Aprelin 21-nə keçən gecə, “Pasxa atəşkəsi” başa çatdıqdan dərhal sonra Rusiya Ukraynaya kamikadze dronları və raketlərlə hücum edib.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bu barədə Ukrayna Hava Qüvvələri məlumat yayıb.
Məlumata görə, Çerniqov, Sumı, Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində həyəcan siqnalları işə düşüb.
Bundan başqa, Ukrayna ordusu Rusiya təyyarələrinin bombalar atması və Sumı və Xarkov vilayətlərində hədəflərə raket zərbələri endirilməsi təhlükəsi barədə xəbərdarlıq edib.
Nikolayev şəhəri də raket atəşinə tutulub. Şəhər meri Aleksandr Senkeviçin sözlərinə görə, zərbələr nəticəsində tələfat və dağıntı qeydə alınmayıb. Partlayışlar Çerkassk, Xerson və Odessa vilayətində də baş verib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində 19 aprel saat 18:00-dan “Pasxa atəşkəsi” elan etmişdi. Atəşkəs 21 aprelə keçən gecə başa çatıb.