Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi III oxunuşda müzakirəyə çıxarılıb.
Senzor.az-ın xəbərinə görə, layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.
Sənədə əsasən, işğaldan azad olunmuş ərazilərdə, ölkə sərhədlərinin toxunulmazlığının təmin edilməsi və mühafizəsi, ordunun hərbi sursat və maddi-texniki təchizatının müasirləşdirilməsi istiqamətində əlavə tədbir və layihələrin icrası üçün zəruri maliyyə təminatının yaradılması xüsusi əhəmiyyət daşıyır. Bunlar nəzərə alınaraq, ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin güləndirilməsi üçün əlavə 1105,0 milyon manat vəsait tələb olunur. Cari ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 3000,0 milyon manat vəsait nəzərdə tutulub. Böyük Qayıdışa dair I Dövlət Proqramı ilə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsi üçün 2260,0 milyon manat əlavə vəsaitin cəlb edilməsinə zərurət yaradıb.
Yenidən baxılmış 2023-cü ilin dövlət büdcəsinin əsas parametrləri ilə bağlı məlumata əsasən, dövlət büdcəsinin gəlirləri təsdiq olunmuş 30774,0 milyon manata qarşı 3005,0 milyon manat və ya 9,8 faiz artırılaraq 33779,5 milyon manat təşkil edəcək. Dövlət büdcəsinin təsdiq olunmuş 33353,3 milyon manat məbləğində xərcləri 3215,5 milyon manat və ya 9,6 faiz artırılaraq 36568,8 milyon manata çatdırılacaq. Dövlət büdcəsinin kəsiri təsdiq olunmuş 2579,3 milyon manata qarşı 210,0 milyon manat və ya 8,1 faiz artırılaraq 2789,3 milyon manat olacaq.
2023-cü il dövlət büdcəsinin kəsiri 210,0 milyon manat artırılaraq 2789,3 milyon manat məbləğinə çatdırılır. Kəsirin cari ilin sonuna gözlənilən ümumi daxili məhsula nisbəti 2,5 faiz həcmində olacaq.
Yenidən baxılmış 2023-cü il icmal büdcənin gəlirləri 42949,1 milyon manat proqnozlaşdırılır və bu təsdiq olunmuş göstəriciyə nisbətən 9923,4 milyon manat və ya 30 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 41213,9 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 3244,5 milyon manat və ya 8,5 faiz çoxdur. İcmal büdcə 4943,6 milyon manat kəsirlə proqnozlaşdırılsa da, 6678,9 milyon manat əlavə gəlirlər hesabına 1735,3 milyon manat profisit yaranacaq.
Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
**11:09
Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb.
Senzor.az xəbər verir ki, Sahibə Qafarovanın sədrli ilə keçirilən iclasın gündəliyinə 13 məsələnin müzakirəsi daxil edilib.
Həmin məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
2. “Dövlət sosial müdafiə fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
3. “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
4. “Azərbaycan Respublikası Milli Məclisinin 2023-cü il üçün xərclər smetası haqqında” Milli Məclisin 2022-ci il 9 dekabr tarixli 688-VIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə Milli Məclisin qərar layihəsi
5. “Saxta əmtəə nişanlarının və coğrafi göstəricilərin istifadəsinin qabaqlanması və qarşısının alınması üzrə MDB iştirakçısı dövlətlərinin əməkdaşlığı haqqında Saziş”in təsdiqi və “Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında Azərbaycan Respublikasının Hökuməti adından imzalanmış “Yalançı əmtəə nişanlarından və coğrafi göstəricilərdən istifadənin qarşısının alınması və kökünün kəsilməsi tədbirləri haqqında” Sazişin təsdiq edilməsi barədə” qanunun ləğv edilməsi haqqında qanun layihəsi
6. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş)
7. “Gömrük tarifi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)
8. “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
9. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
10. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)
11. “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
12. “Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş)
13. “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş).