yoxdur, sadəcə prioritetlər dəyişib - ixracat, logistika, enerji səmərəliliyi və infrastruktur maliyyələşdirilir. Bu struktur dəyişiklikləri bank sistemini spekulyativ qlobal dalğalanmalardan daha az asılı edir.
Pandemiyalar və qlobal iqtisadi parçalanmalar dövründə bir daha aydın oldu ki, iqtisadi dayanıqlıq yalnız sabitlik illərində deyil, məhz stres anlarında formalaşır. Moody’s-in fikrincə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın əvvəlki neft, valyuta və siyasi böhran təcrübəsi onlara institusional “immunitet” qazandırıb. Xüsusilə 2020-ci ildə neftin 40 dollara düşməsi belə bank sistemlərinin çöküşünə, hiperinflyasiyaya və kəskin devalvasiyaya gətirib çıxarmadı - bu, strateji dönüş nöqtəsi oldu.
Bu gün dəyişkən və təzyiqlərlə dolu qlobal iqtisadi mənzərədə Azərbaycan təkcə uyğunlaşmır, eyni zamanda çoxqatlı təzyiqlər - xammal, valyuta, infrastruktur və geosiyasi risklər - qarşısında öz müstəqil strategiyasını formalaşdırır.
"Moody’s"in dəyərləndirməsinə əsasən, Azərbaycan iqtisadiyyatı düşünülmüş makrosiyasi kursun timsalıdır - ölkə xarici təhdidlərdən imkanlar düzəldir, qlobal çağırışlardan güclənərək çıxır. Bu isə taktik yox, strateji bir transformasiyadır - böyümə və dayanıqlılıq modelinin əsaslı şəkildə yenidən qurulması deməkdir. Azərbaycanın yeni “nefti” artıq təkcə karbohidrogenlər deyil. Bu - logistika, sabitlik və böhranı dəyərə çevirə bilən strateji düşüncədir.
Son 8–10 il ərzində Azərbaycan yüksək dollarlaşma səviyyəsi ilə xarici xammal ixracatına dayanan kövrək iqtisadi modeldən uzaqlaşaraq makromaliyyə sabitliyi olan bir platformaya çevrilib.
Xüsusilə 2020-ci ildə, qlobal pandemiya və neftin bir barel üçün 40 dollara qədər ucuzlaşdığı şəraitdə ölkə nə bank sektorunun çökməsi, nə də kütləvi devalvasiya ilə üzləşdi. Əldə olunan əsas nailiyyətlər sırasında ilk növbədə dollarlaşmaya qarşı kursun uğurla davam etdirilməsi dayanır: 8 il ərzində əhalinin banklardakı valyuta əmanətlərinin payı 75 faizdən 41 faizə qədər azalıb. Hazırda ölkənin valyuta və suveren fond ehtiyatları 50 milyard dolları keçərək 20 aydan çox idxalı ödəməyə imkan verir.
Bank sektorunda isə 2015–2017-ci illərdəki böhrandan sonra zəif bankların sanasiyası həyata keçirilib, kredit risklərinə nəzarət gücləndirilib və Basel III standartları tətbiq olunub. Bundan əlavə, dollar gəliri olmayan şirkətlərə valyuta ilə kredit verilməsinə məhdudiyyətlər tətbiq edilib ki, bu da sistemik riskləri əhəmiyyətli dərəcədə azaldıb. Beləliklə, Azərbaycan neftə güclü inteqrasiya olunmuş iqtisadiyyat şəraitində belə bank sisteminin xammal bazarlarından asılılığını minimuma endirən nadir ölkələrdən birinə çevrilib.
"Moody’s"in qənaətinə görə, ABŞ-ın tətbiq etdiyi tariflərin Azərbaycana birbaşa təsiri son dərəcə məhduddur - çünki ABŞ-a ixrac ölkənin ümumi ixracının cəmi 0,6 faizini təşkil edir. Amma bu tariflərin dolayı təsiri - yəni qlobal ticarət axınlarının pozulması, makroiqtisadi mühitin zəifləməsi və maliyyə bazarlarında qeyri-müəyyənlik - ölkə üçün ciddi çətinliklər yarada bilər.
Əgər dünya üzrə neftə olan tələb azalarsa, bu, büdcəyə və əlaqəli sahələrdə investisiyalara zərbə vura bilər. Eyni zamanda neft qiymətlərinin yenidən aşağı düşməsi manata təzyiqi artıra və valyuta ilə borclanmış subyektlərin yükünü ağırlaşdıra bilər. Dövlət Neft Fondu və Mərkəzi Bankın buferləri hazırda bu təzyiqlərə qarşı yetərlidir, lakin inflyasiyanın 10 faizi keçməsi sosial sabitlik baxımından ciddi siqnal ola bilər.
Bununla belə, Azərbaycanın unikal üstünlüyü ondadır ki, o, artıq sadəcə karbohidrogenlərə arxalanan iqtisadiyyatdan çıxaraq, coğrafi və logistik imkanlara əsaslanan bir tranzit gücünə çevrilir. Bu isə strateji mahiyyət daşıyan keyfiyyət dəyişikliyidir və proses bu gün bizim gözümüz önündə baş verir.
Qlobal təchizat zəncirlərinin yenidən qurulduğu dövrdə Azərbaycan Çin ilə Avropa arasında yerləşən Orta Dəhlizin əsas halqalarından birinə çevrilib. Son üç ildə tranzit daşımalar 38 faiz artıb, logistika və ona bağlı xidmətlər artıq ÜDM-in 6 faizindən çoxunu təşkil edir.
Nəqliyyat, anbar və rəqəmsal infrastruktur sahələrinə bank kreditləşməsi fəallaşıb. Türkiyə, Çin və Avropa İttifaqından yeni investisiya dalğası gözlənilir. Azərbaycan sadəcə coğrafi mövqeyindən istifadə etmir - o, coğrafiyanı iqtisadiyyata çevirir və tranziti geosiyasi təsir rıçağına dönüştürür. Bu isə bank sektoru üçün Brent-in qiymətindən asılı olmayan tamamilə yeni bir bazar açır.
2026-cı ilə qədərki proqnozlara gəldikdə, bazar ssenarisinə görə (təxminən 55 faiz ehtimalla) Brent-in qiyməti 60–65 dollar səviyyəsində qalacaq, ÜDM-in artım tempi 3,5–3,7 faiz təşkil edəcək, manatın məzənnəsi 1.70–1.75 aralığında sabit qalacaq, inflyasiya 6–8 faiz səviyyəsində olacaq, qeyri-neft sektorunda isə, xüsusən logistika, kənd təsərrüfatı və tikinti sahələrində 5–6 faiz artım gözlənilir.
Mənfi ssenariyə (30 faiz ehtimalla) əsasən, neftin qiyməti 50–55 dollara qədər enə bilər, ixrac gəlirləri 15–20 faiz azalacaq, manatın məzənnəsinə təzyiqlər güclənəcək, inflyasiya 10 faizi ötə bilər, bank sektoru isə kreditləşməni müvəqqəti yavaşladaraq kiçik və orta biznes sahəsində problemli kreditlərlə üzləşə bilər.
Ən nikbin ssenaridə (15 faiz ehtimalla) qlobal ticarətə maneələrin aradan qaldırılması və xammal qiymətlərində artım baş verəcək, ÜDM artımı 4,5 faizi ötəcək, manat sabitləşəcək, inflyasiya 5 faizə qədər enəcək və qeyri-neft sektoruna birbaşa xarici investisiyalar güclənəcək.
Bu çətin qlobal konfiqurasiya fonunda Azərbaycan özünü həm maliyyə intizamını qoruyan, həm struktur islahatlar aparan, həm də geoiqtisadi istiqamətini yenidən müəyyən edən nadir ölkələr sırasında göstərir.
Qlobal ticarət və enerji marşrutlarının yenidən çəkildiyi bir vaxtda ölkə maliyyə müstəqilliyi, infrastruktur təşəbbüskarlığı və institusional möhkəmlənmə yolunu seçib. Bu isə onu bölgənin liderlərindən birinə çevirmək potensialı daşıyan strateji qərardır. Azərbaycanın yeni “nefti” artıq təkcə karbohidrogenlər deyil - bu, logistika, sabitlik və çağırışları iqtisadi dəyərə çevirmək bacarığıdır.
2025-ci ildə ticarət müharibələri və qlobal tələbatın azalması fonunda Azərbaycan, Qazaxıstan və Özbəkistan yeni iqtisadi mərhələyə artıq daha möhkəm mövqelər nümayiş etdirirlər.
SOCAR-ın aktivləri 7 milyard dolları ötür, Qazaxıstanın “Samruk-Kazına” fondu isə 10 milyard dollardan çox sərvəti idarə edir. Valyuta ehtiyatları da güclüdür - Qazaxıstanda 35 milyard dollar, Azərbaycanda isə Dövlət Neft Fondu daxil olmaqla ümumi ehtiyatlar 52 milyard dollardan artıqdır.
Xarici borcun ÜDM-ə nisbəti isə idarəolunan səviyyədə - cəmi 10–14 faiz civarındadır.
Bugünkü regional strategiyada ən önəmli dayaqlardan biri tranzit infrastrukturudur. Mərkəzi Asiya və Cənubi Qafqaz qlobal ticarət axınlarında yeni alternativ arteriyaya çevrilir və bu proses artıq sanksiyalara və tarif məhdudiyyətlərinə tabe olmadan baş verir.
"Moody’s" tərəfindən ayrıca vurğulanan infrastruktur mərkəzləri sırasına Xəzər istiqaməti (Bakı limanı və Ələt Azad İqtisadi Zonası), Transqazaxıstan dəmir yolu marşrutları (Xorqos və Kaspiy üzərindən keçən Orta Dəhliz) və Hindistanla Orta Şərqə çıxış potensialı olan Cənub dəhlizi (İran və Türkmənistan vasitəsilə) daxildir.
Tranzit axınının artması təkcə ixrac itkilərini kompensasiya etmir - bu, logistikadan tutmuş energetikaya, anbar və rəqəmsal infrastrukturdan sığorta xidmətlərinə qədər geniş sahələrdə bank kreditlərinə olan tələbatı artırır və real iqtisadi çoxaltma effekti yaradır.
"Moody’s"in region üzrə modelləşdirdiyi üç ssenariyə əsasən, optimist ssenariyə görə (OPEC+ hasilatı məhdudlaşdırmağa qayıdarsa, ticarət münaqişələri səngiyərsə) investisiya fəallığı bərpa olunacaq və bu zaman Azərbaycanın ÜDM artımı 3,5 faiz, Qazaxıstanın 4,2 faiz, Özbəkistanın isə 5,8 faiz olacaq. Orta ssenaridə neftin qiyməti 60–65 dollar civarında stabilləşəcək, bank sektorunda dollarlaşma idarəolunan səviyyədə qalacaq, lakin iqtisadi artım tempində yavaşlama müşahidə olunacaq və dövlət stimullaşdırmasına asılılıq artacaq.
Mənfi ssenaridə isə tarif münaqişələrinin kəskinləşməsi, neftin qiymətinin 50 dollara və daha aşağıya düşməsi, sərmayə axınının dayanması və inflyasiyanın yüksəlməsi baş verəcək, nəticədə valyuta bazarlarında qeyri-sabitlik yaranacaq və bank aktivlərinin keyfiyyəti pisləşəcək.
"Moody’s"in əsas tövsiyəsi ölkələrə belədir: iqtisadiyyatın şaxələndirilməsini davam etdirmək, valyuta risklərini minimuma endirmək, zəif sektorlar üzrə borcalanlara nəzarəti gücləndirmək və qeyri-xammal ixracının payını artırmaq lazımdır.
Qeyd edək ki, agentlik regionun heç bir ölkəsini ideallaşdırmır, lakin onların institusional yetkinliyə çatdıqlarını etiraf edir. Bank sistemləri qeyri-müəyyənlik şəraitində işləməyi öyrənib, korporativ sektor artıq xammal gəlirlərindən tam asılı deyil və hökumətlər, müxtəlif uğur səviyyələrində olsa da, böhrana qarşı idarəetmə mexanizmlərini tətbiq edirlər.
Bir vaxtlar panika ilə reaksiya verilən durumlara bu gün struktur islahatları, büdcə səfərbərliyi və uzunmüddətli logistik aktivlərə yönəlmiş kurs cavab verir. Böyük güclər arasında gedən geoiqtisadi müharibə bu ölkələr üçün sürətli və məcburi transformasiya imkanı yaradıb - və görünür ki, onlar bu imkandan istifadə etməyə başlayıblar. Artıq region sadəcə Çin, Rusiya və Avropa İttifaqı arasında yerləşən “bufer” deyil - bu, qlobal inteqrasiya ilə lokal dayanıqlıq arasında riskli, lakin kifayət qədər real tarazlığı qorumağı bacaran müstəqil bir geoiqtisadi oyunçudur. Və bu mövqe, bütün təhdidlərə baxmayaraq, göründüyündən qat-qat daha möhkəmdir.